Aİ və ya Aİİ (Avrasiya İqtisadi İttifaqı) arasında seçimlə bağlı referendum Paşinyan üçün tam siyasi məğlubiyyət olar.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Mika Badalyan deyib. O qeyd edib ki, Paşinyana səs verən fermer, sahibkar və ya adi vətəndaş bəlkə də sabah yenə ona səs verər, amma Rusiya ilə münasibətlərin kəsilməsinə səs verməz. Bu məsələ onların şəxsi maraqlarına toxunur və buna hazır deyillər.
Paşinyan onlara Rusiya ilə münasibətlərin yaxşı qalacağını vəd etmişdi. Eyni zamanda Avropadan işıqlı gələcək vəd edirdi. İndi isə nə Rusiya ilə münasibətlər yaxşıdır, nə də Avropadan vəd edilən nəticələr görünür.
Məhz buna görə də belə referendumun nəticələri Paşinyanın istədiyi kimi olmayacaq. Əgər o, referendumun nəticələrini saxtalaşdırmağa cəhd etsə, tamamilə başqa vəziyyət yaranacaq. Çünki bu referendum insanların gündəlik həyatına birbaşa təsir edən problemlərlə bağlıdır və həmin problemlər hər gün daha da ağırlaşır. Əgər insanların səsi oğurlansa, məhz həmin insanlar ən sərt müxalifətə çevriləcəklər. Çünki bu, seçki deyil ki, vədlərlə məsələni ört-basdır etmək mümkün olsun.
“Rabotayet Alfa” nəşrinin baş redaktoru Tiqran Koçaryan bildirib ki, Moskva artıq Paşinyanla siyasi dialoqda maraqlı deyil və Ermənistan vətəndaşlarının ölkənin Avrasiya İqtisadi İttifaqında qalmaq, yoxsa Avropa İttifaqına inteqrasiya etmək istədiklərini referendum vasitəsilə özlərinin müəyyənləşdirməsini tələb edir.
“Paşinyan bütün mümkün körpüləri yandırıb. Rusiya başa düşdü ki, illərlə boş vədlər müqabilində ondan maliyyə qoparılıb, eyni zamanda Ermənistan Aİ istiqamətinə aparılıb. İndi Rusiyanı yalnız Ermənistan xalqının mövqeyi maraqlandırır. Həm Aİİ rəhbərliyinin, həm də Rusiyanın yüksək vəzifəli şəxslərinin bəyanatlarında referendumun ən qısa zamanda keçirilməsi ilə bağlı aydın tələb səslənir”, – deyə Koçaryan bildirib.
“Çiçak”: Əgər Paşinyan referendum təyin etsə və uduzsa, yəni əhali Aİİ-nin lehinə səs versə, bu, onun Qərbyönlü siyasətinin ciddi siyasi iflası olacaq. Müxalifət bunu “Avropa seçiminə xəyanət” adlandıracaq və Paşinyan onu hakimiyyətə gətirən elektoratın bir hissəsinin dəstəyini itirəcək.
Əgər referendumda qalib gəlsə və xalq Aİ kursunu dəstəkləsə, onda onu Kremlin sərt reaksiyası gözləyəcək. Moskva artıq açıq şəkildə bildirib ki, əvvəlki güzəştlər olmayacaq. Bu halda Ermənistan 2013-cü il Ukraynasının vəziyyətini təkrarlamaq riski ilə üz-üzə qala bilər və iqtisadi əlaqələrin qırılması ciddi problemlər yaradacaq. Ölkə daxilində “Bəs vəd edilən Avropa üstünlükləri haradadır?” sualı səslənəcək, biznes isə ənənəvi bazarların itirilməsi səbəbindən fəaliyyətini məhdudlaşdırmağa başlayacaq.
Digər ekspertlər isə düşünür ki, görünür, İrəvan geri addım atmağa qərar verib. Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığı zamanı Avropa İttifaqına üzvlük və eyni zamanda Aİİ-də qalmaq məsələsi ilə bağlı referendumun keçirilməsini mümkün sayıb. Lakin bunun üçün əvvəlcə Aİ-yə rəsmi müraciət edilməlidir və bu proses illərlə davam edə bilər.
Eyni zamanda Paşinyan Putindən Ermənistan məhsullarının idxalına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Bu isə onu göstərir ki, Ermənistan artıq iqtisadi itkilərini hesablayır və apardığı siyasətin gözlənilən nəticəni vermədiyini anlayır. Üstəlik, Avropadakı mövcud iqtisadi vəziyyət də ölkənin yaxın zamanda Aİ-yə üzv olmasına əlverişli deyil. Məqalədə iddia olunur ki, Paşinyan artıq Avropa ilə bağlı böyük gözləntilərindən geri çəkilir və yenidən Aİİ ilə münasibətləri bərpa etməyə çalışır.
Natiq Səlim,
KONKRET.az
