1888-ci ilin payızında Londonun İst-End (East End) bölgəsi əsl kabus məkanına çevrilmişdi. Uaytçepelin (Whitechapel) dumanlı, çirkli və dar küçələrində qadınları amansızcasına qətlə yetirən, onların meyitlərini dəhşətli şəkildə eybəcərləşdirən bir qatil dolaşırdı. O, sadəcə insanları öldürmür, sanki hər cinayəti qanlı anatomik tamaşaya çevirirdi. Noyabrın əvvəlinə qədər polis istintaqda tamamilə çıxılmaz vəziyyətə düşmüş, bütün London isə bu dəhşətli hadisələrin necə başa çatacağını gözləyirdi.
Lakin bu tarixin ən böyük ironiyası ondadır ki, bəşəriyyətin ən məşhur manyaklarından birinin obrazını əslində… jurnalistlər yaratmışdılar.
Sentyabrın sonlarına qədər London qəzetləri Uaytçepeldə baş verən “sirli qətllər” haqqında elə də böyük həvəslə yazmırdılar. Hər şey Mərkəzi Xəbər Agentliyinə qırmızı mürəkkəblə yazılmış bir məktubun daxil olmasından sonra dəyişdi. Məktubun müəllifi polislə istehza edir, ələ keçirilə bilməyəcəyini iddia edir və ilk dəfə özünü “Hörmətlə, Cek-Ripper” (Jack the Ripper) adı ilə təqdim edirdi.
Bundan sonra daha bir açıqca gəldi. Müəllif növbəti qurbanının qulaqlarını kəsəcəyini vəd edirdi. Cəmi bir neçə gün sonra növbəti qadının meyiti tapıldı. Onun qulağının bir hissəsi həqiqətən kəsilmişdi. Qəzetlər bu hadisəni sensasiyaya çevirdilər. “Cek” adı milyonlarla oxucuya yayıldı.
Bu gün bir sıra qrafoloq və tarixçilər həmin məktubların qatil tərəfindən deyil, tirajlarını artırmaq istəyən jurnalistlər tərəfindən saxtalaşdırıldığını düşünürlər. Lakin artıq gec idi: cinayətkarın adı vardı və siması bilinməsə də, o, beynəlxalq miqyasda tanınan bir şəxsə çevrilmişdi.
Manyakın törətdiyi ən amansız cinayətlərin baş verdiyi gecə 1888-ci il sentyabrın 30-u idi. Tarixə «İkili hadisə» (Double Event) adı ilə düşən həmin gecə Cek-Ripper gücləndirilmiş polis patrullarının gözləri qarşısında, cəmi 45 dəqiqə ərzində iki qadını qətlə yetirdi.
İlk qurban Elizabet Strayd idi. Təsadüfən həmin həyətə daxil olan faytonçu qatili qorxudaraq hadisə yerindən uzaqlaşdırdı. Ripper qadının yalnız boğazını kəsməyə macal tapmışdı. Cinayətinin yarımçıq qalmasından qəzəblənən qatil yaxınlıqdakı başqa bir məhəlləyə yollandı və Mitr meydanında Ketrin Eddousa hücum etdi.
Bu dəfə onun daha çox vaxtı vardı. Qatil qadının üzünü dəhşətli şəkildə eybəcərləşdirdi və sol böyrəyini götürərək özü ilə apardı. Hadisə yerindən qaçarkən divarda təbaşirlə müəmmalı bir yazı da qoydu: “Yəhudilər heç nəyə görə ittiham olunmayacaq insanlardır”.
Polis rəhbərliyi mümkün yəhudi talanlarından ehtiyat edərək həmin yazının dərhal silinməsini əmr etdi.
Bu dəhşətli gecədən sonra qatil oktyabr ayı boyunca gözlənilmədən yoxa çıxdı. Skotland-Yard isə yerli qəssablardan tutmuş yoxsul mühacirlərə qədər hər kəsi şübhəli hesab edirdi. “Dəri önlüklü” ləqəbi ilə tanınan şəxslər də diqqət mərkəzində idi. Lakin irəli sürülən ittihamların heç biri sübuta yetirilmədi.
London sakinləri özünümüdafiə komitələri yaratmağa, itlərlə küçələrdə keşik çəkməyə başladılar. Şəhəri qorxu və şübhə bürümüşdü.
Oktyabrın ortalarında belə komitələrdən birinin sədrinə kiçik bir bağlama göndərildi. Bağlamanın içərisində şərabda saxlanılmış insan böyrəyinin yarısı və bir qeyd vardı. Geri göndərilən ünvan isə “Cəhənnəmdən” (From Hell) sözləri ilə göstərilmişdi.
Məktubun müəllifi qısa şəkildə bildirirdi ki, böyrəyin digər yarısını tavada qızardaraq yeyib. Sonradan aparılan ekspertiza orqanın Cek-Ripperin qurbanlarından biri olan Ketrin Eddousa məxsus olduğunu təsdiqlədi.
Noyabrın 3-də London artıq kütləvi paranoya vəziyyətində idi. İnsanlar qatilin fəaliyyətini dayandırdığına ümid edirdilər. Lakin bu, aldadıcı sakitlik idi. Təxminən qırx günlük fasilədən sonra Ripper sonuncu və ən dəhşətli cinayətinə hazırlaşırdı.
1888-ci il noyabrın 9-da Miller Kort küçəsində yerləşən bağlı bir otaqda 25 yaşlı Meri Ceyn Kellinin meyiti aşkar edildi.
Əvvəlki qurbanlarını küçədə, tələsik şəkildə öldürən qatil bu dəfə tamamilə fərqli şəraitdə idi. Onun qarşısında bütöv bir gecə, başının üstündə isə damı olan bir otaq vardı. Qadının meyitinin vəziyyəti hətta dəhşətli hadisələrə alışmış cərrahları belə sarsıtmışdı. Otaq sözün əsl mənasında qəssabxananı xatırladırdı.
Və bundan sonra… hər şey dayandı.
Bu, Cek-Ripperin beşinci və sonuncu kanonik qətli hesab olunur. O, Londonun dumanları arasında qəfildən peyda olduğu kimi, bir anda yoxa çıxdı. İstintaq isə heç bir nəticə vermədi.
Bəs Cek-Ripper əslində kim idi?
130 ildən artıqdır ki, bu suala yüzlərlə fərqli cavab axtarılır. Şübhəlilər arasında polşalı bərbər Aaron Kosminski, qəddarlığı ilə tanınan həkim Uilyam Qall, hətta kraliça Viktoriyanın nəvəsi, şahzadə Albert Viktor da olub.
2010-cu illərdə molekulyar bioloq Yari Louhelainen Ketrin Eddousun meyitinin yanında tapıldığı iddia edilən şal üzərində DNT analizi aparıb. Tədqiqatçı əldə etdiyi nəticələrin izlərinin Kosminskiyə apardığını bəyan edib.
Lakin bu araşdırma elmi ictimaiyyət tərəfindən ciddi tənqidlərə məruz qalıb. Əsas iradlar şalın bir əsrdən artıq müddətdə minlərlə insanın əlinə keçməsi və DNT analizinin aparılması zamanı metodoloji səhvlərə yol verilməsi ilə bağlı idi. Buna görə də həmin nəticələr Kosminskinin qatil olduğunu sübut edən etibarlı elmi dəlil hesab edilmir.
Beləliklə, Cek-Ripper nəinki Skotland-Yardı, hətta müasir elmi araşdırmaları da dalana dirəyib. O, Viktoriya dövrü İngiltərəsinin ən böyük kriminal müəmmalarından biri olaraq tarixdə qaldı.
Bəlkə də bu əhvalatın ən qəribə tərəfi budur: biz bu gün yalnız naməlum bir qatilin törətdiyi cinayətləri deyil, həm də jurnalistikanın yaratdığı bir əfsanəni xatırlayırıq. O əfsanənin qəhrəmanı isə simasız bir kölgə olaraq Londonun dumanları içərisində əbədi yoxa çıxıb.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
