Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar dənizkənarı ərazilərdə, xüsusilə çimərliklərdə sıxlıq müşahidə olunur. Lakin sərinləmək üçün üz tutulan hər çimərlik sağlamlıq baxımından təhlükəsiz hesab edilmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, çirkli və mikrobioloji baxımdan çirklənmiş dəniz suyunda çimmək müxtəlif infeksiyalara, dəri xəstəliklərinə, göz və qulaq iltihablarına, eləcə də həzm sistemi pozğunluqlarına səbəb ola bilər.
Bəs belə sularda çimmək insan orqanizmi üçün hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, çirkli dəniz suyunda çimmək sağlamlıq üçün ciddi risklər yaradır.

“Yağışdan sonra 24–72 saat ərzində dənizə girmək tövsiyə edilmir. Bu müddətdə yağış suları vasitəsilə müxtəlif çirkləndiricilər və mikroorqanizmlər dənizə qarışdığı üçün yoluxma riski artır. Eyni zamanda, çimmək üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək də düzgün deyil. İnsanlar ilk növbədə şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər.
Çirkli dəniz suyu göz və qulaq iltihablarına səbəb ola bilər. Kontakt linzadan istifadə edən şəxslərin linza ilə dənizə girməsi məsləhət görülmür. Dərisində açıq yara, səpki və ya hər hansı dəri xəstəliyi olan insanlar isə daha ehtiyatlı davranmalı, mümkün olduqda dənizdə çimməkdən çəkinməlidirlər.
Bundan başqa, dəniz suyunun udulması bağırsaq infeksiyalarına yoluxma riskini artırır. Xüsusilə uşaqlar bu baxımdan daha həssas qrup hesab olunurlar”.
Həkimin sözlərinə görə, çirkli suda çimdikdən sonra yaranan əlamətlərə laqeyd yanaşmaq olmaz. Dəridə qızartı və səpkilər, göz və qulaqlarda ağrı, qızartı və iltihab, eləcə də ürəkbulanma, qarın ağrısı, qusma və ishal kimi həzm sistemi pozğunluqları müşahidə edilərsə, vaxt itirmədən həkimə müraciət edilməlidir.
Mütəxəssis sonda vurğulayıb ki, dənizdə təhlükəsiz istirahət üçün suyun keyfiyyəti və çimərliyin sanitariya vəziyyəti mütləq nəzərə alınmalıdır. Xüsusilə yağışdan sonrakı günlərdə və rəsmi çimərlik statusu olmayan ərazilərdə dənizə girmək sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Aynurə İsmayıl
KONKRET.az
