Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri – Eldar Nuriyevin və Toğrul Musayevin, Nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb.
İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən 8 nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, 3 nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.
