Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərdə 2027-ci ildə kütləvi məskunlaşmanın planlaşdırıldığını və hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda evin təklif ediləcəyini bildirib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, deputat diqqətə çatdırıb ki, hazırda azad olunmuş bölgələrdə 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır, çalışır və təhsil alır, onların 41 213 nəfəri isə daimi məskunlaşan keçmiş məcburi köçkünlərdir.
Məskunlaşma dinamikasında ən yüksək göstərici Ağdam rayonunda qeydə alınıb ki, hazırda orada 8 300 nəfər yaşayır. Cəbrayıl rayonuna isə 7 112 keçmiş məcburi köçkün geri qayıdıb.
V.Bayramov vurğulayıb ki, qurulan müasir infrastruktur məskunlaşmanın genişlənməsinə birbaşa şərait yaradır və heç bir keçmiş məcburi köçkün bu böyük prosesdən kənarda qalmayacaq.
Bölgədəki bərpa və quruculuq işlərinin miqyasından bəhs edən deputat Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə indiyədək 600 dəfədən çox səfər etdiyini, bu səfərlər çərçivəsində 180-dən çox layihənin təməlinin qoyulduğunu və 170-dən çox obyektin açılışının həyata keçirildiyini nəzərə çatdırıb.
Vüqar Bayramov Zəfərdən sonra regionun iqtisadi göstəricilərində kəskin artımın olduğunu da statistik faktlarla təqdim edib. O bildirib ki, Qarabağ iqtisadi rayonunda məhsulun ümumi buraxılışı 2020-ci ildəki 1 milyard 548 milyon manatdan 4 dəfə artaraq 6 milyard manata çatıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2020-ci ildə 134 milyon manat təşkil edən ümumi buraxılış 30 dəfə artaraq 4 milyard manatı ötüb. Deputat hazırda regionda sənaye məhsulunun həcminin 100 milyon manat, aqrar sektorun həcminin isə 170 milyon manatdan çox olduğunu diqqətə çatdırıb.
