Azərbaycanda sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı yeni yanaşmaların tətbiqi zaman-zaman gündəmə gəlir. Xüsusilə 60 yaşdan yuxarı şəxslərə sürücülük vəsiqəsinin 10 il əvəzinə 5 il müddətinə verilməsi məsələsi yol hərəkəti təhlükəsizliyi baxımından müzakirə olunur.
Bəs yaşlı sürücülər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddətinin qısaldılması məqsədəuyğundurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, burada əsas meyar sürücünün yaşı deyil, onun avtomobil idarə etmək üçün fiziki və psixoloji baxımdan yararlı olub-olmamasıdır.

Ekspertin sözlərinə görə, sürücü nəqliyyat vasitəsini təhlükəsiz idarə edir və onun fiziki göstəriciləri müəyyən edilmiş tələblərə cavab verirsə, yalnız yaşına görə hüquqlarının məhdudlaşdırılması düzgün yanaşma deyil.
“Əgər sürücü normal idarə edirsə, fiziki normativləri yerindədirsə, biz onu niyə məhdudlaşdırmalıyıq? Nəyə görə digər vətəndaşlardan fərqləndirməliyik? Bu, həmin şəxslərdə müəyyən diskomfort yarada və hərəkət təhlükəsizliyinə münasibətdə əsassız inamsızlıq formalaşdıra bilər”, – deyə ekspert bildirib.
Aslan Əsədov qeyd edib ki, uzun illər sürücülük təcrübəsi olan şəxslərin bilik və bacarıqlarından da istifadə etmək lazımdır. Onun fikrincə, yol hərəkətinin təşkili və təhlükəsizliyin təmin olunmasında təcrübəli insanların praktiki təcrübəsi mühüm əhəmiyyət daşıyır.
“Daha çox təcrübəyə malik olan insanlardan faydalanmaq məcburiyyətindəyik. Yol hərəkətinin təşkilində müxtəlif nöqsanlara yol verən sürücülər var və bu kimi hallar ümumilikdə hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir. Ona görə də belə amillərdən qaçmamalıyıq”, – deyə ekspert vurğulayıb.
Ekspert hesab edir ki, sürücülük hüququnun müəyyən yaş həddinə çatdıqda avtomatik məhdudlaşdırılması əvəzinə, şəxsin real fiziki vəziyyəti və nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək qabiliyyəti əsas götürülməlidir.
“Yol hərəkətinin təşkili və təhlükəsizliyində, xüsusilə yolların düzgün təşkilində, hərəkət qaydalarının müəyyənləşdirilməsində kifayət qədər təcrübəsi olan insanlara ehtiyac var. Mən yaşın aşağı salınmasının tərəfdarı deyiləm. Əksinə, fiziki durumu imkan verən insanların yollarda fəaliyyətini davam etdirməsi məqsədəuyğundur”, – Aslan Əsədov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
