10 saat yatırsınız, amma yenə yorğun oyanırsınız? Səbəbi xəstəlik ola bilərbackend

10 saat yatırsınız, amma yenə yorğun oyanırsınız? Səbəbi xəstəlik ola bilər

Bəzən 9-10 saat yatmaq da insanın səhər özünü gümrah hiss etməsinə zəmanət vermir. Uzunmüddətli yuxudan sonra davam edən yorğunluq və gün ərzində yuxululuq yuxunun keyfiyyətinin aşağı olmasından və ya bəzi sağlamlıq problemlərindən xəbər verə bilər.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, əksər insanlar üçün gündə təxminən 7-9 saat yuxu normal hesab olunur.
Xəstəlikdən, ağır fiziki fəaliyyətdən və ya bir neçə gecə yuxusuz qaldıqdan sonra orqanizmin daha uzun istirahətə ehtiyac duyması normaldır. Lakin insan mütəmadi olaraq 9-10 saat və daha çox yatmasına baxmayaraq özünü yorğun hiss edirsə, bunun səbəblərini araşdırmaq lazımdır.
10 saat yuxudan sonra niyə yorğunluq qalır?
Səhər oyanandan dərhal sonra yaranan halsızlığın səbəblərindən biri “yuxu ətaləti” adlandırılan vəziyyətdir. Bu zaman beyin yuxu rejimindən tam oyanıqlığa tədricən keçir. Nəticədə diqqət, düşünmə qabiliyyəti və reaksiya sürəti bir müddət zəifləyə bilər.
Oyanmağın yuxunun hansı mərhələsinə düşməsi də əhəmiyyətlidir. İnsan həmişəkindən daha uzun yatdıqda zəngli saat onu dərin yuxu mərhələsində oyada bilər. Bu halda yataqdan qalxmaq daha çətin olur və yuxululuq uzun müddət davam edə bilər.
Digər səbəb isə orqanizmin daxili bioloji saatının, yəni sirkadiyal ritmin pozulmasıdır. Məsələn, həftəiçi saat 07:00-da oyanan, həftəsonu isə günortaya qədər yatan insanın bioloji ritmi dəyişə bilər. Bu hal “sosial jetlaq” adlandırılır.
Uzun yatmaq keyfiyyətli yatmaq demək deyil
Mütəxəssislər bildirirlər ki, yuxunun müddəti qədər onun fasiləsiz və keyfiyyətli olması da vacibdir. Ağrı, səs-küy, spirtli içkilər, bəzi dərman preparatları və yuxu pozuntuları gecə istirahətinin keyfiyyətini aşağı sala bilər.
İnsan gecə ərzində dəfələrlə qısa müddətə oyana və səhər bunu ümumiyyətlə xatırlamaya bilər.
Uzun yuxudan sonra yaranan davamlı yorğunluğun səbəblərindən biri də obstruktiv yuxu apnesi ola bilər. Bu zaman yuxu zamanı yuxarı tənəffüs yolları vaxtaşırı daralır və ya bağlanır. Nəticədə tənəffüs pozulur və orqanizm gecə boyunca dəfələrlə qısa müddətə oyanır.
Güclü xoruldama, yuxuda nəfəsin dayanması, səhər ağız quruluğu, baş ağrısı və gün ərzində güclü yuxululuq apnenin əlamətləri arasında göstərilir.
Uzun yatdıqdan sonra baş niyə ağrıyır?
Bəzi insanlarda uzun yuxudan sonra gümrahlıq əvəzinə baş ağrısı yaranır. Bunun səbəbi birbaşa uzun yatmaq deyil, gündəlik rejimin dəyişməsi ola bilər.
Məsələn, insan günortaya yaxın oyandıqda səhər yeməyi, su içmək və qəhvə qəbul etmək vaxtı da gecikir. Daim kofein qəbul edən insanlarda qəhvənin gecikməsi baş ağrısına səbəb ola bilər.
Yuxu rejiminin dəyişməsi miqrenə meyilli insanlarda da baş ağrısını tətikləyə bilər.
Yorğunluğun arxasında hansı xəstəliklər dayana bilər?
Daimi yorğunluq və çox yatmaq ehtiyacı yalnız yuxu ilə bağlı olmaya bilər. Anemiya, dəmir çatışmazlığı, qalxanabənzər vəzinin zəif fəaliyyəti – hipotiroidizm və digər sağlamlıq problemləri də belə əlamətlər yarada bilər.
Bəzi antihistamin və sakitləşdirici dərmanlar da yuxululuğu artıra bilər.
Psixoloji vəziyyət də yuxuya təsir göstərir. Depressiya zamanı bəzi insanlarda yatmaq ehtiyacı artır, narahatlıq və stress isə gecə yuxusunun keyfiyyətini aşağı salır. Buna görə insan uzun müddət yataqda olsa belə, səhər özünü dincəlmiş hiss etməyə bilər.
Həddindən artıq gündüz yuxululuğu və uzun müddət yatmaq ehtiyacı hipersomniya adlandırılır. Onun formalarından biri idiopatik hipersomniyadır. Bu vəziyyətdə insan uzun gecə yuxusundan sonra belə çətinliklə oyanır və gün ərzində yatmaq istəyi davam edir.
Həftəsonu çox yatmaq problemi həll edirmi?
Bir neçə gün ərzində az yatmış insan həftəsonu əlavə yuxu ilə yuxu çatışmazlığını müəyyən qədər kompensasiya edə bilər. Lakin hər həftəsonu günortaya qədər yatmaq xroniki yuxusuzluğun bütün təsirlərini aradan qaldırmır.
Əksinə, oyanma vaxtının kəskin dəyişməsi bioloji ritmi daha da poza bilər. Buna görə mütəxəssislər mümkün qədər hər gün eyni saatlarda yatmağı və oyanmağı məsləhət görürlər.
Əgər insan mütəmadi olaraq 9-10 saat yatmasına baxmayaraq yorğun oyanırsa, gün ərzində yuxululuq işləməsinə mane olursa, avtomobil idarə edərkən yuxusu gəlirsə, güclü xoruldama və gecələr nəfəs dayanması müşahidə edilirsə, həkimə müraciət etmək tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*