“Yarım qalmış missiyam var, yenə 35 saylı…” – Rauf Arifoğlu və İqbal Ağazadə DANIŞDILARbackend

“Yarım qalmış missiyam var, yenə 35 saylı…” – Rauf Arifoğlu və İqbal Ağazadə DANIŞDILAR

Builki parlament seçkilərində gərgin və maraqlı mübarizə gözlənilir. Budəfəki seçki prosesini daha da maraqlı edəcək məqamlardan biri isə 35 saylı Xətai 3-cü seçki dairəsindəki mübarizədir.

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən seçkilərdə bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında yaşanmışdı. Rauf Arifoğlu rəqibini üstələyərək qalib gəlməyi bacarsa da, İqbal Ağazadənin şikayəti əsasında, sonradan MSK həmin dairənin nəticələrini ləğv etmişdi.

Məlumatlara görə, 35 saylı Xətai 3-cü seçki dairəsində yarışma bu dəfə də gərgin mübarizə şəraitində keçəcək. Çünki Rauf Arifoğlu geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. İqbal Ağazadə isə özünü həmin dairənin favoriti hesab etdiyi üçün yenə Xətai seçicilərinə üz tutmaqda qərarlıdır.

Yerli mediada yayılmış son məlumatda isə REAL-ın rəhbəri İlqar Məmmədovun da həmin dairədən mübarizəyə qoşulacağı iddia edilib.

Yarım qalan bir missiyam var…

KONKRET.az olaraq eyni dairədən namizədliyini irəli sürməyi planlaşdıran və bir-birinə rəqib olacağı gözlənilən namizədlərlə əlaqə saxladıq.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu saytımıza açıqlamasında builki parlament seçkilərində iştirak etmək istədiyini vurğulayıb:

“Builki seçkilərdə iştirak etməyi arzulayıram. Çünki keçən dəfədən yarım qalan bir missiyam var. Əlbəttə, arzuolunandır ki, namizədliyimiz yenə 35 saylı Xətai 3-cü seçki dairəsindən verim. Ancaq həmin dairədə dislokasiya dəyişikliyi var və bununla bağlı araşdırma aparılır ki, bir zamanlar mənim səsini aldığım və söz verdiyim seçicilərim məyus olmasınlar. Namizədliyim üçün digər bir dairə də var, ancaq bunu son anda qiymətləndirib dəyərləndirməyi düşünürəm. Bundan başqa, Tovuz rayonunun anadan olduğum kəndinin dairəsindən də namizədliyimi irəli sürə bilərəm. Yenə deyirəm, bu iki dairə ilə bağlı qərarımı zamanı gələndə, yəni parlament seçkiləri elan olunduqdan sonra verəcəyəm. Amma təbii ki, ilk fikrim əvvəlki-35 saylı Xətai 3-cü dairəsindən namizəd olmaqdır”.

“Başqa dairəyə getməyəcəm…”

Ümid Partiyasının sədri İqbal Ağazadə də builki parlament seçkilərində namizəd olacağını bildirdi: “2024-cü il seçkilərində iştirak etməyi düşünürəm. Seçkilərə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən qatılacam”.

Yeganə,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*