Xocalıdakı son toyun gəlini danışdı: “Dedilər, mağarı vuracaqlar…”backend

Xocalıdakı son toyun gəlini danışdı: “Dedilər, mağarı vuracaqlar…”

Xocalı soyqırımının 29-cu ildönümü – Hər il xatırladığımız, xatırlamalı olduğumuz faciə…

Amma bu dəfə başqa cür anılacaq. Çünki ordumuz illərdir, içimizin keçməyən yanğısını söndürdü. 44 günlük müharibə 26 fevral 1992-ci ildə günahsız soydaşlarımızı qətlə yetirən canilərin axırı oldu, necə deyərlər, qisasımız yerdə qalmadı.

Buna baxmayaraq hər il soyqırımı yada salmaq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq borcumuz var. Həmin günün ağırısını-acısını, həmçinin qələbə sevincini Xocalıdan olan Məmmədova Dürdanə Buludqızı ilə bölüşdük.

O, 1969-cu ilin yaz ayında Xocalıda dünyaya göz açıb. Beş övladın son beşiyi olan Dürdanə xanım Xocalında olan son toyun gəlinidir. “Xocalı elə bir coğrafi ərazidə yerləşirdi ki, hər tərəf erməni kəndləri ilə əhatə olunmuşdu. Ərazisinə görə bir o qədər də böyük yer olmasa da, çox gözəl idi.  O vaxt lap gənc idim, orta məktəbi təzə bitirmişdim”-, deyə bildirən müsahibimiz hələ müharibədən öncə atəş səslərinin eşidildiyini vurğulayıb. Onun sözlərinə görə, 1988-ci ildən etibarən nankor qonşumuz ermənilər vəziyyəti getdikcə pisləşdirir, hər gecə səhərə qədər döyüşlər aparırdılar: “Mənim 20 yaşım var idi, Xocalı rabitə şöbəsində işə başladım. Vəziyyət çox ağır idi. Biz ermənilərin ərazisindən keçib sənəd, pensiya müavinətləri aparırdıq. Ölümə bərabər təzyiqlərlə üzləşirdik”.

Xocalıda sonuncu toy

Dürdanə xanım bir ildən çoxdur ki, nişanlı idi. Toya hazırlıq gedən zaman həmişə maneələrin olduğunu deyən müsahibimiz həmin günləri belə xatırlayır: “Bizim toyumuz əslində dostların təkidi ilə baş tutdu. Bizdən əvvəl – haradasa 5-6 ay öncə Xocalıda toy olmuşdu. Heç kim risk edə bilmirdi. Elə sonuncu toy da bizimki idi. Toy yarımçıq oldu, axşam saat 9 radələrində mərasimi bitirdik. Dedilər səs gedə bilər, birdən mağarı vurarlar. Baxmayaraq 29 il ötür, o vaxt gənc idim, mənim də arzularım var idi.  Toyda səslənən “Vağzalı” sədası hələ də bugünkü kimi qulaqlarımda cingildəyir”.

Dürdanə xanımın sözlərinə görə, fevralın 25-i hava çox dumanlı, soyuq olub. Artıq axşamdan atəş səsləri eşidilib. Saat 9-10-dan başlayaraq isə güclü artilleriya atəşi başlayıb. Gecə 1-2 arası Xocalı sakinləri çətinliklə də olsa, evlərindən çıxıb meşə istiqamətində irəliləməyə başladılar: “Həyat yoldaşım  aeroport istiqamətindəki postda döyüşürdü. Meşədən 12 kilometr məsafədə Ağdam istiqamətində xocalılar əliyalın körpə uşaqlarla, qocalarla birlikdə silahlı, texnika ilə təchiz olunmuş ermənilərlə üz-üzə gəldilər. Orada elə dəhşətlər oldu ki, dillə deyiləsi müsibət deyil. Yoldaşım da meşədə körpəli qadınlara, yaşlılara kömək edirdi. Qaraqayada o da güclü erməni-rus birləşmələrinin müqavimətinə tuş gəldi. Qəlpə yarası aldığına görə hazırda 2-ci qrup Qarabağ əlilidir”.

Sevincimizdən uşaq kimi qışqırıb atılıb-düşürdük…

“İndi yaşım 50-ni keçib, saçlarım dümağ. Çox istəyərdim ki, uşaqlığımı, gəncliyimi qoyub getdiyim doğma Xocalımı görüm. İkinci Qarabağ müharibəsi başlayanda həyat yoldaşım mətbuatı tez-tez izləyirdi. Ondan öncə də həmişə “az qalıb qisasımız alınacaq” deyirdi. İnanırsınız, hər bir ərazimiz alınanda sevicimizdən uşaq kimi atılıb-düşürdük. Allah ilk növbədə şəhidlərimizə rəhmət eləsin. Biz inanırdıq ki, Ali Baş Komandanımız bizə bu qələbəni yaşadacaq, 613 şəhidin ruhu sevinəcək..”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu birləşmələri Xankəndidəki 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə Xocalı soyqırımını törədiblər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. //Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*