Son aylarda bəzi ölkələrdə müşahidə olunan benzin qıtlığı yanacaq bazarında narahatlığı artırmaqla yanaşı, avtomobil sektoruna da təsir göstərməyə başlayıb. Belə şəraitdə bir çox istehlakçının daha qənaətli hesab olunan elektrikli və hibrit avtomobillərə üstünlük verəcəyi gözlənilir. Tələbatın artması isə bu nəqliyyat vasitələrinin qiymətlərinin bahalaşacağı ilə bağlı ehtimalları gündəmə gətirib.
Bəs benzin qıtlığı elektrikli və hibrit avtomobillərin bazar qiymətlərini həqiqətən artıra bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, benzin qıtlığının təsiri ölkədən-ölkəyə dəyişir və bu amil qlobal avtomobil bazarında hələlik kəskin qiymət artımı yaradacaq səviyyədə deyil.

Onun sözlərinə görə, müharibə şəraitində olan ölkələrdə yanacaq təminatında yaranan problemlər alternativ nəqliyyat vasitələrinə marağı artırır.
“Benzin qıtlığı baxımından hansı ölkədən söhbət getdiyi önəmlidir. Məsələn, Rusiya kimi müharibə şəraitində olan ölkələrdə elektrikli və hibrit avtomobillərə maraq arta bilər. Rusiya-Ukrayna müharibəsi başlayanda Ukraynada elektrikli avtomobillərə tələbat kəskin şəkildə yüksəlmişdi. Hazırda Rusiyada da benzin qıtlığı fonunda elektrik avtomobillərinə marağın artması mümkündür”, – deyə ekspert vurğulayıb.
Eyyub Əliyev qeyd edib ki, qlobal bazarda yanacaq təchizatı normal səviyyədə olduğu müddətdə elektrikli və hibrit avtomobillərə birdən-birə kəskin tələbatın formalaşacağını gözləmək doğru deyil.
“Hazırda digər ölkələrdə benzin tədarükü normal qaydada həyata keçirilirsə, qlobal bazarda elektrikli və hibrit avtomobillərə ani və kəskin maraq artımı müşahidə olunmayacaq. Bu səbəbdən qiymətlərdə də ciddi sıçrayış gözlənilmir”, – deyə o, bildirib.
Assosiasiya sədrinin fikrincə, uzunmüddətli perspektivdə isə enerji resurslarının tükənməsi, müxtəlif regionlarda müharibələrin davam etməsi və beynəlxalq daşınmalarda yaranan gecikmələr alternativ enerji ilə işləyən avtomobillərə marağı artıran əsas amillər olacaq.
“Yeraltı sərvətlərin tədricən tükənməsi, geosiyasi gərginliklər və logistika zəncirində yaranan problemlər elektrikli və hibrit avtomobillərin daha çox seçilməsinə səbəb olacaq. Bu tendensiya gələcəkdə bazarın inkişafına və tələbatın artmasına təsir göstərəcək”, – deyə Eyyub Əliyev əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
