Azərbaycanda yas mərasimlərinin keçirilmə müddəti ilə bağlı zaman məhdudiyyətinin tətbiqi məsələsi zaman-zaman müzakirə olunur.
Bəs yas mərasimlərinin 2–3 saat ərzində keçirilməsi mümkündürmü və belə bir qayda tətbiq edilərsə, hansı məhdudiyyətlər nəzərdə tutula bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda yas mərasimi üçün konkret vaxt ölçüsü müəyyən edilməyib.

“Çünki məsafə, məkan və digər məsələlər prosesin hansı zamanda başa çatmasını müəyyən edir. Əgər söhbət dəfn mərasimindən gedirsə, bu mərasim təbii olaraq maksimum 2–3 saata başa çatdırılır”.
İlahiyyatçı qeyd edib ki, yas mərasimlərində insanların uzun müddət oturaraq söhbət etməsi və ya yemək süfrəsi gözləməsi İslam ənənələrinə uyğun deyil.
“Yas mərasimində iştirak edənlər maddi və mənəvi dəstək göstərib, başsağlığı diləyərək çox qalmamalıdırlar. Çünki yas sahibinə yük olmaq, məclisi ağırlaşdırmaq İslam ənənələrinə ziddir. Lakin tələsik şəkildə yas sahibini tək qoyub dağılışmaq da düzgün deyil. Yas sahibinə təsəlli vermək və dəstək olmaq üçün yaxın qohumların və dostların məclisin sonuna qədər qalması məqsədəuyğundur”, – Tural İrfan vurğulayıb.
Onun fikrincə, insanların yas mərasimində hansı vaxt kəsiyində iştirak etməsinə müdaxilə etmək də uyğun deyil.
“Çünki mərasimə uzaqdan gələn və müxtəlif vaxtlarda çatmaq məcburiyyətində qalan şəxslər ola bilər. Əsas diqqət yas mərasimlərində israfçılığın, xurafatın və artıq ritualların qarşısının alınmasına yönəldilməlidir. Onsuz da son zamanlar yas mərasimlərinin müddəti qısalıb”, – deyə Tural İrfan əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
