Ceyms Kirçik “The Free Press” nəşrində yazır:
İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurla qəbul etmişdi.
“Keçmiş prezident Cerald Fordun doğma şəhəri olan Qrand-Rapidsdə olmaq mənim üçün böyük şərəfdir”, – deyə Slotkin həmin vaxt tərəfdarları qarşısında çıxış edirdi. Toplaşanların çoxu əllərində “Slotkin üçün respublikaçılar” və “Ölkə partiyadan önəmlidir” yazılmış plakatlar tutmuşdu.
ABŞ-ın 38-ci prezidenti Cerald Ford da respublikaçı idi. Slotkin onu dövlətə xidmətin əsl mahiyyətini anlayan, ölkənin maraqlarını partiya mənafelərindən üstün tutmağı bacaran lider kimi xarakterizə edirdi.
2021-ci il yanvarın 6-da Kapitoliyə hücum hadisələrini araşdıran Nümayəndələr Palatasının komitəsinin həmsədri Liz Çeyni həmin dövrdə Respublikaçılar Partiyasının demokratlar arasında ən çox rəğbət bəslənilən nümayəndələrindən biri idi. Və bu nüfuzu təsadüfən qazanmamışdı.
Çeyni bütün siyasi fəaliyyəti boyunca qatı mühafizəkar olaraq qalmışdı. O, vitse-prezident vəzifəsində çalışmış, liberalların sərt tənqid etdiyi Dik Çeyninin qızı idi. Lakin Donald Trampın demokratik seçkilərin nəticələrini ləğv etmək cəhdini qəbul edə bilmədi. Ölkənin maraqlarını partiyanın maraqlarından üstün tutdu və bunun bədəlini Konqresdəki yerini itirməklə ödədi.
İndi isə 2026-cı il aralıq seçkiləri ərəfəsinə nəzər salaq.
Slotkinin Konqresdəki daha bir həmkarı – bu dəfə öz partiyasından olan Miçiqan ştatının demokrat konqresmeni də partiyasında getdikcə güclənən radikal meyillərlə barışa bilməyəcəyinə qərar verdi.
“Bu qədər mühüm seçkiləri Miçiqan sakinləri və demokratiyamız ətrafında deyil, öz şəxsi ambisiyaları ətrafında quran hər kəs ümumi mənafeyə həqiqətən xidmət edib-etmədiyi barədə ciddi düşünməlidir”, – deyə Slotkin X sosial şəbəkəsində yazdı.
O, həmkarı Heyli Stivensi nəzərdə tuturdu. Həmin gün səhər Stivens Senata demokrat namizəd Abdul əl-Seyidə verdiyi dəstəyi geri götürdüyünü və respublikaçı namizəd Mayk Rocersi dəstəklədiyini açıqlamışdı.
Slotkinin reaksiyası digər demokratların sərt bəyanatları ilə müqayisədə kifayət qədər təmkinli görünürdü.
Senatda demokrat azlığın lideri Çak Şumer Stivensin addımını “iyrənc xəyanət” adlandırdı. Solçu siyasi şərhçi Mehdi Həsən isə “O, şərdir” deyə qəzəbini ifadə etdi. Barak Obamanın keçmiş çıxış müəllifi Con Favro da “Bu adam öz şəxsi maraqlarından başqa heç nəyi təmsil etmir” sözləri ilə Stivensi tənqid etdi.
Əslində, Stivensin bu qərarını əvvəlcədən proqnozlaşdırmaq mümkün idi.
O, avqust ayında keçirilən ilkin seçkilərdə Abdul əl-Seyidə cəmi bir faiz fərqlə uduzduqdan sonra dərhal ona dəstək vermişdi. Lakin ötən həftənin əvvəlində mütərəqqi siyasi podkastın aparıcısı, “The Young Turks” layihəsinin yaradıcısı Cenk Uyqurun təsis etdiyi siyasi komitə internetdə reklam yayımladı.
Reklamın məzmunu o qədər antisemit və təhrikedici idi ki, müəllifin fikrincə, onu nasistlərin “Der Stürmer” qəzetinin saralmış səhifələrində də görmək mümkün olardı.
Reklamda supermarketdə alış-veriş edən ər-arvad təsvir olunurdu. Qadın ərinə yumurtaları geri qoymağı tapşırır və bildirirdi ki, həmin yeddi dolları fələstinlilərin öldürülməsinə sərf etmək lazımdır. Ər İsraildə ümumi səhiyyə sisteminin mövcudluğundan şikayətlənəndə qadın istehza ilə cavab verirdi: “Yəqin, onun pulunu da biz ödəyirik”.
Hətta tanınmış ağ millətçi Riçard Spenser belə bu kobud təbliğat cəhdindən narahatlığını gizlətmədi. O, Uyquru tənqid edərək reklamı “təlxəkcəsinə antisemit” adlandırdı.
Müəllifin fikrincə, reklamın sonunda yalnız nasistlərin antisemit şüarlarından biri – “Die Juden sind unser Unglück” (“Yəhudilər bizim bədbəxtliyimizdir”) yazılmış qara ekranın göstərilməsi çatışmırdı.
Cümə günü Stivens bəyanat yayaraq Cənubi Karolinadan olan konqresmen Cim Klaybernlə birlikdə ştatın demokrat namizədlərini dəstəkləyən tədbirdə iştirak edəcəyini açıqladı. Tədbirin Detroytdakı qaradərili icmaya məxsus kilsədə keçirilməsi planlaşdırılırdı.
Lakin bunun qarşısında ciddi maneə vardı: Abdul əl-Seyid həmin reklamı açıq şəkildə pisləməkdən imtina edirdi. Reklam onun seçki qərargahı tərəfindən hazırlanmamışdı, amma maliyyə dəstəyi onun ən yaxın tərəfdarlarından biri tərəfindən verilmişdi. Üstəlik, reklamın məzmunu əl-Seyidin seçki kampaniyası boyunca dəfələrlə səsləndirdiyi fikirlərlə üst-üstə düşürdü.
“Bu reklam belə bir arqumenti özü uydurmayıb, – deyə Stivens yazırdı. – O, sadəcə olaraq doktor əl-Seyidin bütün kampaniya boyu öz sözləri ilə ifadə etdiyi fikirləri nümayiş etdirdi: Miçiqanın məktəblərə, səhiyyəyə və uşaq baxımına pul ayıra bilməməsinin səbəbi İsraildir”.
Stivens əl-Seyidin seçki qərargahının özünün yayımladığı başqa bir reklamı da xatırlatdı. Həmin videoda namizəd haqqında müsbət fikirlər səsləndirən tanınmış mühafizəkar media simalarının çıxışlarından istifadə olunurdu. Onların arasında Amerikanın ən sərt antisemit mövqeli media simalarından biri kimi təqdim edilən Taker Karlson da vardı. Karlson həmin videoda Mayk Rocersə başına silah dirəsələr belə səs verməyəcəyini bildirirdi.
Stivensin fikrincə, “ağ xristian millətçisi Taker Karlson”un dəstəyindən qürurla danışmaq bazar günü onları qəbul etməyə hazırlaşan kilsə icmasına hörmətsizlik idi.
Əl-Seyid bu iki məsələdə partiya birliyi naminə güzəştə getmək əvəzinə, faktiki olaraq Stivensə meydan oxudu. Nəticədə Stivens bazar günü öz qərarını açıqladı. O, əl-Seyidin haqlı olduğunu və onun seçki kampaniyasında özünə yer olmadığını etiraf etdiyi video yayımladı, ardınca isə respublikaçı rəqibini dəstəklədiyini bəyan etdi.
Abdul əl-Seyidin radikal mövqeləri demokratları niyə narahat edir?
Senata namizədliyini irəli sürdüyü gündən etibarən Abdul əl-Seyid müxtəlif siyasi baxışlara malik çoxsaylı Miçiqan sakinlərinə onun seçici koalisiyasında özlərinə yer olub-olmadığı barədə ciddi şübhələr yaşadıb.
Məsələn, müəllif onun “Hizbullah” ideologiyasından ilhamlandığını iddia etdiyi bir terrorçunun yəhudi ibtidai məktəbinə avtomobillə hücum edərək 120 uşağı və müəllimlərini öldürməyə cəhd göstərməsindən sonra səsləndirdiyi fikirləri xatırladır. Xoşbəxtlikdən, hücum baş tutmamışdı.
Əl-Seyidin həmin hadisəyə reaksiyası isə belə olmuşdu: “Ağrı çəkmiş insanlar başqalarına ağrı verir”.
Müəllif onun İranın ali dini lideri Əli Xameneinin ölümünü tanımaqdan imtina etməsini də yada salır. Əl-Seyid bunu “Dirbornda yas saxlayan çoxlu insanın olması” ilə əsaslandırmışdı.
Bundan başqa, o, Miçiqanın şəhərətrafı ərazilərində yaşayan yəhudi seçiciləri Ku-Klaks-Klan üzvlərinə bənzətmiş, Mao və Fidel Kastroya rəğbəti ilə tanınan radikal solçu siyasi şərhçi Həsən Pikerlə dəfələrlə birgə seçkiqabağı tədbirlərdə iştirak etmişdi.
Əl-Seyidin daha bir mübahisəli bəyanatı İsrailin ABŞ üçün İrandan daha böyük və ya ən azı onun qədər ciddi təhlükə yaratdığı barədə fikri idi. Halbuki İran müəllifin təqdimatında dünyanın aparıcı dövlət terrorizmi dəstəkçilərindən biri və minlərlə amerikalının ölümündə məsuliyyət daşıyan rejimin rəhbərlik etdiyi ölkədir.
Nəhayət, müəllif əl-Seyidin bəzi məscidlərdə çıxış edərək imamların ABŞ-ı “Şeytanın məskəni” adlandırdıqları və “yəhudilərin son məhvinə” çağırış etdikləri icmalara yaxınlaşmasını da tənqid edir.
Kirçikin qənaətinə görə, belə mövqelərə malik bir şəxs ABŞ Senatında təmsil olunmağa layiq deyil. Onun fikrincə, əl-Seyidə məxfi dövlət məlumatlarına çıxış imkanı verilməsi də ciddi təhlükə yarada bilər.
Tənqidə “islamofobiya” damğası vurmaq
Müəllif hesab edir ki, əl-Seyidin namizədliyini müdafiə edənlər onun siyasi mövqelərinə yönəlmiş tənqidi başqa istiqamətə yönəltməyə çalışırlar. Onlar bu tənqidi “islamofobiya” kimi təqdim edərək əsas müzakirə mövzusunu kölgədə qoymaq istəyirlər.
Əlbəttə, prezident Donald Tramp və digər siyasətçilər əl-Seyidə və onun dini mənsubiyyətinə qarşı qərəzli, yolverilməz ifadələr işlədiblər. Müəllif də bu cür yanaşmanı pisləməyin vacibliyini qəbul edir.
Lakin onun fikrincə, Miçiqandakı məscidlər gecə-gündüz polis mühafizəsi altında deyil və müsəlman icmasına dini inancları və ya əlaqələri ilə bağlı təhlükə yaradan namizədi dəstəkləmək naminə öz təhlükəsizliklərini və gələcəklərini qurban vermək çağırışı edilmir.
Əl-Seyid və tərəfdarları ona qarşı çıxışların İsrailə münasibətdən, dini mənsubiyyətdən və ya Stivensin şəxsi ambisiyalarından qaynaqlandığını iddia edə bilərlər. Ancaq Kirçikin qənaətinə görə, bu mübahisənin mahiyyəti sadalanan məsələlərdən daha genişdir. Əsas problem namizədin radikal siyasi baxışlarıdır.
Müəllif hesab edir ki, əl-Seyid üçün antisemit düşüncələr o qədər önəmlidir ki, o, demokratların asanlıqla qazana biləcəyi Senat mandatını belə riskə atmağa hazırdır. Halbuki qəbul edilməli olan sadə bir həqiqət var: sionist lobbisi bananın bahalaşmasına, tibbi sığorta haqlarının kəskin artmasına və məktəblərdə şagird-müəllim nisbətinin pisləşməsinə görə məsuliyyət daşımır.
Müəllifin fikrincə, əsl təəccüb doğuran Heyli Stivensin əl-Seyiddən və onun seçki kampaniyasından uzaqlaşması deyil. Əsas təəccüb doğuran məqam digər demokratların çoxunun onun nümunəsini izləmək üçün kifayət qədər mənəvi cəsarət göstərməməsidir.
“Ölkə partiyadan önəmlidir” – görünür, bu prinsip yalnız müəyyən siyasi istiqamətdə işləyir.
Stivensi “iyrənc xain” adlandıranlara isə müəllif cəmi dörd sözlə cavab verir: “Ağrı çəkmiş insanlar başqalarına ağrı verir”.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
