0% artım və böyük iddialar: Nazirin açıqlamaları ilə bağlı sərt sözlərbackend

0% artım və böyük iddialar: Nazirin açıqlamaları ilə bağlı sərt sözlər

“Mikayıl Cabbarov yalnız iqtisadiyyat naziri deyil, onun rəhbərlik etdiyi qurum həm də ölkənin iqtisadiyyatla bağlı təşkilatlarını özündə birləşdirir. Belə bir iri təşkilatın rəhbəri geniş müsahibə verir və əsas suallar açıq qalır, çünki o suallar səsləndirilmir”.

Kaş həkimlər onun qulağına deyə ki, hər şey yaxşı olacaq” – Dilavər Əzimlinin həyat yoldaşı

Arzu Qazıyeva

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Arzu Qazıyeva iqtisadiyyat naziri Mikayıl Cabbarovun İTV və Azərtaca verdiyi 1 saat 12 dəqiqəlik müsahibəsini şərh edərkən deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının iki sistemdə – makroiqtisadiyyat və mikroiqtisadiyyat üzərində qurulmasına rəğmən, nazir çıxışında əsasən makro göstəricilərə yer ayırıb: “Ölkənin 2025-ci ilin ümumi artım mənzərəsi belədir ki, strateji valyuta ehtiyatları 85,1 milyard dollar təşkil edir, bu ehtiyatların ÜDM-ə nisbəti 112%-dir və xarici borcu üstələmə səviyyəsi 17,7 dəfə artıb. Eyni zamanda qeyri-neft sektorunun ÜDM-dəki payı 71,5%, neft-qaz sektorunun payı isə 28,5% olaraq qeydə alınıb. Bu göstəricilər əlbəttə ki, müəyyən mənada uğurlu hekayədir. Bu hekayədə investisiyaların cəlb olunması, sənaye parklarının yaradılması, ixracın artması, nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsallaşma kimi amillər uğur hesab olunur”.

Jurnalist qeyd edib ki, rəsmi rəqəmlərdəki makroiqtisadi sabitlik fonunda iqtisadi artımın əsas meyarı olan ÜDM göstəriciləri tamamilə fərqli reallığı ortaya qoyur: “Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın ÜDM-i əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,0% artıb. Yəni iqtisadiyyat faktiki olaraq yerində sayıb. Neft-qaz sektoru 1% kiçilib, qeyri-neft sektoru isə cəmi 0,4% böyüyüb. Müqayisə üçün deyək ki, Ermənistanda iqtisadi artım 7,1%, Gürcüstanda isə 7,3% artıb. Halbuki Azərbaycan Cənubi Qafqazın ən varlı və zəngin potensialı olan ölkəsidir. Əgər ÜDM artmırsa, deməli bütün həmin uğurlar hələlik ümumi iqtisadi böyüməyə ciddi təsir göstərə bilməyib. Belədə uğur hekayələri də populyar olmur. Nazir daha çox ‘yaradılan imkanlar’, ‘gələcək investisiyalar’, ‘strateji layihələr’ barədə danışır. Statistika isə sual verir: ‘Bu gün iqtisadiyyat nə qədər böyüyüb?’ Bu sualın cavabı isə çox təsirli deyil: ilin ilk beş ayında artım 0%-dir. Bəs paradoks nədədir? Azərbaycan iqtisadiyyatı artıq uzun müddətdir ki, neftdən sonrakı modelə keçmək istəyir. Lakin qeyri-neft sektorunun artım sürəti o qədər zəif və uğursuz paylanıb ki, neft sektorundakı durğunluğu kompensasiya edə bilmir. Ona görə də eyni vaxtda həm ölkənin ‘iqtisadi uğur hekayələri’, həm də ‘0% artım’ rəqəmi mövcud ola bilir”.

Arzu Qazıyeva investisiyaların real nəticələri və cəmiyyətin gözləntiləri ilə bağlı mövcud olan zaman fərqinə və mikroiqtisadi problemlərə də diqqət çəkib: “Nazir adətən xarici və daxili sərmayələrin həcmini ön plana çıxarır. Bu, doğrudan da vacib göstəricidir. Amma sərmayə yatırımı ilə iqtisadi nəticə arasında zaman fərqi var. Məsələn, əvvəlcə müəssisənin təməli qoyulur, sonra vəsait yatırılır, daha sonra istehsal başlayır, bu proses 2-3 və daha artıq vaxt çəkə bilər. Ona görə sərmayənin çox olması avtomatik olaraq dərhal yüksək iqtisadi artım demək deyil. Nazirə sual vermək olardı ki: Son 10 ildə qoyulan sərmayələr məhsuldarlığı və ixracı nə qədər artırıb? Rəsmi statistikada valyuta ehtiyatları artır, büdcə gəlirləri yüksəkdir, xarici borc aşağıdır. Amma vətəndaş gündəlik həyatda bahalaşmanı, mənzil problemini, gəlir və sosial bərabərsizliyi daha çox görür. Hökumətin ən güclü və sevdiyi dəlil də elə budur: ‘Makroiqtisadi sabitlik qorunur’. Yəni, manat sabitdir, dövlət borcu nisbətən aşağıdır, Neft Fondunda böyük ehtiyatlar var, büdcə böhran yaşamır. Ona görə hökumət makroiqtisadi göstəricilərdən ağızdolusu danışır. Ancaq sabitliklə inkişaf eyni anlayış deyil. Cəmiyyət, dövlət bəzən sabit vəziyyətdə də yerində saya bilər. Adamlar bu gün haqlı olaraq mikroiqtisadi vəziyyəti müzakirə edir, haqlı olaraq ‘sabitlik’ mərhələsindən ‘nəticə’ mərhələsinə keçilməsini istəyir. Cəmiyyət daha çox layihələrin sayını deyil, onların gündəlik həyatına təsirini soruşur. Adamları müasir iqtisadi nəzəriyyə, ‘nou-hau’, ‘iqtisadi aktorlar’, ‘prioritet sahələr’, ‘innovasiya’, ‘startap’, ‘iqtisadiyyatın rəqəmsallaşması’ və s. kimi anlayışlar yox, konkret nəticə düşündürür”.

Sonda jurnalist vurğulayıb ki, nazirliyin fəaliyyətini tam qiymətləndirmək üçün fundamental sualların cavabsız qaldığını qeyd etmək lazımdır: “Nazirin və nazirliyin fəaliyyətini qiymətləndirmək üçün bir meyar kifayətdir: Azərbaycan iqtisadiyyatı neftdən asılı olmayan sabit inkişaf modelinə keçə bilibmi? Azərbaycanın əsas iqtisadi müzakirəsində artıq ‘neft gəlirlərini necə xərcləyək?’ deyil, ‘neftdən sonrakı iqtisadiyyatı necə quraq?’ deyə konkret planı varmı? İqtisadiyyata ‘nə qədər vəsait yatırılıb?’ deyil, ‘bu vəsait insanın həyatında nəyi dəyişib?’ sualına cavabı varmı? Məncə, bu suallara hələ də cavab tapılmayıb”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*