Vətəndaşlar yenidən nağd ödənişlərə qayıda bilər – İqtisadçıdan xəbərdarlıqbackend

Vətəndaşlar yenidən nağd ödənişlərə qayıda bilər – İqtisadçıdan xəbərdarlıq

Bank kartları ilə kartdan-karta əməliyyatlara tətbiq edilən yeni limit cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Avqustun 1-dən qüvvəyə minən qaydalara əsasən, vətəndaşlar gün ərzində maksimum 5 mədaxil və 5 köçürmə əməliyyatı həyata keçirə biləcəklər. Məhdudiyyətin əsas məqsədinin qeyri-qanuni maliyyə əməliyyatlarının və vergidən yayınma hallarının qarşısını almaq olduğu bildirilsə də, ekspertlər bu qərarın gündəlik ödəniş vərdişlərinə və nağdsız hesablaşmaların inkişafına mümkün təsirləri ilə bağlı fərqli mövqelər səsləndirirlər.

Bəs yeni limit vətəndaşları yenidən nağd ödənişlərə üstünlük verməyə məcbur edəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, tətbiq olunan məhdudiyyət ilk növbədə qeyri-qanuni pul dövriyyəsinin və vergidən yayınma hallarının qarşısını almağa hesablanıb.

Qeyri-neft sektorunda ixrac azalır-SƏBƏBLƏR

Onun sözlərinə görə, adi vətəndaş üçün gün ərzində 5 dəfə kartdan-karta pul köçürməsi əksər hallarda kifayət etsə də, qərar bəzi sahələrdə və sosial münasibətlərdə müəyyən çətinliklər yarada bilər.

“Burada əsas məqsəd müxtəlif şübhəli maliyyə əməliyyatlarını nəzarət altına almaqdır. Bir vətəndaş üçün gün ərzində 5 dəfə kartdan-karta pul köçürməsi ciddi məhdudiyyət kimi görünməyə bilər. Lakin biznes subyektlərinin vergidən yayınmasının və qeyri-qanuni pul dövriyyəsinin qarşısını almaq məqsədilə atılan bu addım insanların gündəlik maliyyə davranışlarına da mənfi təsir göstərə bilər”, – deyə iqtisadçı bildirib.

R.Abbasbəylinin fikrincə, yeni qayda xüsusilə kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün problemlər yarada bilər.

“Kənd təsərrüfatı ilə məşğul olan şəxslər məhsullarını çox vaxt şəxsi münasibətlər çərçivəsində alıb-satırlar və ödənişlər əsasən kartdan-karta köçürmələr vasitəsilə həyata keçirilir. Məhdudiyyət onların maliyyə münasibətlərinə və gəlirlərinə mənfi təsir göstərə bilər”, – deyə o vurğulayıb.

İqtisadçı hesab edir ki, bu qərar nəticəsində vətəndaşlar yenidən nağd ödənişlərə üstünlük verə bilərlər.

“Bu qərar nağdsız əməliyyatların həcminin azalmasına, nağd hesablaşmaların isə artmasına səbəb ola bilər. Nəticədə bu, ölkə iqtisadiyyatına və vergi daxilolmalarına da mənfi təsir göstərə bilər”, – deyə R.Abbasbəyli qeyd edib.

Onun sözlərinə görə, limit ailədaxili pul köçürmələrində də müəyyən çətinliklər yarada bilər.

“Təsəvvür edin ki, bir valideynin ali məktəbdə təhsil alan üç övladı var. Gün ərzində müxtəlif vaxtlarda onların hər birinə bir neçə dəfə pul göndərmək zərurəti yarana bilər. Belə hallarda tətbiq olunan limit vətəndaşın öz vəsaitindən sərbəst istifadə imkanlarını məhdudlaşdırır. Bu baxımdan qərarın praktikada müəyyən problemlər yaradacağı istisna edilmir”, – deyə iqtisadçı əlavə edib.

R.Abbasbəyli sonda vurğulayıb ki, məqsəd vergidən yayınma hallarının qarşısını almaq olsa da, tətbiq olunan məhdudiyyət nağdsız ödənişlərin inkişaf tempini zəiflədə və iqtisadi aktivliyin bir hissəsinin yenidən nağd dövriyyəyə keçməsinə səbəb ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*