ABŞ Rusiyaya xüsusi münasibətə görə Pakistanı “partlatdı” – Proseslər necə cərəyən edəcək? – VİDEObackend

ABŞ Rusiyaya xüsusi münasibətə görə Pakistanı "partlatdı" - Proseslər necə cərəyən edəcək? - VİDEO

Görünən odur ki, Birləşmiş Ştatlar bir müddət əvvəl Rusiyanın etibarlı müttəfiqi olan ölkədə növbəti dövlət çevrilişi etdi. Söhbət baş naziri devrilən və bundan sonra ölkədə iğtişaşlar başlayan Pakistandan gedir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan unikal bir ölkədir. Müstəqilliyinin 75 ili ərzində heç bir baş nazir tam 5 illik müddətə ölkəyə xidmət etməyib. Onlar ya könüllü istefa veriblər, ya da hərbi çevriliş yolu ilə (sonradan istefa və qətllə) devriliblər.

Lakin tarixdə ilk dəfə olaraq baş nazirə etimadsızlıq göstərildi və o səsvermə yolu ilə qanuni şəkildə hakimiyyətdən kənarlaşdırıldı. Bu, Pakistanın keçmiş kriket ulduzu və kifayət qədər məşhur siyasətçisi olan İmran Xan idi. Onun günahı isə amerikalıların istədiyi nöqtəyə yox, yanlış istiqamətə (Çin və Rusiya) baxması oldu.

Aprelin 3-də ölkə parlamenti etimadsızlıq səsverməsinə toplaşdı. Baş nazir prezidentə parlamenti buraxmağı və yeni seçkilər təyin etməyi tapşırdı. Lakin Konstitusiya Məhkəməsi bunu qanunsuz elan etdi və aprelin 9-da səsvermənin keçirilməsini istədi. Nəticədə 174 deputat (lazım olan 172 deputat) səsvermənin keçirilməsinin leyhinə oldu.

İmran Xan niyə baş nazirlik müddətini başa vurmadı?

Koronavirusun təsirləri, əmtəə bazarında qiymətlərin artması və ölkənin idxaldan yüksək asılılığı real fırtına yaratdı. Cəmi bir ay ərzində Pakistan rupisi dollar qarşısında on dəfə ucuzlaşdı. “Foreign Policy” nəşri pakistanlı iqtisadçı Kaiser Bengalidən sitat gətirib: “Ölkə iki ildən artıqdır ki, müflis olub”. Bizim xarici borcla idarə olunan iqtisadiyyatımız var. Pulumuz tükənir, kreditlərimizi ödəyə bilmirik və bunun üçün BVF-yə müraciət edirik. Fevral ayında BVF-nin bir milyard dollar tranş ayırması üçün hakimiyyət vergiləri və elektrik enerjisinin qiymətlərini qaldırmağa məcbur oldu. Bu isə xalqın narazılığı ilə nəticələndi”.

Ola bilsin ki, baş nazir yerli siyasi aristokratiyanın bir hissəsinə çevrilsəydi, bu zaman elitalar baş nazirin ətrafında birləşib ona böhrandan çıxmağa kömək edərdilər. Bununla belə, İmran Xan iki ən böyük partiyanın heç birinə – Pakistan Xalq Partiyasına (Bhutto ailəsi tərəfindən idarə olunurdu) və Pakistan Müsəlman Liqasına (Şərif ailəsi tərəfindən idarə olunurdu) aid olmayan bir şəxs idi.  O, yalnız reytinqinə və populyarlığına görə hakimiyyətdə qalırdı.

İmran Xanın özünün isə etimadsızlıq səsverməsi ilə bağlı fərqli fikirləri mövcuddur. Onun sözlərinə görə, səsvermə ABŞ-ın təşkil etdiyi əsl sui-qəsdin nəticəsidir. İmran Xan hakimiyyətə gəldikdən dərhal sonra Amerikanın özbaşınalıqlarına qarşı çıxış etdi. O, ABŞ-ın Pakistan ərazisini bombalaması praktikasını ləğv etdi. Belə ki, 2018-ci ildə baş nazir olandan bəri Pakistanda heç bir dron hücumu baş verməyib. “Mən Hərbi Hava Qüvvələrinə Pakistanın ərazi bütövlüyünü pozan istənilən pilotsuz təyyarəni vurmağı əmr etdim” – deyə İmran Xan bildirib.

Üstəlik, keçmiş baş nazir yanlış ölkələrlə dostluq edirdi. Pakistanın ən yaxın siyasi müttəfiqi və mühüm ticarət tərəfdaşlarından biri olan Çinlə əlaqələri ABŞ-ı narahat etməyə bilməzdi. Bu yaxınlarda isə Rusiya da baş nazirin “yanlış dostlar” siyahısına daxil edildi. Qərb dövlətləri israrla İslamabadı Ukrayna məsələsində Moskvaya qarşı təzyiqlərə qoşulmağa, Kremli pisləməyə çağırmağa başlasa da, Pakistan buna məhəl qoymadı. İmran Xan, “Pakistan heç bir ölkənin əmrini yerinə yetirən qul deyil” cavabını verdi. Hətta Qərbin Hindistana eyni ultimatumlar verib-vermədiyini kinayə ilə sual etdi. Bütün bunlar bir zamanlar ABŞ-ın Asiyadakı ən yaxın müttəfiqi olan Pakistan üçün vəziyyəti kəskin şəkildə dəyişdi.

İndi hesabın tamamlandığı görünür. İmran Xan hakimiyyətdən uzaqlaşdırılıb və üç dəfə (1990-1993, 1997-1999 və 2013-2017) hökumət başçısı vəzifəsində çalışmış Navaz Şərifin kiçik qardaşı Şahbaz Şərif yeni baş nazir seçilib. Eyni zamanda, potensial yeni baş nazir xarici təsirlərə çox həssasdır. O, 2020-ci ilin sentyabrında çirkli pulların yuyulması ittihamı ilə həbs edilib və altı ay sonra girov müqabilində azad olunub. İkincisi, onun böyük qardaşı hazırda Londondadır. Bu isə o deməkdir ki, Şərif yəqin ki, “Mİ6”nın nəzarətindədir.

Digər tərəfdən Pakistan üçün hər şey itirilməyib. Belə ki, on minlərlə insan vəzifəsindən uzaqlaşdırılan baş naziri dəstəkləmək üçün küçələrə çıxıb. Onları kimin idarə edib-etməyəcəyinə yalnız xalq qərar verməlidir. Amma İmran Xanın çevrilişə ehtiyacı yoxdur – siyasətçi yalnız növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*