2024-cü il gündoğan ölkə üçün düşərli olmadı. Yeni ili zəlzələ ilə qarşılayan Yaponiya indi də sunamidən əziyyət çəkir.
KONKRET.az xəbər verir ki, rixter şkalası üzrə 7,6 bal gücündə yeraltı təkanlar İşikava və Niiqata prefekturalarında sunamiyə səbəb olub.
Prefekturaların sakinləri sosial şəbəkələrdə dalğaların sahil boyu qoruyucu tikililəri asanlıqla yardığını və sahildə dayanmış avtomobilləri apardığını əks etdirən videolar yayımlayırlar. Rəsmi məlumatlara görə, Yaponiya sahillərində dalğanın hündürlüyü beş metrdən çox olub. Sunami zonasında Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası da yerləşir. Hazırda AES-in texniki vəziyyəti nəzarət altındadır.
Sunami Vladivostoka yaxınlaşıb və artıq Naxodkada müəyyən fəsadlar yaradıb. Rusiyanın bir sıra sahilyanı rayonlarında Fövqəladə Hallar Nazirliyi sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Sunami Mərkəzinin məlumatına görə, yüksək dalğa Ussuri körfəzi istiqamətindən gəlib. Dəniz sakitləşənə qədər Vladivostok hakimiyyəti dənizə çıxışı qadağan edib və balıqçıları təcili olaraq sahilə qayıtmağa çağırıb.
Vəli Həsənov,
KONKRET.az
