Qərbi Avropada nə baş verir? Etirazçılar nə tələb edir və bu tələblər nə dərəcədə realdır?backend

Qərbi Avropada nə baş verir? Etirazçılar nə tələb edir və bu tələblər nə dərəcədə realdır?

Düzünü desəm, Qərbi Avropada baş verənləri artıq heç cür anlaya bilmirəm. Halbuki özüm də burada yaşayıram.

Təxminən iki həftədir Fransada, İspaniyada, İtaliyada, indi isə Almaniyada keçirilən kütləvi etirazlar barədə müxtəlif yazılar oxuyuram. Əslində, məni düşündürən çox sadə bir sualdır: etirazçılar konkret olaraq nə tələb edirlər? Üstəlik, bu tələblər nə dərəcədə realdır? Oxuduqca isə çaşqınlığım daha da artır.

Formal baxımdan ən aydın mənzərə Fransadakı məktəblilərin etirazları ilə bağlıdır. Onlar siniflərdə şagird sayının azaldılmasını, müəllimlərin maaşlarının artırılmasını və ali təhsilə çıxışda hamı üçün bərabər imkanların yaradılmasını tələb edirlər.

Fransa hakimiyyətinin bu tələbləri necə yerinə yetirəcəyini isə, görünür, yalnız Allah bilir. Əgər düzgün başa düşürəmsə, ölkə büdcəsində ciddi kəsir var, dövlətin daxili borcu gələcək nəsillərin də çiyninə düşəcək qədər böyükdür. Sosial ədalət ideyası isə nəzəri baxımdan kommunizmə bənzəyir: kağız üzərində hər şey gözəldir, praktikada isə çox vaxt bunun əvəzini ağır ödəməli olursan.

Amma bir daha vurğulayım: məktəblilərin tələblərində məntiqli məqamlar var. Bunu hətta Fransanın sağçı siyasi dairələrinə yaxın şəxslər də etiraf edirlər.

Bəs digər tətil və yürüşlər necə? Onların tələbləri nədir?

Müavinətlərin artırılması, ucuz mənzillərin təmin edilməsi, varlılara daha çox, kasıblara isə daha az vergi tətbiq olunması, əməkhaqlarının yüksəldilməsi, İsrailə silah tədarükünün dərhal dayandırılması… Sonuncu tələbə görə Avropanın yüzlərlə limanı bir sutkalıq fəaliyyətini dayandırıb və nəticədə hamıya maliyyə zərəri dəyib.

Bununla yanaşı, “hüquqsuz” vəziyyətdə olduqları iddia edilən kirayəçilərin müdafiəsi, oliqarx-mülk sahiblərinin sərvətlərinin əlindən alınması kimi çağırışlar da səsləndirilir. Bütün bunlar isə həmkarlar ittifaqlarının qırmızı bayraqları altında baş verir.

Düzünü desəm, kapitalist Qərbi Avropa sakinlərinin birdən-birə, özü də kütləvi şəkildə ağıllarını itirdiklərinə inanmaq istəmirəm. Axı təsəvvür etmək mümkün deyil ki, hətta ən solçu hökumət belə mitinqlərdən sonra çıxıb desin:

“Bəli, haqlısınız! Sabahdan varlıların vergilərini artırır, kasıbların vergilərini azaldırıq. Hamıya mənzil veririk, üstəlik, hər kəsə bir kürək xoşbəxtlik paylayırıq!”.

Bu, artıq Vladimir Jirinovskinin ritorikasını xatırladır!

Avropanın avtomobil sənayesi infarktöncəsi vəziyyətdədir. Çin şirkətləri tenderlərdə bir-birinin ardınca Avropa istehsalçılarını qabaqlayırlar. Müxtəlif məhsulların istehsalı üzrə zavodlar Avropa İttifaqının hüdudlarından kənara köçürülüb.

Yaşıl enerji siyasəti isə, mahiyyət etibarilə, ənənəvi enerji sektorunu zəiflədib, daha dəqiq desək, enerjini həddindən artıq bahalı və rəqabətə davamlı olmayan hala gətirib. Avropanın süni intellekt şirkətləri də bu sahədəki qlobal rəqabətdə, böyük əksəriyyəti etibarilə, geridə qalırlar.

Bəs bütün bu sosial layihələrə pul haradan tapılacaq? Həmkarlar ittifaqları ümumi büdcədəki vəsaitin necə yenidən bölüşdürüləcəyini təsəvvür edirlər? Axı həmin “ümumi kisə”də, demək olar ki, puldan çox borc öhdəlikləri var!

  • Halbuki Avropa gəmisinin hələ də kifayət qədər böyük enerji və dayanıqlılıq ehtiyatı mövcuddur. Asiyanın bütün iqtisadi pələngləri ilə rəqabətdə geri qalan Avropa İttifaqı gəmisi ətalət hesabına hələ uzun müddət dalğalar üzərində hərəkət edə bilər. Amma getdikcə sürətini daha çox itirəcək.

Məncə, bu, baş verənlərin elə də mürəkkəb olmayan iqtisadi təhlilidir. Hətta yuxarı sinif şagirdi də iki üstəgəl ikini toplamaqla bu nəticəyə gələ bilər.

  • Amma həmkarlar ittifaqlarının liderlərinə həyatın ən sadə iqtisadi həqiqətlərini anlamaq üçün iki sadə hesab əməliyyatı aparmaq əvəzinə, tamam başqa mənzərənin şahidi oluruq.

Qırmızı bayraqlar daşıyan ciddi, yaşlı kişilər günəş şezlonqlarından qalxıb gəminin göyərtəsinə çıxırlar. Kimsə maşın şöbəsində işini dayandırır, kimsə teleqrafın fəaliyyətini müvəqqəti dayandırır, restoranın aşpazı isə önlüyünü çıxarıb işini yarımçıq qoyur. Sonra hamısı kapitanın yanına gedərək ondan gəminin sürətini iki dəfə artırmağı, üstəlik, iyun ayında bütün heyətə 13-cü maaş verilməsini tələb edirlər.

Bu arada isə gəmi aysberqə doğru irəliləməkdə davam edir… Bir sözlə, vəziyyət mənə tam aydın deyil. Avropa üzrə mütəxəssislər, bəlkə siz izah edəsiniz?

Müəllif: Yevgeni Yerlik

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*