İranın ali lideri Müctəba Xameneinin ABŞ ilə mümkün sülh razılaşmasına münasibət bildirərkən işlətdiyi farsca “alal-osul” (“əslində”, “prinsip etibarilə”) ifadəsi ölkə rəhbərliyi daxilində fikir ayrılığına səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti iranlı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Xamenei ABŞ ilə memorandumun imzalanmasına razılıq verdiyini açıqlasa da, əlavə edib ki, o, “prinsip etibarilə başqa fikirdə idi”.
Nəşrin həmsöhbəti olan yüksək vəzifəli iranlı məmurun sözlərinə görə, hazırda hakimiyyət daxilində əsas müzakirə mövzusu məhz bu ifadədir.
“Bu sözlər xüsusilə yerli səviyyədə olan komandirlər arasında bütün sülh prosesi ilə bağlı şübhələr yaradıb. Onlar düşünürlər ki, Xamenei danışıqlardan narazıdır və ona iradəsinin əksinə qərar qəbul etdirməyə çalışırlar”, – deyə mənbə bildirib.
“The Telegraph” yazır ki, İran daxilində bu ifadə müxtəlif cür şərh olunur. Bir qrup bunu iqtisadi böhran və sanksiyalar fonunda diplomatiyaya məcburi razılıq kimi qiymətləndirir. Digər qrup isə Xameneinin sözlərini ABŞ ilə razılaşmaya müqavimət göstərilməsi üçün siqnal hesab edir.
Onların fikrincə, Vaşinqtonla danışıqlar tələdir və mümkün razılaşma İranı yeni güzəştlərə məcbur edə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
