Bakının Nəsimi rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1989-cu il təvəllüdlü İlqar həyat yoldaşı Ramilə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadının sifət nahiyəsinə qəsdən əl zərbələri ilə vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Nəsimi Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması məlum olub. Zərərçəkən qadın da ərini bağışlayıb, ona qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
