Xəzər geri çəkildi, torpaqlar üzə çıxdı – Bu ərazilər kimə veriləcək?backend

Xəzər geri çəkildi, torpaqlar üzə çıxdı – Bu ərazilər kimə veriləcək?

Xəzər dənizinin geri çəkilməsi nəticəsində sahilboyu ərazilərdə yeni torpaq sahələri yaranıb. Bu ərazilərin bir qismi uzun illərdir istifadəsiz qalır, digərlərində isə nəzarətsiz tikililər, tullantılar və mövsümi fəaliyyət göstərən obyektlər diqqət çəkir. Prezident İlham Əliyevin sahilboyu ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni fərman bu torpaqların istifadəsi və mühafizəsi sahəsində yeni mərhələnin başlanğıcı hesab olunur.

Bəs yeni qərar sahilboyu ərazilərdə hansı dəyişikliklərə yol aça bilər? İstifadəsiz torpaqlar sahibkarların ixtiyarına verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, yeni fərman sahilboyu ərazilərdə idarəetmə və nəzarət mexanizmlərinin gücləndirilməsinə, torpaqlardan daha səmərəli istifadəyə xidmət edir.

Elnur Azadov: Daşınmaz əmlakın bahalaşması iqtisadiyyata ciddi zərər verir  | QHT.az

Ekspertin sözlərinə görə, son 2-3 ildə Xəzər dənizinin geri çəkilməsi nəticəsində sahilboyu ərazilərdə kifayət qədər torpaq sahəsi üzə çıxıb. Bu baxımdan həmin ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, istifadəsinə nəzarətin gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.

Azadov qeyd edib ki, hazırda sahilboyu ərazilərdə vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə mövsümi fəaliyyət göstərən çimərliklərdə xidmət keyfiyyəti, təmizlik və ərazilərdən istifadə məsələləri ciddi problemlər yaradır:

“Faktiki olaraq, elə ərazilər var ki, çimərlik kimi istifadə olunur və kommersiya baxımından əlverişlidir. Orada kifayət qədər infrastruktur formalaşıb. Novxanı və digər çimərlik ərazilərində ilboyu fəaliyyət göstərən obyektlər, xidmət sahələri mövcuddur. Bu ərazilərdə müəyyən qədər inkişaf və nəzarət var.

Amma yalnız mövsümi xarakter daşıyan çimərliklərdə vəziyyət fərqlidir. Həmin obyektlərin sahiblərinin əksəriyyəti onları özləri idarə etmir, mövsüm ərzində başqa şəxslərə icarəyə verirlər. İcarədarlar isə əsasən qısamüddətli qazanc əldə etməyə çalışırlar. Nəticədə lazımi xidmət göstərilmir, ərazilərdə tullantılar yığılır, bəzən əlavə tikililər inşa olunur. Uzunmüddətli inkişaf və ərazinin qorunması məsələlərinə lazımi diqqət ayrılmır”.

Ekspertin fikrincə, digər ciddi problem uzun illərdir istifadəsiz qalan torpaq sahələri ilə bağlıdır. Onun sözlərinə görə, xüsusilə Bakı-Yalama istiqamətində dənizkənarı ərazilərdə bir neçə hektardan 100 hektaradək sahələri əhatə edən torpaqlar mövcuddur. Bu ərazilərin bir qismi vaxtilə müxtəlif şəxslərin sərəncamına verilsə də, təyinatına uyğun və səmərəli istifadə edilməyib.

“Bəzi torpaq sahələri illərdir boş qalıb, tullantı poliqonuna çevrilib. Hətta ayrı-ayrı hallarda Torpaq Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq torpaq daşınması və başqa müdaxilələr həyata keçirilib. Bu ərazilər üzərində indiyədək lazımi nəzarət və inkişaf mexanizmləri formalaşdırılmayıb. Biznes subyektlərinin də həmin torpaqlara marağı kifayət qədər yüksək olmayıb.

Digər tərəfdən, dənizkənarı ərazilərdə dövlət qurumlarının balansında olan torpaq sahələri də var. Bunlara Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif idarələrinin, eləcə də SOCAR-ın istifadəsində olan əraziləri misal göstərmək olar. Həmin torpaqlardan da daha səmərəli istifadə olunması vacibdir. Bəzi ərazilərdə ekoloji vəziyyətin pozulması halları müşahidə edilir”, – deyə ekspert vurğulayıb.

E.Azadov hesab edir ki, sahilboyu torpaqlar yalnız nəzarət və mühafizə baxımından deyil, iqtisadi inkişaf və sahibkarlıq imkanları baxımından da qiymətləndirilməlidir. Onun fikrincə, Türkiyə təcrübəsində olduğu kimi, bu ərazilərin hər kvadratmetrindən səmərəli istifadə etmək mümkündür.

Ekspert düşünür ki, sahilboyu ərazilərdə kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaratmaq lazımdır. Bunun üçün həm dövlət balansında olan, həm istifadəsiz qalan, həm də vaxtilə müxtəlif şəxslərin sərəncamına verilmiş torpaqların vəziyyəti araşdırılmalıdır.

“Burada əsas məsələ şəffaflığın təmin edilməsidir. İlk növbədə kompleks monitorinqlər aparılmalı, müxtəlif dövlət qurumları prosesə cəlb olunmalıdır. Hansı torpaqların kimlərin istifadəsində olduğu, nə qədər müddətdir həmin şəxslərin sərəncamında qaldığı, niyə istifadə edilmədiyi və bunun hansı səbəblərlə bağlı olduğu müəyyənləşdirilməlidir.

Bütün bunlar araşdırıldıqdan sonra mövcud vəziyyətlə bağlı açıq məlumatlar hazırlanmalı və sahibkarlara təqdim olunmalıdır. İş adamları üçün şəffaf və əlçatan mexanizm yaradılarsa, həmin torpaqlardan həm iqtisadi, həm də ictimai baxımdan faydalı istifadə etmək olar”, – deyə E.Azadov əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli fərmanına əsasən, Xəzərin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib. Nazirlər Kabinetinə altı ay müddətində sahilboyu ərazilərin sərhədlərinin, ölçülərinin, xüsusi hüquqi statusunun və zonalaşdırılmasının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*