73 yaşlı qazaxıstanlı səyyah Sarsenbay Kotıraşov Yer kürəsini gəzərək dünya rekordu vurmaq niyyətindədir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, səfər iki il çəkəcək.
Belə ki, avqustun 2-də S.Kotıraşov Atırau şəhərindən dünya üzrə gəzinti turuna başlayıb. Səfərə başlamazdan əvvəl o, Atırau Gənclər Mərkəzində görüş keçirib.
Görüş zamanı səyyah bildirib ki, Ulytau bölgəsini bütün dünyaya tanıtdırmaq üçün səyahətə çıxır.
Məlumata görə, Sarsenbay Kotıraşov Qazaxıstan – Rusiya – Gürcüstan – Türkiyə – Bolqarıstan – Serbiya – Macarıstan – Avstriya – Almaniya – Fransa – ABŞ – Çin – Monqolustan – Rusiya – Qazaxıstan marşrutu ilə səyahət etməyi planlaşdırır. Səfərin 2025-ci ilin avqustunda başa çatacağı gözlənilir.
Belə ki, o, birinci mərhələdə Qazaxıstan-Rusiya-Gürcüstan-Türkiyəyə gedəcək. Ağsaqqal üç min kilometrlik məsafəni 100 günə qət etmək niyyətindədir. İkinci mərhələdə səyyah Türkiyə-Fransa-ABŞ-a gedəcək. Kotıraşov doqquz min kilometrdən çox məsafəni 180 günə gedəcək. Üçüncü mərhələdə isə onun ABŞ-Çin-Monqolustan-Rusiya-Qazaxıstana 4 min kilometrlik səfəri 130 gün davam edəcək.
Bununla belə, Sarsenbay Kotıraşov “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir. O qeyd edib ki, yaşı 70 və ya daha çox olan şəxsin dünya üzrə gəzintiyə çıxması ilə bağlı hələlik rekord yoxdur.
İqbal Rzayev,
KONKRET.az
