“30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər” – Prezident ATƏT-in Minsk qrupundan danışdıbackend

“30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər” - Prezident ATƏT-in Minsk qrupundan danışdı

“Bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu, bizim işimiz deyil:

“Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik.

Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik.

Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir.

Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*