XVII əsrin ən məşhur dəniz quldurlarından biri olan ingilis Henri Evri “bəxtəvər quldurlar”ın ən uğurlularından sayılırdı. O, Afrika və Cənubi Asiya sahillərində fəaliyyət göstərir, ticarət gəmilərinə hücum edərək böyük sərvət toplayırdı. Lakin onun adını tarixə yazdıran əsas hadisə 1695-ci ildə Böyük Moğol imperiyasına məxsus “Qanq-i-Savay” gəmisinin ələ keçirilməsi oldu. Evri bu hücum nəticəsində o dövr üçün görünməmiş miqdarda qənimət əldə etdi.
Qızıl, gümüş, pul və qiymətli daşlarla yanaşı, onun qənimətləri arasında Böyük Moğolun qızı Fatimənin də olduğu iddia edilir.
Dəniz quldurunun həyatı haqqında ilk geniş məlumatı Daniel Defo 1724-cü ildə Londonda nəşr olunan “Quldurluğun ümumi tarixi” əsərində qələmə alıb.
Əgər Evrinin gəmisində girov saxlanılmış hollandiyalı Van Brukun xatirələrinə inanmaq lazımdırsa, quldur onunla söhbətlərinin birində maraqlı etiraf edib. Henri bildirib ki, Evri əslində onun soyadı deyil. Əsl adı Henri Bricmen olub. O, ailəsini təhlükəyə atmamaq üçün həqiqi soyadını gizlətməyə məcbur qalıb. Bu məlumatın nə dərəcədə doğru olduğunu indi müəyyənləşdirmək çətindir.
Van Brukun yazdıqlarına görə, Henri ticarət gəmisi kapitanının oğlu olub və uşaqlıqdan dənizə böyük maraq göstərib. Böyüdükdən sonra bir neçə hərbi gəmidə xidmət edib. Həyatı zahirən qaydasında getsə də, şəxsi həyatında baş verən bir hadisə onun taleyini dəyişib: arvadının xəyanətini öyrənən Henri bunu bağışlaya bilməyib və həyatına tamamilə yeni istiqamət vermək qərarına gəlib.
Beləcə, o, 46 toplu “II Çarlz” gəmisinə birinci köməkçi kimi işə düzəlib. Gəmiyə kapitan Gibson rəhbərlik edirdi.
Gəmi İspaniya hakimiyyətinin sifarişi ilə Amerikaya, dəniz quldurlarına qarşı mübarizə aparmaq üçün silah daşımalı idi. Lakin La-Korunya limanında gözlənilmədən ilişib qaldı. Gəmi orada düz səkkiz ay dayandı. Bu müddət ərzində dənizçilərə maaş verilmədi. Kapitan Gibson isə heyətin narazılığına aqressiv münasibət göstərir, yaranmış problemi həll etmək üçün heç bir ciddi addım atmırdı.
Nəticədə 1694-cü ilin may ayının əvvəlində “II Çarlz” gəmisinin heyəti üsyan qaldırdı. Üsyana Henri Evri rəhbərlik edirdi.
Kapitan Gibson və onun bir neçə tərəfdarı müqavimət göstərmədən təslim oldu. Onları qayığa mindirərək sahilə göndərdilər. Bundan sonra Evri gəminin adını “Fantaziya” olaraq dəyişdirdi, pirat bayrağı qaldırdı və Qərbi Afrika sahillərinə doğru istiqamət götürdü.
Yeni quldur kapitanı və onun heyəti ticarət gəmilərinə hücum etməklə maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətində idilər. Gözləntiləri özünü doğrultdu. Yaşıl Burun adaları yaxınlığında bir neçə ingilis gəmisini ələ keçirdilər. Ərzaq və silah ehtiyatları ilə yanaşı, heyətə doqquz britaniyalı dənizçi də qoşuldu.
Bir müddət sonra, Qvineya körfəzi sularında Henri iki Danimarka gəmisini də ələ keçirdi. Qənimət kifayət qədər böyük idi: hər quldurun payına təxminən doqquz unsiya qızıl düşürdü. Bundan əlavə, piratların sıralarına qoşulmaq istəyən 14 danimarkalı da heyətin sayını artırdı.
Bəzi tədqiqatçılar hesab edirlər ki, Evri Afrikadan Amerikaya qaradərili əsirləri qanunsuz daşıyan qul ticarəti ilə də məşğul olub. Bu ehtimalı “Hannibal” gəmisinin kapitanı Fillipsin xatirələri dəstəkləyir. O yazırdı ki, “Uzun Ben” ləqəbi ilə tanınan Evri Qvineya sahillərinə səfər etdikdən sonra həmin ərazidə qaradərili insan tapmaq mümkün olmayıb.
Madaqaskardan sonra quldurların marşrutu Komor adalarının ikinci ən böyük adası olan Anjuan yaxınlığından keçirdi. Burada da Evrinin bəxti gətirdi. O, bir qurab gəmisini və 40 fransız filibusteri ələ keçirdi. Onlar da onun heyətinə qoşuldular.
Lakin bir neçə gün sonra Anjuan sahillərində Ost-Hind şirkətinə məxsus üç gəmi göründü. Bunlar “Benjamin”, “Mokka” və “Tonkin” idi. Evri düşmənlə açıq qarşıdurmaya girməyin mənasız olduğunu yaxşı anlayırdı. Buna görə də adamlarına lövbərləri qaldırıb dərhal dənizə çıxmağı əmr etdi. Hətta qarşı tərəfin kapitanları ilə danışıqlara belə cəhd göstərmədi.
Bu zaman sahildə xəstələnmiş heyət üzvlərindən biri – Uilyam Mey qaldı. Bir müddət sonra Evri yenidən adaya qayıtmaq qərarına gəldi. Burada daha on nəfərdən çox fransız dənizçini öz dəstəsinə cəlb etdikdən sonra Anjuanı tərk etdi.
Qırmızı dənizə doğru hərəkət edən “Fantaziya” artıq ciddi döyüş qüvvəsinə çevrilmişdi. Beynəlxalq tərkibli heyətin sayı təxminən 170 nəfərə çatırdı.
Hədəfə doğru irəliləyərkən Evri iki ingilis quldur gəmisi ilə qarşılaşdı. “Delfin” gəmisinə təxminən 60 nəfərlik heyəti olan kapitan Riçard Vent, “Portsmut Adventur” gəmisinə isə təxminən eyni sayda quldura rəhbərlik edən Cozef Faro komandanlıq edirdi. Qısa danışıqlardan sonra hər iki kapitan Evrinin rəhbərlik etdiyi yeni quldur donanmasına qoşulmağa razılıq verdi.
1695-ci ilin iyununda quldur gəmiləri Qırmızı dənizin girişində yerləşən Perim adası yaxınlığında göründülər. Burada Evrinin donanmasına daha üç gəmi qoşuldu: Tomas Ueykinin “Susanna”, Uilyam Meyin “Pörl” və Tomas Tyunun “Amity” gəmiləri. Hər birinin altı topu, heyətində isə 30-50 nəfər dənizçisi vardı.
Tomas Tyu Evrini mühüm məlumatla təmin etdi. Onun sözlərinə görə, yaxın vaxtlarda Qırmızı dənizdə Məkkəyə həcc ziyarətinə gedən hindistanlı zəvvarların gəmiləri görünməli idi.
Henri belə fürsəti əldən verən adamlardan deyildi. Tezliklə altı gəmidən ibarət quldur donanması Qırmızı dənizə daxil oldu. Lakin bir qədər sonra gəmilərin sayı azaldı: yavaş hərəkət edən gəmilərdən biri məhv edildi, digəri isə yolda azaraq donanmadan geri qaldı.
Beləliklə, dörd quldur gəmisi 25 hindistanlı gəminin qarşısına çıxdı. Say üstünlüyü rəqib tərəfdə olsa da, Evrinin rəhbərlik etdiyi quldurlar donanmanın ikinci ən böyük gəmisi olan “Fəth Məhəmmədi”ni ələ keçirməyə nail oldular. Lakin onların əsas hədəfi olan “Qanq-i-Savay” qaçmağa müvəffəq oldu.
Quldurlar dərhal təqibə başladılar. Henri başqa gəmilərə vaxt itirmək istəmirdi. O, Böyük Moğol imperiyasının ən böyük gəmilərindən birini ələ keçirməyin həm özünü, həm də bütün heyətini inanılmaz dərəcədə zənginləşdirəcəyini yaxşı başa düşürdü.
“Qanq-i-Savay”ın göyərtəsində yalnız adi zəvvarlar yox idi. Məkkəyə həcc ziyarətinə gedən sərnişinlər arasında yüksək vəzifəli məmurlar və ən əsası, Böyük Moğolun qızı da vardı. Bununla belə, quldurlar gəminin göyərtəsində belə mühüm şəxsin olduğunu əvvəlcədən bilmirdilər.
Lakin ələ keçirilən qənimət bütün gözləntiləri üstələdi. Daniel Defonun əsərində verilən məlumata görə, quldurlar gəmidən o qədər qızıl, pul və qiymətli əşyalar götürmüşdülər ki, əvvəlki hücumlardan əldə etdikləri qənimətlə birlikdə hər birinin payı təxminən 1000 funt sterlinqə çatmışdı.
Bu, həmin dövr üçün fantastik sərvət idi. Belə bir məbləğ quldurların hər birinə ömrünün sonuna qədər rahat yaşamaq imkanı verə bilərdi.
Lakin talan zamanı baş verənlər qənimətin özündən də dəhşətli idi.
Quldurlar bütöv bir həftə ərzində gəmini və sərnişinləri talan etdilər. Qadınlar zorakılığa məruz qaldılar. Bəzi gənc müsəlman qadınlar əsir düşmək və təhqir olunmaq qorxusundan özlərini dənizə atır, digərləri isə xəncərlə həyatlarına son qoyurdular.
Evri mümkün üsyandan ehtiyat edərək adamlarına ciddi nəzarət etmirdi. Böyük qənimət bütün heyəti başdan çıxarmışdı. Onun fikri də əsasən ələ keçirilən sərvətdə idi.
Donanmanın başçısı kimi Henri «Qanq-i-Savay»ın ən qiymətli qənimətlərindən biri hesab edilən Fatiməni öz payı kimi götürdü. Əvvəlcə onu yüksək məbləğdə fidyə almaq məqsədilə girov saxladığı bildirilir. Sonradan isə onunla rəsmi nikaha girdiyi barədə məlumatlar yayılıb.
Bununla belə, başqa bir versiya da mövcuddur. Bir sıra tədqiqatçılar Fatimə ilə heç bir nikahın olmadığını, Evrinin ona da digər əsirlər kimi davrandığını iddia edirlər. Onun quldurların əlinə keçməsindən sonrakı taleyi haqqında isə etibarlı məlumat yoxdur.
Talandan sonra Evri və onun donanması Burbon adasına (indiki Reyunyon) yollandı. Burada danimarkalıların və fransızların hamısı öz qənimət payları ilə sahilə buraxıldı. Mənbələrdə onların hər birinin təxminən 970 funt sterlinq əldə etdiyi bildirilir.
İlk baxışdan hər şey quldurların xeyrinə başa çatmışdı. Onlar böyük sərvət toplamış, özlərinə yeni həyat qurmaq imkanı əldə etmişdilər. Lakin “Qanq-i-Savay”a hücumun nəticələri gözlədiklərindən qat-qat ağır olacaqdı.
Quldurlar qələbələrini qeyd edərkən, talan edilmiş gəmi çətinliklə də olsa, Hindistanın qərbində yerləşən Surat limanına çatdı. Hücumdan sağ çıxan dənizçilər və sərnişinlər başlarına gətirilənləri yerli hakimiyyət orqanlarına danışdılar.
Beləliklə, Böyük Moğol imperatoru və ingilislər zəvvarların məruz qaldığı zorakılıq, işgəncə və qətllərdən xəbər tutdular.
Müsəlman əhali baş verənlərə son dərəcə sərt reaksiya verdi. Onlar Suratdakı ingilis faktoriyasını mühasirəyə alaraq əcnəbilərə qarşı özbaşına divan tutmaq istəyirdilər. Ost-Hind şirkətinin 60-dan çox əməkdaşı zəncirlənərək həbsxanaya salındı. Onlar təxminən bir il əsirlikdə qaldılar.
Bundan sonra Evrinin donanmasında xidmət etmiş quldurlara qarşı genişmiqyaslı axtarış başladı. Bəziləri zəvvarların qisasını almaq, digərləri isə ələ keçirilmiş sərvəti geri qaytarmaq istəyirdi.
Henrinin tutulması üçün böyük mükafat vəd edilmişdi. İngiltərə hakimiyyəti onun başına 500 funt sterlinq qoymuşdu. Böyük Moğol da Evrini diri və ya ölü şəkildə təslim edən şəxsə eyni məbləğdə mükafat vəd etmişdi.
Quldur donanmasının üzvlərinin demək olar ki, hamısı gec-tez tutuldu. Bəziləri isə Yeni İngiltərəyə, Şimali Karolinaya, Pensilvaniyaya və Bermud adalarına qaçaraq orada məskunlaşa bildilər. Onların sonrakı həyatları haqqında dəqiq məlumat yoxdur. Ehtimal edilir ki, bir çoxu izlərini itirmək üçün ad və soyadlarını dəyişdirib.
Evrinin özü isə təqibçilərindən yaxa qurtarmağı bacardı. “Arxiquldur” ləqəbini də məhz “Qanq-i-Savay”ın ələ keçirilməsindən sonra qazandığı bildirilir. Məlum olan odur ki, o, Şimali Amerikaya köçüb.
Henri yeni həyata Bostonda başlamaq istəyirdi. Lakin burada əvvəlcə yerli qubernatorun şübhəsini çəkdi, daha sonra isə onun axtarışına çıxan şəxslər izinə düşdülər. İngiltərədən və Böyük Moğol sarayından vəd edilən mükafatlar hələ də qüvvədə idi.
Nəticədə Evri hər şeyi ataraq İrlandiyanın Olster bölgəsinə köçməyə məcbur oldu. Lakin burada da təhlükəsizliyinə əmin deyildi. Buna görə də mümkün hərəkət marşrutları haqqında müxtəlif şayiələr yayaraq Şotlandiyada gizlənməyə çalışdı.
Onu axtaran saysız-hesabsız mükafat ovçularına və sərvət düşkünlərinə baxmayaraq, Henri Evrinin izinə düşmək mümkün olmadı. Şotlandiyadan sonra onun taleyi haqqında məlumatlar tamamilə yoxa çıxdı.
Henri Evri ədəbiyyatda da iz qoydu
Maraqlı məqamlardan biri də budur ki, bəzi tədqiqatçılar Daniel Defonun “Məşhur kapitan Sinqltonun həyatı və macəraları” əsərinin baş qəhrəmanının yaradılmasında Henri Evrinin həyat hekayəsindən istifadə edildiyini düşünürlər.
Daha sonra Çarlz Conson onun obrazı əsasında “Xoşbəxt pirat” komediyasını yaratmışdı.
Evrini “xoşbəxt” və “bəxtəvər” quldur adlandırırdılar. Çünki o, nisbətən qısa müddətdə, böyük risklərə baxmayaraq, inanılmaz sərvət əldə etmiş və uzun müddət ən qüdrətli dövlətlərin axtarışlarından yayına bilmişdi.
Beləliklə, Henri Evri tarixə yalnız böyük sərvət ələ keçirən dəniz qulduru kimi deyil, həm də taleyi sirr olaraq qalan ən məşhur piratlardan biri kimi düşdü. Onun sonrakı həyatı və ölüm yeri bu gün də dəqiq məlum deyil.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
