20 Yanvar və A.Rasi-zadənin “teleqramı” ilə bağlı TƏFƏRRÜATLAR – ƏTRAFLIbackend

20 Yanvar və A.Rasi-zadənin “teleqramı” ilə bağlı TƏFƏRRÜATLAR - ƏTRAFLI

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

Əski Sovet Ordusunun Bakıda törətdiyi qanlı Yanvar qırğınından 32 il keçdi. Hər il olduğu kimi bu il də xalq dəstə-dəstə Şəhidlər Xiyabanına axışaraq, Azərbaycanın müstəqilliyi naminə canlarından keçən müqəddəs şəhidlərin ruhunu hörmətlə yad etdi.

Və hər il olduğu kimi, bu il də mətbuatda faciəni doğuran səbəblər barədə yazılar dərc olundu. Davamlı şəkildə ilbəil təkrarlanan versiyalardan biri də guya “20 Yanvarda Nazirlər Soveti sədrinin müavini A.Rasi-zadənin Moskvaya teleqram vurub ordunu Bakıya çağırmasıdır.” Bu “cəlbedici versiya” yenə də xüsusi analiz edilmədən sosial şəbəkələrdə yayıldı. Halbuki məsələyə bir qədər dərindən yanaşdıqda dövrün həqiqi  mənzərəsi həmin versiyanı alt-üst edir.

…Üç yüz illik nəhəng İmperiyanın ənənəvi dövlət siyasəti baxımından sadə bir həqiqətdir ki, Kreml özünün geopolitik maraqları, strateji mülahizəsi və ali siyasi qərarı olmasa, hansısa “əyalətdən” sıradan bir “Nazirlər Soveti sədrinin müavini”, hətta Nazirlər Soveti sədrinin özü belə dalbadal yüz teleqram vursa, üstəlik Mərkəzi Komitənin katibləri də yan-yana diz çöküb yalvarsa da, Kreml heç vaxt, heç yana, heç bir addım atmazdı. O ki ola qoşunu ayağa qaldırmaq!

Qısaca həmin dövrün xronikasını xatırlasaq, Azərbaycana qarşı xəyanət planının Qanlı Yanvar gecəsindən çox-çox qabaqlardan hazırlandığı və Moskvanın özünün mərhələ-mərhələ həyata keçirdiyi görünər. Faktiki olaraq paytaxtdan yüksək vəzifəli emissarlar və xüsusi təyinatlılar şəbəkəsi hadisədən xeyli əvvəl Bakıya gəlib Mixail Qorbaçovun başlatdığı xəyanət prosesini idarə etməkdə idilər.

Məlumdur ki, böyük rüşvətlər müqabilində erməni lobbisinin əlaltısına çevrilmiş M.Qorbaçovun və arvadı Raisa Maksimovnanın əsas öhdəliyi – hansı yolla olur-olsun Heydər Əliyevi Kremldən uzaqlaşdırıb, “qədim erməni arzusunu” həyata keçirmək, “Dağlıq Qarabağı” Azərbaycandan qoparıb Ermənistana vermək idi.

1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni lobbisinin görüşü olmuşdu və ermənilər M.Qorbaçova xristianlığa aid bir qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə İngilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi hazırlanmış brilliant üzük və qolbağ hədiyyə etmişdilər. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda hazırlanmış qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər. Belə səxavətli reveranslardan qanadlanan M.Qorbaçov hətta BMT sessiyasını yarımçıq tərk edərək, ertəsi gün Nyu-Yorkdan Ermənistana Spitakdakı zəlzələ zonasına uçmuşdu…

Kreml rəhbərinin qurduğu məkrli plana əsasən, QRU və DTK agentləri elə o vaxtlardan Bakıda və sərhəd zonalarında işləyirdi. Onlar müəyyən təxribatlar törədir, sonucda Azərbaycan xalqını qorxutmaqla əsas məqsədə nail olmaq üçün çalışırdılar. Baş Planın icrası üçün ideoloji baza hazırlanırdı. Aldadılıb seytnot vəziyyətinə salınan sadəlövh Ə.Vəzirov DTK-nın mürəkkəb kolliziyaları içində başını itirərək, M.Qorbaçov, Politbüro üzvləri və Kreml emissarları arasında vurnuxurdu. Mərkəzlə aparılan intensiv danışıqlara, müzakirələrə təkcə Bakıdan deyil, respublikanın müxtəlif bölgələrindən, qaynar nöqtələrdən, sərhədyanı rayonlardan da yazışmalar, məktublar, teleqramlar təşkil edilirdi. Ancaq təbii ki, yazılan kağızların heç biri imperiya ambisiyalarına təsir göstərə bilmirdi. Atılan hər növbəti səhv addım hadisələri fəlakətə doğru itələyirdi.

1988-ci ildə Qarabağda Sov.İKP MK-nın şöbə müdiri Arkadi Volskinin rəhbərliyi altında birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradılmışdı. O Komitə “Stepanakertə” gələndən sonra separatçıların quldurluq hərəkətləri daha da artdı. 1989-cu ilin mayında  N.Rıjkov aldığı payın müqabilində “DQMV”-dakı bütün müəssisələri Azərbaycanın tabeçiliyindən çıxardıb Mərkəzə tabe etdirmək barədə qərar imzaladı.

Təəssüf ki, həmin vaxt, iyunun 1-də SSRİ Xalq Deputatlarının qurultayında çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov nə bu təhqiramiz qərardan, nə də ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, “Dağlıq Qarabağ”da baş verən separatizm əməllərindən bir kəlmə də danışmadı. Respublikaya qarşı olan böyük haqsızlıqlar barədə qurultaya məlumat verməyə cürəti, yaxud ixtiyarı çatmadı. Əvəzində elə həmin dönəmdə o və Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko, Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini V.Barannikov birlikdə Bakını “sakitləşdirmək” mövzusunda Kremldə danışıqlar apardılar.

Nəhayət, 1990-cı il yanvarın ilk günlərində Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov Bakıya gəlib Azəbaycan KP MK-da xüsusi müşavirə keçirtdilər. Az sonra, yanvarın 13-də DTK-nın agentura şəbəkəsi guya “Bir erməninin iki azərbaycanlını öldürməsinə” cavab olaraq Bakıda ermənilərə qarşı iğtişaşlar törətdi. Həmin vaxt artıq çoxdan Bakıda oturan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvələri isə hadisələrə qarışmayıb tam seyrçi qaldılar.

Bakıda qəddarcasına talanlar, qırğınlar, şiddətlər törədən xüsusi dəstənin uca boylu, iri cüssəli, qara kitelli naməlum üzvləri qəfildən şəhərdə peyda olduqları kimi, talanlardan sonra qəfildən də yoxa çıxdılar.

Qurama “erməni talanlarının” ardınca Moskva Siyasi Büro üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakovu, Sov.İKP MK katibi A.Girenkonu, SSRİ Nazirlər Soveti sədrinin müavini V.Doqujiyevi Bakıya göndərdi. Eyni vaxtda şəhər ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnikalar yeridildi. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Hətta Azərbaycan KP MK-nın binasının daxilinə də təpədən-dırnağadək silahlanmış rus əsgərləri doldurulmuşdu.

Şəhəri mühasirəyə alan ordunun tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan yığılmış şübhəli dəstələr, o cümlədən, erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdi. Ən əsası isə 300-dən artıq yüksək rütbəli zabit və generallar çoxdan Bakıda Qərargahda oturub hücum taktikası qurmaqda idilər. Ajiotajın dozasını artırmaq üçün, heç bir ehtiyac olmadığı halda rusdilli əhalini və hərbi qulluqçuların ailələrini Azərbaycandan köçürtməyə başladılar. Hadisələrdən çox qabaq ermənilər sevinclə “Azərbaycanın Livana, Bakının Beyruta çevriləcəyindən” danışırdılar! Yuxarı Qarabağda quldurluq edən, kəndləri yandırıb insanları öldürən erməni təcavüzkarlarına qarşı tədbir görmək barədə Azərbaycandan Moskvaya ünvanlanan bütün vətəndaş müraciətlərinə isə heç bir reaksiya verilmirdi.

Yanvarın 17-də təzyiq bir az da yüksəldi: Azərbaycan KP MK-nın binasının qarşısında simvolik dar ağacları quruldu, izdihamlı mitinqlər başlandı. Y.Primakov və A.Girenko AXC nümayəndələri ilə görüşdülər. Ertəsi gün AXC fəalları Biləsuvar və Cəlilabad rayonlarının ərazisində sərhəd qurğularını sökməyə başladılar…

Beləliklə, aydın görünür ki, aylarla-illərlə davam edən proses heç bir xüsusi teleqramsız-filansız  lazımi “kondisiyaya” çatdırılırdı. Qoşun çoxdan Bakıda hazır vəziyyətdə idi. Hətta SSRİ Müdafiə naziri Dmitri Yazov hadisələrdən bir neçə gün qabaq “Mayak” Radiosu ilə çıxış edərək “rusları və erməniləri qorumaq üçün” qoşunun Bakıya girəcəyini bildirmişdi.

Son olaraq yanvarın 19-da Y.Primakov və A.Girenko Azərbaycan KP MK-nın binası qarşısındakı mitinqin təşkilatçıları ilə görüşüb qoşunun şəhərə girməyəcəyinə vəd verdilər, eyforiyada olan liderləri arxayın saldılar. Liderlər də xalqı…

Lakin Kreml V.İ.Leninin məkrli taktikası ilə gedərək, “Bu gün tezdir, sabah gecdir – bu gecə!” deyib, həmin arxayın gecədə hücum əmri verdi. Yanvarın 19-dan 20-nə keçən gecə gözlənilmədən qoşun hücuma keçdi və içkili, nəşəli “soldatlar” əliyalın camaata ağır texnikadan, avtomat silahlardan yaylım atəşi aça-aça dörd bir tərəfdən şəhərə girdilər…

AzTV-nin enerji blokunu partladıb informasiya blokadasına salınan Bakıda Sovet qoşunlarının törətdiyi vəhşiliklər barədə ancaq “Azadlıq” Radiosu Mirzə Xəzərin vasitəsilə dünyaya məlumat yaya bildi. Gecə səhərədək şəhərdə qan su yerinə axdı… Və yalnız səhər saat 7-də Azərbaycan Radiosu ilə elan olundu ki, sən demə dünən axşamdan Bakı şəhərində fövqəladə vəziyyət barədə M.Qorbaçovun Fərmanı varmış və küçəyə çıxmaq olmazmış. Ancaq bu elan verilənə qədər artıq xeyli dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, itgin düşmüş, şəhər darmadağın edilmişdi…

Bu münvalla, hadisələrin gedişindən göründüyü kimi, uzun müddət ərzində məqsədli şəkildə mərhələ-mərhələ yaradılan xaotik mürəkkəb situasiyada SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanıb, xüsusi təyinatlı “ALFA” qrupunun həyata keçirtdiyi irimiqyaslı “Zərbə” əməliyyatını “Nazirlər Soveti sədrinin müavini teleqram vurdu – qoşun Bakıya girdi” səviyyəsində bəsitləşdirmək və məqsədli şəkildə “qlobal oyunlar” quran Kremlin böyük cinayətini bu dərəcədə kiçiltmək – tezis müəlliflərinin niyyətini sual altına qoyur.

Halbuki 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verən Milli Məclis Sovet Silahlı Qüvvələrinin Bakı şəhərində və respublikanın bir neçə rayonunda silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejiminin hərbi cinayəti kimi qiymətləndirmişdir. Faciəni təşkil edən Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və Hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi rəsmən təsbit olunmuşdur.

…Hadisələrin xronikasını ona görə belə ətraflı şərh edirik ki, hörmətli oxucu həqiqətin harada olduğunu özü bir daha aydın şəkildə görsün: mürəkkəb “20 Yanvar” əməliyyatı sadəcə bir “teleqramla” başa gələn iş deyildi, bunun üçün ən yüksək səviyyədə siyasi qərar olmalı idi və var idi. Məhz siyasi qərar! Nazirlər Soveti isə siyasi qərarlar verən, yaxud ona təsir edən idarə deyildir, yalnız iqtisadi-sosial və təsərrüfat təyinatlı icra orqanıdır.

Kremlin illərlə hazırladığı və icra etdiyi bu boyda qlobal xarakterli tarixi əməliyyatını “Azərbaycandan Nazirlər Soveti sədrinin müavini teleqram vurdu, qoşun qaça-qaça gəldi” formasında gülünc təfsir edənlər onu da unudurlar ki, 20 Yanvar qırğınından sonra Artur Rasi-zadə yox, Əbdürrəhman Vəzirov hərbi təyyarə ilə Moskvaya qaçdı. Və 20 Yanvar qırğınından sonra Kreml Artur Rasi-zadəyə yox, Ayaz Mütəllibova etimad göstərib Azərbaycan KP MK-nın birinci katibi, Həsən Həsənovu Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrinə təyin etdi. Əksinə, A.Rasi-zadə isə Ulu Öndər yenidən hakimiyyətə qayıdana qədər işsiz qaldı…

Təəssüf ki, siyasi mübarizə metodu kimi “qurşaqdan aşağı zərbələrin” dəb olduğu  şəraitdə bəzən həqiqətlərin araşdırılması kimlərəsə sərf etmir. Populistlərin kütləvi şüur daşıyıcılarını “gop da olsa maraqlıdır” ruhunda real həqiqətdən çox, irreal, uydurma versiyalara alışdırdığı artıq təəccüb doğurmur.

Nahaq ittihamlara tuş gələn abırlı adamlar isə öz abırlarını qoruyaraq müdrikanə susqunluğa və təmkinə üstünlük verirlər. Prezidentə və müstəqil dövlətçiliyə sadiq digər vicdanlı məmurları kimi, mətbuatda ən müxtəlif motivlərdə şər-böhtanla üzləşən görkəmli dövlət xadimi Artur Tahir oğlu Rasi-zadə də heç vaxt onlara cavab verməyə razı olmur və bunu qısaca belə izah edirdi: “Mən o səviyyəyə enib yalanın, iftiranın nəyinə təkzib verim?! Olmayan uydurmalar haqqında nə danışım axı?!”

  • yusif
    Yanvar 21, 2022 - 12:55

    niyə ayaz mütəllibovun 1990-cı il yanvarın 16-da aztvdəki çıxışını heç kəs xatırlamaq istəmir və buna azqala 30 ildir heç bir qiymət verilmir….o zaman o öz çıxışında çox ağır 1 qərar qəbul etmək məcburiyyətində qaldıqlarını və sovet orduusunu dəvət etdiklərini bildirmişdi..bu ölkədə media və jurnalistlər yoxdurmu..bunu araşdırıb həiqəti ortaya çıxarsınlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*