XƏBƏRDARLIQ: Bədəninizdə bu dəyişiklik varsa, vaxt itirmədən həkimə gedin, əks halda…backend

XƏBƏRDARLIQ: Bədəninizdə bu dəyişiklik varsa, vaxt itirmədən həkimə gedin, əks halda...

Bədəndəki xalların əksəriyyəti zərərsiz olsa da, bəzi hallarda onların rəngində, formasında və ya ölçüsündə baş verən dəyişikliklər dəri xərçənginin ən təhlükəli növlərindən biri olan melanomanın xəbərçisi ola bilər.

Mütəxəssislər xüsusilə yay aylarında günəş şüalarının təsiri və xalların davamlı travmaya məruz qalmasının risk yaratdığını bildirirlər.

Bəs hansı əlamətlər xalların təhlükəli hala gəldiyini göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xalların yaranmasının əsas səbəblərindən biri genetik meyillilikdir.

Onun sözlərinə görə, hormonal disbalans da yeni xalların əmələ gəlməsinə və ya mövcud xalların dəyişməsinə təsir göstərə bilər.

“Hər bir insan bədənində olan xallara diqqətlə yanaşmalıdır. Xallar əsasən qol, ayaq və üz nahiyəsində rast gəlinir. Xüsusilə görünən nahiyələrdə yerləşən xallar yay mövsümündə daha çox nəzarətdə saxlanmalıdır.

Günəş şüalarına uzun müddət məruz qalmaq tövsiyə edilmir. Çünki ultrabənövşəyi şüalar zamanla xalın bədxassəli formaya – melanomaya çevrilməsi riskini artıra bilər”, – deyə həkim vurğulayıb.

Onkoloq qeyd edib ki, xalların yerləşdiyi nahiyə də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, paltarın və ya digər əşyaların davamlı sürtünməsi nəticəsində təkrarlanan travmalar təhlükə yarada bilər.

“Əgər xal daim travmaya məruz qalırsa, məsələn, geyinib-soyunarkən paltar ona toxunursa, həmin xalın cərrahi yolla götürülməsi daha məqsədəuyğundur. Çünki davamlı travma onkoloji proseslərin inkişafı üçün risk faktorlarından biri hesab olunur”.

F.Museyibov vətəndaşlara xalların xarici görünüşündə baş verən dəyişiklikləri diqqətlə izləməyi tövsiyə edib.

“Xalın ölçüsünün böyüməsi, formasının dəyişməsi, kənarlarının qeyri-müntəzəm olması, rənginin tündləşməsi və ya bir neçə rəng alması mütləq həkim müayinəsini tələb edir. Bu kimi dəyişikliklər melanoma riskinin əlaməti ola bilər”, – deyə həkim qeyd edib.

Mütəxəssis əlavə edib ki, lazer epilyasiyası və ya qaralma prosedurları zamanı da xallara xüsusi diqqət yetirilməlidir.

“Əgər bədəndə çoxsaylı və ya iri xallar varsa, həmin nahiyələrə lazer tətbiq edilərkən ehtiyatlı olmaq lazımdır. Eyni zamanda uzun müddət günəş altında qalmaqdan çəkinmək, zərurət yarandıqda isə yüksək qoruyucu faktorlu günəş kremlərindən istifadə etmək tövsiyə olunur”, – deyə Fərid Museyibov bildirib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*