Bakı metrosunda “Nizami–28 May” stansiyaları arasında qatarların hərəkətinin təxminən 10–11 ay müddətində dayandırılması paytaxtda nəqliyyat məsələsini yenidən gündəmə gətirib. Xüsusilə həmin ərazilərdə yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin gediş-gəlişində müəyyən çətinliklərin yaranacağı gözlənilir.
Belə bir vəziyyətdə metro stansiyalarına yaxın ərazilərdə yerləşən təhsil müəssisələrində dərslərin müvəqqəti olaraq hibrid və ya distant formada keçirilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə bir qərarın qəbul edilməsi yalnız aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.

Onun sözlərinə görə, yaranmış vəziyyət tədris prosesinə ciddi təsir göstərərsə, təhsil formasının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilə bilər:
“Bu, elə bir məsələdir ki, onu yalnız tənzimləyən orqanlar – ali icra orqanları, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də ali təhsil müəssisələri üzrə müvafiq dövlət qurumu qərarlaşdıra bilər. Əgər yaranmış vəziyyət tədris prosesinə ciddi təsir göstərərsə, belə addımların atılması mümkündür.
Amma ümumilikdə hazırda bununla bağlı hər hansı söz-söhbət yoxdur. Düşünmürəm ki, metroda aparılan bu təmir işləri tədris prosesinə təsir edən əsas faktor olsun. Böyük ehtimalla, tədris prosesi əvvəlki qaydada davam etdiriləcək”.
Ekspert qeyd edib ki, paytaxtda alternativ nəqliyyat imkanlarının mövcudluğu nəzərə alınarsa, yalnız metroda yaranacaq fasiləyə görə təhsil müəssisələrinin distant və ya hibrid təhsil rejiminə keçirilməsi real görünmür.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin məlumatına əsasən, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi çərçivəsində “Nizami–28 May” mənzilində qatarların hərəkəti dayandırılacaq. İşlərin təxminən 10–11 ay davam edəcəyi bildirilir.
Aynurə İsmayıl
KONKRET.az
