2024-cü ildə hansı siyasi proseslər baş verəcək? – Türkiyəli ekspertlə OLAY MÜSAHİBƏbackend

2024-cü ildə hansı siyasi proseslər baş verəcək? - Türkiyəli ekspertlə OLAY MÜSAHİBƏ

“Şahramanyanın son addımı Ermənistan hakimiyyətinin sülh istəmədiyini bir daha göstərir”.

Bu sözləri Türkiyənin Qaziantep Universitenin müəllimi, dosent, siyasi ekspert Əli Fuad Gökçə KONKRET.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Əli bəy, Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanın qondarma rejimi ləğv etdiyinə dair “fərman”ını geri çəkməsinin arxasında nə dayanır?

– Savmel Şahramanyanın qondarma rejimin ləğv olunması ilə bağlı “fərman”ını geri çəkməsi Ermənistanın başqa yerlərdən dəstək aldığını göstərir. Rəsmi İrəvan xaricdən həm hərbi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bu da onun təzahürüdür. Düşünürəm ki, Şahramanyanın son addımı Ermənistanın müharibəyə hazırlaşdığını bəyan etməsi mənasını verir. Amma Ermənistanın özünün müharibəyə gücü yoxdur. Ona görə də xaricdən dəstək alır.

– İrəvan hakimiyyəti bununla bir daha sülh istəmədiyini göstərdi? Bəs bu, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına necə təsir göstərəcək?

– Bəli, Şahramanyanın son addımı Ermənistan hakimiyyətinin sülh istəmədiyini bir daha göstərir. Nikol Paşinyan hakimiyyəti özünü sülh müqaviləsi imzalamağa yaxın tərəf kimi göstərməyə çalışsa da, separatçı rejimin qəbul etdiyi “qərar”ı əngəlləyəcək mövqe ortaya qoymadı. Bu isə İrəvan hakimiyyətinin arxa planda separatçılara dəstək verdiyini göstərir.

Təbii ki, bu da Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına mənfi təsir göstərəcək. Paşinyan administrasiyası sülh müqaviləsi ilə bağlı açıqlamalar verir, amma onun əksi istiqamətində addımlar atır. Bu da tərəflər arasındakı danışıqlara mənfi təsir edəcək.

– 2024-cü illə bağlı proqnozlarlarınızı öyrənmək istərdim. Gələn il dünyada hansı önəmli siyasi proseslərin baş verməsini gözləyirsiniz?

– 2024-cü ildə bölgədəki, Yaxın Şərqdəki və Azərbaycanla Ermənistan arasındakı proseslər diqqət mərkəzində olacaq. Həmçinin, ABŞ-nin Qara dənizə daxil olma çabalarının növbəti il də davam edəcəyi gözlənilir. Yəni Qara dənizə diqqət etmək lazımdır.

Onu da qeyd edim ki, artıq Yaxın Şərq “qanayan yara”dır. Həmin bölgəni bu və ya digər şəkildə qeyri-stabil vəziyyətə gətiriblər. Hətta ABŞ mövcud status-kvonu qoruyaraq bütün qüvvələri ilə ora yönələ bilər.

– Necə düşünürsünüz, Rusiya-Ukrayna və İsrail-HƏMAS arasındakı müharibə növbəti il başa çata bilər?

– Qərbin Ukraynaya dəstəyi olmasa, Ukrayna Rusiya qarşısında tab gətirə bilməyəcək. Amma bu müharibənin gələn il bitəcəyini zənn etmirəm. Buna baxmayaraq, tərəflər arasındakı toqquşmaların minimuma enəcəyi gözlənilir. Əlbəttə ki, burada Qərbin mövqeyi həlledici olacaq.

Həmçinin, İsraillə HƏMAS arasındakı müharibənin də bir müddət daha davam edəcəyini proqnozlaşdıra bilərik. Ən azından bu müharibənin də 2024-cü ilin ilk 6 ayı ərzində bitməyəcəyini deyə bilərik.

– Bəs 2024-cü ildə dünyanın hansı bölgələrində yeni müharibənin meydana gəlmə riski yüksəkdir?

– Düşünürəm ki, ABŞ və Çin arasında hər an hər şey ola bilər. Həmçinin, Suriyanın və İraqın şimalında yeni müharibə meydana gələ bilər. Eyni zamanda, Qırmızı dəniz də çox önəmlidir. Yəmənə qarşı hansısa addımlar atıla bilər. Yəni məncə, bu bölgələr yeni müharibə ehtimalları baxımından olduqca risklidir.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*