4 İyun qiyamı: Elçibəy iqtidarının süqutunun 28-ci ilibackend

4 İyun qiyamı: Elçibəy iqtidarının süqutunun 28-ci ili

AXC iqtidarı bəyan edib ki, 4 iyun qiyamını Rusiya təşkil edib.

Bu gün Əbülfəz Elçibəy hakimiyyətinə qarşı Gəncədə başlanan hərbi qiyamdan 28 il keçir. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar, hakimiyyətin istefası tələbi qoyulub.

Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tər-ksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, bir neçə qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

KONKRET.az xəbər verir ki, hərbi qiyama Milli Məclisdə də bir sıra deputatlar, siyasi partiyalar tərəfindən faktiki dəstək verilib.

8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi dəvət edib.

9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib.

17 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

30 iyun 1993-cü ildə Milli Məclis Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Beləliklə, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC iqtidarı Surət Hüseynovun başlatdığı qiyamın yekunu olaraq tamamilə süqut edib.

Əbülfəz Elçibəy daxil, o dövrkü hakimiyyətin əksər yüksək vəzifələr tutan şəxsləri dəfələrlə bəyan ediblər ki, 4 iyun qiyamı milli hakimiyyətin devrilməsi məqsədilə Rusiya tərəfindən Surət Hüseynovun əli ilə təşkil edilib./yeni müsavat/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*