2026-cı ilin iyulunda Ermənistanın Lori vilayətində yerləşən Texut mis-molibden yatağı rəsmi olaraq sahibini dəyişdi.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Yayılan informasiyada deyilir ki, “Kuprar RA” şirkətinin yeni səhmdarı 2025-ci ilin avqustunda Texasda qeydiyyatdan keçmiş Amerikanın “Dynamic Frontier Holdings” şirkəti oldu. Şirkətə Floridada qeydiyyatda olan, Rusiya əsilli 52 yaşlı investor Konstantin Sokolov rəhbərlik edir. Texut Kacarandan sonra ikinci ən böyük dağ-mədən aktiv sayılır. Burada təxminən 450 milyon ton filiz ehtiyatı mövcuddur ki, bunun tərkibində 1,6 milyon ton mis və 99 min ton molibden var. Müəssisə 2024-cü ildə ölkənin ən iri vergi ödəyiciləri arasında 22-ci yeri tutaraq dövlət büdcəsinə təxminən 39 milyon ABŞ dolları ödəyib. Kombinatda 1100-dən çox insan çalışır. Lakin bu hekayədə əsas məsələ yatağın kim tərəfindən, nə vaxt və hansı məqsədlə alınmasıdır.
Texutun yatağı hələ sovet dövründə kəşf edilmişdi. 2006-cı ildə “Vallex Group” strukturları onun işlənməsinə başladı, 2007-ci ildə isə VTB bankı ilə 250–280 milyon ABŞ dolları həcmində kredit müqaviləsi bağlandı. Kombinat 2014-cü ilin dekabrında istifadəyə verildi və layihəyə yatırılan investisiyalar 400 milyon ABŞ dollarını keçdi. Lakin borc yükü ağır oldu. 2018-ci ildə Vallex kredit öhdəliklərini yerinə yetirə bilmədi və təxminən 380 milyon ABŞ dolları borca görə aktiv VTB-nin nəzarətinə keçdi. Baş nazir Nikol Paşinyan müəssisənin milliləşdirilməsindən danışsa da, bu baş vermədi. 2024-cü ilin sonuna Texutun VTB qarşısındakı borcu 440 milyon ABŞ dollarını keçmişdi. Sanksiyalar altında olan Rusiya bankı üçün Ermənistanda belə qeyri-profil aktivə sahib olmaq əlavə yükə çevrilmişdi. 2026-cı ilin aprelində VTB rəhbəri Andrey Kostin aktivin satılacağını açıqladı. Satış mürəkkəb sxem üzrə həyata keçirildi: əvvəlcə borcu 2026-cı ilin fevralında qeydiyyata alınmış yerli “Kuprar RA” şirkəti aldı, daha sonra isə aktivi son investor “Dynamic Frontier Holdings”ə satdı.
Konstantin Sokolov bu sövdələşməni anlamaq üçün əsas fiqurdur. Rusiyada doğulan Sokolov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüb. O, Ermənistanda da tanınır: 2024-cü ilin yanvarında Kiprdə qeydiyyatdan keçmiş Fedilco Group şirkəti Çin investoru ilə birlikdə Viva-MTS mobil operatorunun nəzarət paketini almışdı. Daha sonra Sokolov səhmlərin 20 faizini Ermənistan hökumətinə verdi. Lakin daha vacib məqam onun siyasi əlaqələridir. O, Donald Trampın Ağ Evdə bal zalının tikintisi layihəsinə ianə edən 36 donorundan biri olub və Respublikaçılar Partiyasının kampaniyalarına 12 milyon ABŞ dollarından çox vəsait köçürüb. Bundan əvvəl isə Barak Obamanın kampaniyasına kiçik ianələr etmişdi. “The Guardian” qəzetinin 14 iyul 2026-cı il tarixli məlumatına görə, Sokolov ABŞ Dövlət Departamentinin nəzdində fəaliyyət göstərən “TRIPP+ Enterprise Fund” fondunun sədri təyin olunub. 201 milyon ABŞ dolları həcmində vəsaiti olan fond Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektorun inkişafı üçün kreditlər və qrantlar ayırmaq səlahiyyətinə malikdir. Prioritet sahələrə nəqliyyat, energetika və kritik minerallar daxildir. Maraqlıdır ki, bu təyinatdan cəmi bir neçə gün sonra Sokolovun şirkətinin Teğutun sahibi olduğu məlum oldu.
TRIPP+ sadəcə növbəti fond deyil, ABŞ-ın Cənubi Qafqaz üzrə yeni strategiyasının əsas elementlərindən biridir. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistanın cənubundan keçən 27 millik tranzit dəhlizi vasitəsilə birləşdirməyi nəzərdə tutur. Bu təşəbbüs 2025-ci ildə Donald Tramp, Nikol Paşinyan və İlham Əliyevin görüşünün nəticəsi kimi təqdim edilir. 2026-cı ilin iyununda ABŞ və Ermənistan çərçivə sazişi imzalayıb, Ermənistan hökuməti isə müvafiq qanun layihəsini təsdiqləyib. Layihədə ABŞ-a 74 faiz, Ermənistana isə 26 faiz pay ayrılıb. Sokolovun TRIPP+ fondunun rəhbəri təyin olunması ilə eyni vaxtda Texutu alması təsadüf kimi görünmür. Mis və molibden ikili təyinatlı strateji materiallar hesab olunur. Mis enerji keçidi üçün əsas xammaldır – elektromobillər və bərpa olunan enerji texnologiyaları adi sistemlərlə müqayisədə 4–12 dəfə çox mis tələb edir. Molibden isə hərbi və aerokosmik sənayedə istifadə olunan yüksək möhkəmlikli poladların istehsalında mühüm rol oynayır. Ermənistanın “Radio Azatutyun” xidməti bunu Amulsardan sonra ölkənin dağ-mədən sənayesinə yönəlmiş ikinci böyük Qərb investisiyası adlandırıb.
Ekspertlər bu prosesi bir neçə müstəvidə qiymətləndirirlər. Geosiyasi baxımdan Texutun Amerika nəzarətinə keçməsi Rusiyanın Ermənistandakı iqtisadi mövqelərinin zəiflədilməsi strategiyasına uyğun gəlir. Finport.am yazır ki, “Tramp marşrutu” gələcəkdə Texutun əsas benefisiarına çevrilə bilər. Ehtimal olunur ki, “Dynamic Frontier Holdings” sanksiyalar səbəbindən aktivi birbaşa VTB-dən almaqdan yayınıb. İqtisadi baxımdan Texut VTB üçün zərər gətirən qeyri-profil aktiv idi və satış bankın layihədən çıxmasına imkan verdi. Ermənistan üçün isə əsas sual yeni sahibin istehsalı modernləşdirib onu yeni tədarük zəncirlərinə inteqrasiya edə biləcəyidir. Siyasi müstəvidə isə Trampın iri donorunun dövlət fonduna rəhbər təyin edilməsi və eyni vaxtda strateji aktivi alması suallar doğurur. The Guardian xatırladır ki, Ağ Evdə bal zalı layihəsinin donorlarının üçdə ikisi sonradan dövlət müqavilələri əldə edib. Sokolov da həmin siyahının növbəti nümayəndəsi hesab olunur.
Hazırda ABŞ-ın bu sahədə iştirakı daha çox simvolik xarakter daşıyır, lakin iqtisadi nəticələr hələ qeyri-müəyyəndir. İran ABŞ-ın Ermənistan–İran sərhədinə yaxın ərazilərdə fəallaşmasından narahatdır. Teğut üzərində nəzarəti itirən Rusiyanın da buna biganə qalacağı gözlənilmir. Ermənistan daxilində isə tullantı anbarı ilə bağlı ekoloji risklər qalmaqdadır və müəssisə 2022-ci ildə Rusiyaya qarşı sanksiyalar səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.
Beləliklə, Teğutun satışı sadəcə mülkiyyətçinin dəyişməsi deyil, Ermənistanın strateji resurslarına nəzarət edən güc mərkəzinin dəyişməsi kimi qiymətləndirilə bilər. Rusiya bankı gedir, Amerika fondu gəlir. Əsas sual isə açıq qalır: Teğut Ermənistan iqtisadiyyatının inkişaf lokomotivinə çevriləcək, yoxsa böyük geosiyasi oyunda növbəti dəyişdirmə predmetinə? Bunu zaman göstərəcək. Lakin artıq bir məqam aydındır – Ermənistanın kritik mineral ehtiyatları bundan sonra ABŞ-ın strateji maraq zonasına daxil olub.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
