Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, döyüş əməliyyatlarının dayandırılmasına nail olmağın ən sürətli yolu mövcud təmas xəttinin sabitləşdirilməsi və bundan sonra müharibənin diplomatik yollarla nizamlanmasından keçir.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski “Sky News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, söhbət təhlükəsizlik təminatları olmadan münaqişənin sadəcə dondurulmasından deyil, hərbi əməliyyatların yenidən başlanmasını mümkünsüz edəcək şəraitin yaradılmasından gedir.
Zelenski qeyd edib ki, ideya atəşkəsin elan olunması, tərəflərin hazırkı mövqelərini qoruması və daha sonra danışıqlara başlanmasından ibarətdir. O, bunun Ukraynanın təslim olması və ya Rusiyanın məqsədlərinə çatması anlamına gəlmədiyini vurğulayıb.
“Hazırkı mövqelərdə qalmaq Ukrayna xalqına öz uşaqlarını xilas etmək, əsgərlərin isə evlərinə qayıtmaq imkanı verəcək. Bu, bizim üçün çox vacibdir”, – deyə Ukrayna lideri bildirib.
Zelenski həmçinin vurğulayıb ki, atəşkəs tam və nəzarət altında olmalıdır. Onun fikrincə, mümkün razılaşmanın icrasına ABŞ və Avropa ölkələrinin iştirakı ilə beynəlxalq tərəfdaşlar və monitorinq missiyaları nəzarət etməlidir ki, pozuntuların qarşısı alınsın.
Ukrayna Prezidenti əlavə edib ki, atəşkəs əldə olunduqdan sonra məqsəd yalnız döyüşlərin müvəqqəti dayandırılması deyil, müharibənin tam başa çatdırılmasına yönəlmiş diplomatik prosesin başlanması olmalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
