Fransa Prezidenti Emmanuel Makron mayın 3-5-də Aİ-Ermənistan sammitində iştirak etmək üçün İrəvanda olub və buradan Türkiyəyə qapalı quru sərhədi vasitəsilə keçərək Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə AZfront Telegram kanalı məlumat yayıb.
Mənbənin bir neçə məlumatlı şəxsə istinadən yaydığı iddiaya görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb.
Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə çıxarıldıqdan sonra Ərdoğan strateji müttəfiq olan Azərbaycanla məsləhətləşmələr aparıb. Bundan sonra, iddiaya əsasən, Makrona Ermənistan-Türkiyə quru sərhədini keçməyə icazə verilməyib.
AZfront yazır ki, Makron beynəlxalq aləmdə uğursuz xarici siyasətinə görə tənqidlər fonunda Ermənistandan Türkiyəyə səfəri öz diplomatik çəkisinin nümayişinə çevirmək istəyib.
Fransa prezidentinin 30 ildən artıqdır bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi ikitərəfli kommunikasiyaların üçüncü tərəf vasitəsilə açılması kimi presedentsiz siyasi jest ola bilərdi.
Mənbə qeyd edir ki, Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində ciddi nəticə əldə etməyən Makron bu baş tutmayan cəhdi ilə Parisin beynəlxalq arenadakı real çəkisi ilə öz geosiyasi ambisiyaları arasındakı fərqi bir daha göstərib.
“Makron dövründə Fransa diplomatiyası sürətlə öz əhəmiyyətini itirir”, – deyə mayın 5-də Fransanın Le Journal du Dimanche qəzeti yazıb.
Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları da diqqət çəkib.
O bildirib ki, İrəvanda özünü “evdəki kimi” hiss edir və Ermənistan-Türkiyə normallaşması başlayandan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər verərkən “Türkiyənin deyil, ermənilərin maraqlarını” rəhbər tutub.
Azərbaycan mediası qeyd edir ki, onun ritorikası Türkiyə hakimiyyətinin rəsmi xətti ilə ziddiyyət təşkil edir və milli maraqlardan geri çəkilmə kimi qəbul oluna bilər.
Qeyd edək ki, bu iddialarla bağlı Türkiyə, Fransa və Ermənistan tərəflərindən rəsmi açıqlama verilməyib.
Natiq Səlim,
KONKRET.az
