Koronel döyüşü: Alman donanmasının Britaniya üzərində tarixi qələbəsibackend

Koronel döyüşü: Alman donanmasının Britaniya üzərində tarixi qələbəsi

1914-cü il noyabrın 1-də Çilinin Koronel limanı yaxınlığında vitse-admiral Maksimilian fon Şpenin komandanlıq etdiyi Almaniyanın Şərqi Asiya eskadrası kontr-admiral Kristofer Kredokun rəhbərlik etdiyi Britaniya donanmasını darmadağın etdi.

Almaniyanın “Scharnhorst” və “Gneisenau” zirehli kreyserləri Britaniyanın “Good Hope” və “Monmouth” gəmilərini batırdı. Hər iki gəminin göyərtəsində olan 1654 britaniyalı dənizçinin hamısı, o cümlədən kontr-admiral Kredok həlak oldu. Qaranlıq və güclü fırtına səbəbindən xilasetmə əməliyyatları aparmaq mümkün olmadı. Alman eskadrası isə döyüşdən cəmi bir neçə yüngül yaralı ilə çıxdı.

Britaniyanın “Glasgow” yüngül kreyseri və “Otranto” köməkçi kreyseri alman gəmilərinin təqibindən yayınaraq xilas ola bildilər.

Koronel döyüşündə almanların qazandığı qələbə Britaniya donanması üçün ağır zərbə idi. Bu, təxminən bir əsr ərzində Kral Hərbi Dəniz Donanmasının (Royal Navy) üzləşdiyi ilk böyük dəniz məğlubiyyəti hesab olunurdu.

Fəlakətin əsas səbəbləri isə döyüş meydanına çıxmazdan xeyli əvvəl yaranmışdı.

Britaniya qüvvələri parçalanmış vəziyyətdə idi. Eskadranı gücləndirə biləcək “Canopus” zirehli gəmisi əsas qüvvələrdən geridə qalmışdı və döyüş zamanı hadisə yerindən təxminən 300 mil uzaqda idi.

“Good Hope” və “Monmouth” kreyserləri “Aurora” ilə eyni dövrün gəmiləri idi. Uzun müddət istismarda olmuş bu köhnə kreyserlər ehtiyatdan çıxarılaraq yenidən xidmətə qaytarılmış, lakin onların heyətləri lazımi döyüş hazırlığına malik deyildi. Alman gəmilərinin ekipajları isə daha təcrübəli idi. Xüsusilə artilleriya atəşinin dəqiqliyi və koordinasiyası baxımından almanlar britaniyalıları xeyli üstələyirdilər.

Britaniya donanmasının vəziyyətini daha da ağırlaşdıran amillərdən biri ziddiyyətli əmrlər idi. Admirallıq Kredokdan düşməni axtarmağı tələb edirdi. Lakin sonradan ona “Canopus” olmadan döyüşə girməmək, qüvvələrini birləşdirmək və əlavə dəstək gözləmək barədə göstəriş göndərilmişdi.

Təəssüf ki, bu mesaj almanlarla qarşılaşana qədər Kredoka çatmadı.

Britaniyanın rəsmi hərbi tarixində də vurğulanır ki, admiral əvvəl aldığı “düşməni axtarmaq” və “onunla qarşılaşmağa hazır olmaq” əmrlərini düşməni taparaq hücuma keçmək göstərişi kimi başa düşə bilərdi. Beləliklə, Kredok komandanlığın vaxtında və aydın şəkildə həll etmədiyi mürəkkəb seçim qarşısında qalmışdı.

Döyüşün nəticəsinə hava şəraiti və günün işıqlanma vəziyyəti də ciddi təsir göstərdi.

Dənizdə güclü külək əsir, dalğalar getdikcə yüksəlirdi. Günəş batdıqdan sonra Britaniya gəmiləri üfüqdə qalan işıqlı səmanın fonunda aydın görünürdü. Alman gəmiləri isə qaranlıq sahil fonunda demək olar ki, seçilmirdi.

“Glasgow” kreyserinin dənizçilərindən biri həmin mənzərəni belə təsvir etmişdi:

“Biz gün batımının işıqlı fonunda siluet kimi görünürdük, onlar isə qara buludun fonunda demək olar ki, görünməz idilər”.

Beləliklə, alman topçuları əlverişli mövqedən istifadə edərək hədəfləri daha dəqiq nişan ala bildilər. Britaniya gəmiləri qısa müddətdə ağır zərbələr aldı.

“Glasgow”un kapitanı Con Lüs sonradan kontr-admiral Kredokun özündən sayca və texniki baxımdan üstün düşmənə hücum etmək qərarını belə qiymətləndirmişdi:

“Baxmayaraq ki, bu qərar faciə ilə nəticələndi, onda Britaniya donanmasının ən ali ənənələrindən biri özünü göstərdi”.

Lakin bu sözlər admiralın qərarı ətrafında yaranan mübahisələrə son qoymadı. Onun döyüşə girmək qərarının nə dərəcədə düzgün olması hərbi tarixçilər arasında müzakirə mövzusu olaraq qaldı.

Bununla belə, Koroneldə qazanılan qələbə Almaniya eskadrasını xilas edə bilmədi.

Cəmi beş həftə sonra, 1914-cü il dekabrın 8-də Folklend adaları yaxınlığında alman gəmiləri Britaniya donanmasının güclü xətti kreyserləri “Invincible” və “Inflexible” ilə qarşılaşdı. Bu dəfə üstünlük britaniyalıların tərəfində idi.

“Scharnhorst” və “Gneisenau” batırıldı, vitse-admiral fon Şpenin özü də daxil olmaqla, alman eskadrasının demək olar ki, bütün heyəti məhv edildi.

Beləliklə, Koroneldəki möhtəşəm qələbədən cəmi bir ay sonra Almaniyanın Şərqi Asiya eskadrası tarix səhnəsindən silindi.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Şəkildə: 1914-cü ildə Almaniyanın “Scharnhorst” və “Gneisenau” zirehli kreyserləri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*