The National Interest: Ermənistanı təkcə Rusiya deyil, İran da itiribbackend

The National Interest: Ermənistanı təkcə Rusiya deyil, İran da itirib

ABŞ-ın The National Interest nəşri yazır ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri təkcə Rusiyanın deyil, həm də İranın Cənubi Qafqazdakı mövqelərini zəiflədib.

KONKRET.az xəbər verir ki, nəşrin Silk Road Rivalries silsiləsində dərc olunan məqalənin müəllifi, region üzrə ekspert Kamran Boxari hesab edir ki, Baş nazir Nikol Paşinyanın seçkilərdə Kremlin dəstəklədiyi müxalifət üzərində qələbəsi Ermənistan cəmiyyətinin Moskva ilə bağlı siyasi kursdan uzaqlaşdığını göstərir.

Müəllifin fikrincə, İranın Cənubi Qafqaz siyasəti uzun illər Rusiyanın regional strategiyası ilə uzlaşdığından, Moskvanın Ermənistanda təsir imkanlarının azalması Tehranın da mövqelərinə mənfi təsir göstərib.

Məqalədə qeyd olunur ki, İran tədricən şimal istiqamətindəki geosiyasi dayaqlarını ABŞ–Türkiyə–Azərbaycan əməkdaşlığına uduzur və bunun qarşısını almaq üçün kifayət qədər alətə malik deyil.

Nəşr həmçinin bildirir ki, Fars körfəzi ölkələri də Transxəzər regionunu İrana qarşı əlavə təsir vasitəsi kimi qiymətləndirirlər. Müəllifə görə, bu, Cənubi Qafqazdakı dəyişikliklərin daha geniş geosiyasi proseslərin tərkib hissəsi olduğunu göstərir.

Bununla yanaşı, məqalədə vurğulanır ki, seçkilərin nəticələri yekun mərhələ deyil. Ermənistanın Qərbə inteqrasiya kursunun davamlı olub-olmayacağı, Azərbaycanla sülh prosesinin nəticələri və ABŞ-ın regiondakı mövqeyini uzunmüddətli şəkildə möhkəmləndirib-möhkəmləndirə bilməyəcəyi həlledici amillər olacaq.

Məqalədə sonda qeyd edilir ki, “Rusiya Cənubi Qafqazda zəifləyir, İran da onunla birlikdə zəifləyir” tezisi son aylarda ABŞ ekspert dairələrində geniş yayılıb və bu yanaşma Vaşinqtonun regionda, o cümlədən TRIPP kimi platformalar vasitəsilə möhkəmlənməsini əsaslandıran informasiya xəttinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*