İnsanlığı xilas etmək istəyən, amma öz həyatını nizama sala bilməyən anarxistbackend

İnsanlığı xilas etmək istəyən, amma öz həyatını nizama sala bilməyən anarxist

1903-cü ildə Parisin ucuz pansionlarından birində qırx yaşlı qadın yaşayırdı. Onların ən gəncinin 60, ən yaşlısının isə təxminən 100 yaşı vardı. Hamısı pansionun bir sakininə – fransız dilində mükəmməl danışan, son dərəcə nəzakətli norveçliyə xüsusi rəğbət bəsləyirdi.

Bir gün həmin centlmen yaşlı qadınlara cəmiyyətdə qocaların gənclərə məxsus yeri tutduğunu izah etməyə başladı. Söhbət getdikcə qızışdı və o, daha radikal təklif irəli sürdü: gilyotina yenidən istifadəyə verilməli, müəyyən yaş həddinə çatan insanlar edam edilməli idi. Üstəlik, natiq bunun elə həmin qocaların özləri üçün də bir xeyir olacağını iddia edirdi!

O, fikirlərini həvəslə əsaslandırdığı vaxt qadınlar bir-bir otağı tərk etməyə başladılar. Bəziləri əsaya söykənir, digərləri qoltuqağacları ilə çətinliklə hərəkət edirdi. Sonda otaqda yalnız yüz yaşına yaxın bir qadın qaldı. O, kaminin kənarından yapışaraq təkrar edirdi:

– Bu adam dəlidir! Dəlidir!

Ən maraqlısı isə o idi ki, natiq dinləyicilərinin bir-bir yoxa çıxdığını belə hiss etməmişdi.

Bu qəribə adamın adı Hans Yeger (1854–1910) idi. Norveç yazıçısı, anarxist, filosof və dövrünün ən məşhur qalmaqal yaradıcılarından biri.

Uşaqlıqda valideynlərini itirən Yeger sərt dini qaydalarla yaşayan dayısının himayəsində böyümüşdü. On beş yaşında evi tərk edərək dənizçi olmuş, sonralar isə Norveç parlamentində stenoqraf kimi çalışmağa başlamışdı. Deputatların çıxışlarını yazıya köçürməklə məşğul olduğu vaxtlarda belə, boş zamanlarında azad sevginin təbliğatını aparır, ənənəvi nikah institutunu rədd edir və cəmiyyəti kökündən dəyişdirməyi arzulayırdı.

1885-ci ildə o, “Kristianiya bohemlərinin həyatından” adlı romanını nəşr etdirdi. Kitab satışa çıxarıldığı gün polis tərəfindən müsadirə olundu. Müəllif isə 60 gün müddətinə həbs cəzasına məhkum edildi.

Lakin Yeger bununla kifayətlənmədi. Əlində qalan 300 nüsxəni İsveçdə “Milad hekayələri” adlı tamamilə zərərsiz görünən başlıq altında yaymağa cəhd göstərdi. Polis bu hiyləni də üzə çıxardı və yazıçı yenidən məhkəmə qarşısına çıxarıldı.

Bir dəfə həbsdə olarkən onu rəssam Frits Taulov ziyarət etdi. Rəssam kameranın daha rahat olması üçün Yegerə kreslo, lampa və pərdə gətirməyi təklif etdi. Yeger minnətdarlıqla razılaşdı.

Munkun həyatını dəyişən anarxist

Yegerin Kristianiyadakı kafelərdə ətrafına topladığı gənclər arasında iyirmi yaşlı Edvard Munk da vardı. Gələcəkdə məşhur “Fəryad” tablosunun müəllifi kimi tanınacaq bu rəssam dindar ailədə böyümüş, erkən yaşlarında anasını və sevimli bacısını itirmişdi. Qorxu, daxili iztirab və şübhələrlə dolu bir həyat yaşayırdı.

Yeger ona təlqin edirdi ki, rəssam öz hisslərini gizlətməməlidir. Əksinə, insanın şəxsi həyatı, sevgisi, iztirabları, qorxuları və yaşadığı faciələr sənətin əsas mövzusuna çevrilməlidir.

1886-cı ildə Munk bacısı Sofinin ölümündən aldığı sarsıntının təsiri ilə yaratdığı “Xəstə qız” əsərini sərgilədi. Tablodakı kobud fırça izləri, tamamlanmamış təsvir və gənc rəssamın qeyri-adi üslubu tənqidçilərin qəzəbinə səbəb oldu. Onlar əsəri sərt şəkildə tənqid edirdilər. Yeger isə Munkun müdafiəsinə qalxaraq bu tablonu intuitiv dahiliyin məhsulu adlandırdı.

1888-ci ilin avqustunda Munk məşhur Grand kafesində Yegerlə oturarkən tanışlarından birinə məktub yazmışdı. Məktubda dostunun ertəsi gün yenidən həbsxanaya göndəriləcəyini bildirirdi.

Bir il sonra isə Munk özündən yaşca böyük olan bu dostunun iri portretini çəkdi. Tabloda Yeger mavi divanda rahat şəkildə əyləşib. Əynində palto, başında şlyapa var. Tamaşaçıya elə bir baxışla nəzər salır ki, sanki dünyanın necə idarə olunacağını artıq bilir, sadəcə ətrafındakıları buna inandırmaq qalır.

Azad sevgini təbliğ edən, amma qısqanclığın əsirinə çevrilən insan

Yeger başqalarına cəmiyyətin qaydalarını dəyişməyi öyrətsə də, öz həyatını nizama sala bilmirdi.

Azad sevginin qızğın təbliğatçısı olan bu anarxist rəssam Oda Kroqa dəlicəsinə vurulmuşdu. Kitablarında onu Vera adı ilə təqdim edirdi. Lakin Oda onun dostu, rəssam Kristian Kroqu seçdi və 1888-ci ildə onunla ailə qurdu.

Hətta bal ayı zamanı da Oda Yegerə məktublar yazaraq ondan nəhayət əl çəkməsini xahiş edirdi. Yeger isə qısqanclıqdan əzab çəkir, həbsdə olduğu vaxt ona göndərdiyi sevgi məktublarının geri qaytarılmasını tələb edir və şəxsi faciəsini ədəbi materiala çevirirdi.

Beləcə, “Xəstə sevgi” adlı bütöv bir trilogiya meydana gəldi.

Görünür, Yeger bəşəriyyəti qısqanclıqdan xilas etməyin yollarını tapmağı öz qısqanclığından xilas olmaqdan daha asan hesab edirdi.

Üç milyon kron arzusunda olan anarxist

Yegerin cibində demək olar ki, heç vaxt pul olmurdu. Əvəzində, həyata keçirmək istədiyi planların sayı-hesabı yox idi.

Parisdə sığorta agenti işləyirdi. Bununla yanaşı, at yarışlarına mərc etmək üçün xüsusi sistem hazırlamışdı. Məqsədi üç milyon kron udmaq, sonra isə həmin pulla Norveçdə inqilab etmək idi.

Lakin planı baş tutmadı. Pullarını uduzduqdan sonra Bretan sahillərinə üz tutdu. Burada onu gözlənilməz bir hadisə sevindirdi: ailənin rüsvayçılığı hesab etdiyi bu adama dindar xalası vəsiyyət qoymadan vəfat etdikdən sonra 2500 frank miras qalmışdı.

Yeger həmin pulu dərhal bədbəxt sevgi haqqında kitabının nəşrinə sərf etdi.

Bir dəfə qışın sərt soyuğunda otuz kron əldə etmək üçün xizəklə 35 kilometrdən artıq yol qət etdi. Məqsədi vetçina, konserv, kerosin və tütün almaq idi.

Parisdə isə qəribə həyat tərzi keçirirdi. Günorta saat üçdə yuxudan oyanır, Bastiliya meydanı yaxınlığındakı kafelərdən birində absint içir, axşam saat doqquzdan səhər səkkizə qədər “Anarxizmin Bibliyası” üzərində işləyirdi. İşini bitirdikdən sonra toyuqlara çörək qırıntıları verərək yatmağa gedirdi.

O, bu kitabın bəşəriyyəti xoşbəxt edəcəyinə səmimi-qəlbdən inanırdı.

Ömrünün son illərində isə aviasiyaya maraq göstərməyə başladı. Dostlarına əsl təyyarə ixtira etdiyini söyləyirdi. Bunun üçün cəmi 36 min kron lazım idi. Planına görə, yazda Skauqumosen dağından havaya qalxmalı idi.

Amma 1910-cu ilin yazında Yeger artıq heç yerə uça bilmədi.

Parlamentin qarşısındakı yoxsul oteldə bitən həyat

8 fevral 1910-cu ildə, 55 yaşında Hans Yeger Kristianiyada, vaxtilə stenoqraf işlədiyi parlament binasının düz qarşısında yerləşən yoxsul bir otel otağında vəfat etdi.

Həmin vaxt Edvard Munk artıq Yegerin yaratdığı bohem çevrəsindən çoxdan uzaqlaşmışdı. Keçmiş müəlliminin bir çox ideyasını bölüşməsə də, ölümündən az əvvəl dostuna yazdığı məktubda Yegerin hələ də görmək istədiyi azsaylı insanlardan biri olduğunu bildirmişdi.

Hələ 1897-ci ildə Munkun çəkdiyi məşhur anarxist portretini Norveç Milli Qalereyası satın almışdı. Vaxtilə nüfuzlu kafelərin qapısından içəri buraxılmaq istənilməyən bu qalmaqallı şəxs indi ölkənin ən böyük sənət kolleksiyasının divarlarında yer alırdı.

Yeger nə təyyarə düzəldə bildi, nə milyonlar qazandı, nə də bəşəriyyəti xoşbəxt etdi. Onun böyük inqilab planları da həyata keçmədi.

Ancaq bir vaxtlar gənc bir rəssama öz ağrısını, qorxularını və iztirablarını dünyadan gizlətməməyin vacibliyini aşıladı. Ona göstərdi ki, insanın ən şəxsi yaşantıları belə böyük sənət əsərlərinin mənbəyinə çevrilə bilər.

Bəlkə də Hans Yegerin bütün inqilabi təşəbbüsləri arasında ən böyük uğuru məhz bu idi: O, dünyanı dəyişə bilmədi, amma dünyanın tanıdığı böyük bir sənətkarın özünü ifadə etməsinə kömək etdi.

Müəllif: Andrey Trubetskoy
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*