Axşam saatlarında istirahət etmək məqsədi ilə bir stəkan isti süd içmək vərdişi yuxusuzluğunuzun əsas səbəbi ola bilər. Alimlərin apardığı yeni araşdırma gecə qəlyanatları ilə gecə istirahətinin keyfiyyəti arasında təəccüblü əlaqə olduğunu üzə çıxarıb.
KONKRET.az xəbər verir ki, “Frontiers in Psychology” jurnalında dərc edilən elmi işdə orta yaşı 20 olan 1082 tələbə iştirak edib. İştirakçılar yuxu keyfiyyəti və qida vərdişləri ilə bağlı ətraflı anket doldurublar.
Yatmazdan əvvəl süd məhsulları, desertlər, ədviyyatlı qidalar və ət yemək birbaşa olaraq tez-tez baş verən kabuslar və yuxusuzluqla əlaqələndirilib. İştirakçıların 24%-dən çoxu bu cür qəlyanatların yuxularını pisləşdirdiyini qeyd edib.
Respondentlərin təxminən 20%-i isə meyvə, tərəvəz və ya bitki çayı ilə edilən yüngül axşam qəlyanatlarının istirahət keyfiyyətini artırdığını bildirib.
Alimlər laktosa dözümsüzlüyü ilə gecə kabusları arasında güclü əlaqə aşkar ediblər. Qidadan yuxusunun pisləşdiyindən şikayətlənənlər arasında laktosa dözümsüzlüyü olanların payı təxminən 30% təşkil edib.
Monreal Universitetindən doktor Tore Nilsen başçılıq etdiyi tədqiqatçılar hesab edirlər ki, problemin kökündə mədə-bağırsaq traktının diskomfortu dayanır. İnsan ağır və ya orqanizminin pis həzm etdiyi qidanı qəbul etdikdə, bu, gecə saatlarında həzm sistemində narahatlıq yaradır. Yuxu zamanı fiziki hisslər beyin fəaliyyətinə aktiv şəkildə təsir etdiyindən, bədən diskomfortu təşvişli süjetlərə çevrilərək qorxunc yuxulara və oyanmalara səbəb olur.
Ekspertlər qeyd edirlər ki, xüsusilə qida həssaslığı olan insanlar üçün qida vərdişlərinin dəyişdirilməsi kabuslardan və yuxusuzluqdan qurtulmağın sadə yolu ola bilər.
Natiq Səlim,
KONKRET.az
