Son günlər Türkiyə və Azərbaycan sosial şəbəkələrində müzakirələrdə Sevil Nuriyeva nağılı yaşanmaqdadır.
Hicab məsələsi ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilə edənlər qalıb bir yana, Sevil Nuriyeva “ağbirçəklik” missiyasını üzərinə götürməklə dəridən-qabıqdan çıxır, özünü elə aparır ki, sanki iki qardaş dövlət arasında gərgin münasibətlər dərinləşir və Nuriyeva birtərəfli mövqeyi ilə sanki bizləri ayıltmağa çalışır. Bəs necə, ay aman, qoymayın, Nuriyeva olmasaydı, iki qardaş ölkə bir-birinin qanını tökəcəkdi.
Ona görə də özünün bəsit və maraqlar üzərində formalaşan təfəkkürü ilə Azərbaycan mediasında gedən müzakirələri aşağılayır, öz dövlətinin mövqeyini müdafiə edənləri trol adlandırır, amma əsl həqiqəti Nuriyeva emosinallığı ilə gizlətməyə çalışır.
Anladıq, Türkiyədə yaşayırsan, Türkiyə prezidentinin dəftərxanasında çalışırsan, “Star” qəzetində köşə yazarısan, amma bu, ona əsas vermir ki, öz mövqeyini həqiqət şəklində bizə sırıyasan. Əlbəttə, Türkiyə dövləti və xalqı Azərbaycanın gor qardaşıdır. Amma islamçı AKP-çilərin qeyri-rəsmi sözçüsü simasında təcəlla edən Nuriyevanın özünü Azərbaycan-Türkiyə qardaşlığının müdafiəçisi kimi təqdim etməsi heç səmimi görünmür. Tənbəllik eləməsəniz, onun Facebook profilinə nəzər də sala bilərsiniz.
Sevil xanım, içindən o qədər şişib ki, Türkiyənin dövlət başçısına qarşı təhqir və böhtan xarakterli ifadələrə görə Azərbaycan tərəfini qınayır, hüquqi müstəvidə bu məsələlərə münasibət bildirilməsini tələb edir. Onun fikrincə, dövlət başçıları xalqın təmsilçisidir və onlara ünvanlanan təhqirlər bütövlükdə xalqa yönəlir. Əcəba, xanım Nuriyeva niyə yaşadığı ölkənin sosial şəbəkələrində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan haqqında şər-böhtan atanlardan danışmır. Susur. Bu, riyakarlıq deyil, bəs nədir?
İlk baxışdan hamımıza elə gəlir ki, bu yanaşma dövlət institutlarına hörmət, ictimai məsuliyyət və siyasi mədəniyyət çağırışıdır. Ancaq burada vacib detal boylanır: Bəs eyni həssaslıq Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ölkəmizin daxili işlərinə münasibətdə niyə eyni ardıcıllıqla nümayiş etdirilmir?
Bəli, xanımlar və cənablar, Sevil Nuriyevanın yanaşmasında diqqət çəkən əsas məqam məhz budur.
Qardaş dediyimiz ölkənin sosial şəbəkələrində eşitmədiyimiz təhqir qalmadı. Emosiyalarla dolu çıxışlar, səsləndirilən ittihamlar, təhqirlər baş alıb getdi. Nuriyeva eyni həssaslığı nümayiş etdirdimi?! Yox! Əksinə, o, Azərbaycan mediasında gedən müzakirələrə sərt reaksiya verməklə nə qədər “dərin”, “vicdanlı”, “birmənalı” olduğunu nümayiş etdirdi.
Sevil xanım, yeri gəlmişkən, bir söz də soruşum: Azərbaycan mediasında Türkiyə dövlətinə qarşı yalan və böhtan kampaniyaları aparıldığını sizin qulağınıza kim pıçıldayıb?! Bəlkə, əksinədir, hə?! Vicdanınız varsa, təsdiq etmək asan olacaq sizin üçün, inanın. Bizim sosial şəbəkələrdə Rəcəb Tayyib Ərdoğana qarşı bircə dənə status və çıxış göstərin. Əlbəttə, bu, mümkün deyil. Amma Türkiyənin tanınmış şəxsləri, blogerlər və siyasətçilər bizim dövlətin başçısı haqqında ağızlarına gələni danışdılar. Sizin heç tükünüz də tərpənmədi.
Məsələ kiminsə susması deyil. Danışmırsınız, cəhənnəmə danışın. Amma mövqe bildirirsinizsə, adamlıq prinsiplərinə əməl edin.
Emosionallıqla nəyisə sübut etməyə çalışmağınız da əbəsdir. Artıq hər kəs bilir ki, sizin tərəfini tutduğunuz islamçı qüvvələr bütöv bir dövlətin dini azadlıqlara münasibəti haqqında ümumiləşdirilmiş hökmlər verir.
Sevil Nuriyeva isə bu məsələdə keçmişini, bu gününü və gələcəyini ortaya qoyur. Ölkəmizin dünyəvi dövlət modelini, təhsil qaydalarını və hüquqi çərçivəni şübhə altına alır və böyük canfəşanlıqla diqqəti yalnız Azərbaycan mediasında səslənən tənqidlərə yönəltməklə müzakirəni birtərəfli təqdim edir.
Xanım Nuriyeva, məlumun olsun ki, Türkiyədəki hər bir etiraz Azərbaycan üçün hökm ola bilməz.
“Büyük devletler, küçük hesapların yönlendirmesi ile yol değiştirmez”, deməklə, nəyə eyham vurduğunu da yaxşı anlayırıq. Azərbaycandakı qələm sahiblərini, sosial şəbəkədə bu müzakirələrdə aktiv olanları trol adlandırmaqla yanlış fikirdə olduğunu zatən bəlli etmisən. Daha da şişməyə gərək yox.
“Bir millət, iki dövlət” deməklə ağız şirin olmaz.
Əlbəttə, bu fikir bizim üçün ideoloji məsələdir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər ayrı-ayrı sosial şəbəkə hesablarının, emosional paylaşımların və müvəqqəti siyasi mübahisələrin fövqündə dayanır. İki ölkənin münasibətləri ortaq tarixə, mədəniyyətə, milli maraqlara və qarşılıqlı dəstəyə söykənir.
Ancaq burada başqa bir problem var: qardaşlığın pozulmasına qarşı çıxmaqla qardaşlıq adı altında Azərbaycanın daxili məsələlərinə müdaxilə edənlərə göz yummaq eyni şey deyil.
Türkiyədə Azərbaycandakı hicab müzakirələri ətrafında etirazların keçirilməsi, müxtəlif siyasi və dini qrupların bu mövzudan istifadə etməsi göz qabağındadır. Bu, qardaşlıq mövqeyi deyil. Bizə qardaşlıq nağılı danışmayın, Azərbaycan xalqı, dövləti sadəlövh deyil. Əgər Azərbaycan cəmiyyətinin müzakirə etdiyi bir mövzuya xaricdən kim, hansı məqsədlə və hansı vasitələrlə təsir göstərməyə çalışırsa, bu, dərhal üzə çıxır. Nuriyeva yəqin ki, anlamamış olmaz, Azərbaycan-Türkiyə qardaşlığı o zaman daha güclü olar ki, tərəflər bir-birinin dövlətçilik prinsiplərinə, qanunlarına və daxili qərarlarına hörmət etsin. Türkiyənin siyasi və ictimai həyatında baş verən hadisələri Azərbaycan necə öz daxili işlərinə müdaxilə vasitəsinə çevirməməlidirsə, eyni münasibət Azərbaycana qarşı da gözlənilməlidir.
Qardaşlıq birtərəfli güzəşt deyil. Qarşılıqlı hörmətdir.
Hə, bir məqamı da deyim. Sevil Nuriyevanın əqidəsi gözünü elə bağlayıb ki, mətbuatın vəzifələrini unudub. Yəqindir ki, qəsdən belə edir. Təkrarcılıq olmasın, mətbuatın ən birinci vəzifəsi elə ictimai əhəmiyyət daşıyan məsələləri müzakirəyə çıxarmaqdır. Tənqid faktlara əsaslanırsa, təhqirə və böhtana çevrilmirsə, onun mövcudluğu münasibətlər üçün təhlükə deyil. Əksinə, sağlam ictimai müzakirənin göstəricisidir.
Əgər Nuriyeva hər tənqidi yazını qardaşlığa qarşı kampaniya kimi təqdim edirsə, onda ortaya təhlükəli bir sual çıxır: Qardaşlıq anlayışı tənqidi susdurmaq üçün istifadə edilirmi?
Türkiyədəki siyasi və dini qrupların Azərbaycanla bağlı mövqelərini kobud və murdar formada müzakirə etmək necə jurnalistikanın qanuni fəaliyyət sahəsinə daxildirmi?
Türklər demiş bir daha: Azərbaycan mediası öz ölkəsinin maraqlarına, dünyəvi dövlət quruluşuna və milli təhlükəsizlik məsələlərinə diqqət yetirirsə, bu, Türkiyə xalqına qarşı münasibət kimi təqdim edilməməlidir. Sevil isə vay-şüvən etməklə, Türkiyə dövləti, Türkiyə xalqı ilə hakim partiyanı qarışdırır. Ayrı-ayrı dini cərəyanları və ictimai fəalları müdafiə etməklə eybəcər bir durumun ssenarisini yazır.
Bəli, bütün bunlar onu deməyə əsas verir ki, iki xalq arasında lazımsız gərginlik yaradanlardan biri də Nuriyevadır.
O Nuriyeva ki, Azərbaycan mediasının mövqeyindən narazı qalıb, “Bir millət, iki dövlət” şüarı ilə ikili standartları ört-basdır etməyə çalışır.
Bu qədər bəsit.
Fadil Paşayev,
Əməkdar jurnalist
