XIX əsr ABŞ-da qəbiristanlıqlar gecələr qəbir oğrularının hədəfinə çevrilirdi. Onlar təzə qəbirləri açır, meyitləri çıxarır və tibb məktəblərinə satırdılar. Ən qəribəsi isə bu idi ki, cəsədlər bəzən viski çənlərində daşınırdı.
Bu şəxsləri “dirilidicilər” (“resurrectionists) adlandırırdılar. Onların işi ölüləri diriltmək deyil, gecənin qaranlığında qəbirləri açaraq meyitləri oğurlamaq və anatomiya dərsləri üçün ehtiyac duyan tibb məktəblərinə çatdırmaq idi.
Həmin dövrdə xüsusilə Baltimorda bu fəaliyyət geniş yayılmışdı. Şəhərin tibb kolleclərində təhsil alan tələbələrin insan anatomiyasını öyrənməsi üçün çoxlu sayda meyit tələb olunurdu. Lakin cəsədlərin qanuni yolla əldə edilməsi çətin olduğundan, bu ehtiyac cinayətkarlar üçün gəlirli biznesə çevrilmişdi.
Meyitləri gizli şəkildə daşımaq üçün müxtəlif üsullardan istifadə olunurdu. Tarixi mənbələrdə viski çənlərinin də belə məqsədlərlə işlədildiyi qeyd edilir. Spirt qoxuları müəyyən qədər ört-basdır etməyə kömək edirdi. *Smithsonian Magazine* nəşrinin məlumatına görə, bəzi hallarda cəsədlər çıxarıldıqdan sonra çənlərdə qalan viski də içki kimi satılırdı.
Tibb elminin inkişafı qəbir oğrularına necə bazar yaratdı?
XIX əsrdə tibb elmi sürətlə inkişaf edirdi. Həkimlərin və tələbələrin insan bədəninin quruluşunu öyrənməsi, əməliyyat üsullarını mənimsəməsi üçün anatomik tədqiqatlar mühüm əhəmiyyət daşıyırdı. Bunun üçün isə meyitlərə ehtiyac vardı.
Problem onda idi ki, ABŞ-ın bir çox ştatında meyitlərin anatomik məqsədlərlə istifadəsinə ciddi məhdudiyyətlər qoyulmuşdu. Əksər hallarda yalnız edam edilmiş cinayətkarların cəsədlərindən istifadə etmək mümkün olurdu. Lakin onların sayı tibb məktəblərinin ehtiyacını ödəmirdi.
Tibb kolleclərinin və tələbələrin sayı artdıqca qanuni təchizatla tələbat arasındakı fərq daha da böyüyürdü. Beləliklə, qara bazar formalaşdı. Bəzi həkimlər və tələbələr meyitləri özləri əldə etməyə çalışır, digərləri isə bu işi peşəkar qəbir oğrularına həvalə edirdilər.
Qəbirləri necə açırdılar?
Peşəkar “dirilidicilər” vaxt itirməmək üçün xüsusi üsullardan istifadə edirdilər. Onlar çox vaxt qəbri tamamilə qazıb açmır, yalnız baş tərəfdən torpağı kənarlaşdıraraq tabutun qapağını sındırırdılar. Daha sonra cəsədi kəndirlə çıxarırdılar.
Oğruların məqsədi əsasən meyiti əldə etmək olduğundan, mərhumun geyiminə və digər əşyalarına toxunmamağa çalışırdılar. Bunun hüquqi səbəbi də vardı: ingilis-amerikan ümumi hüquq ənənəsində insan cəsədi adi mülkiyyət obyekti kimi qəbul edilmirdi. Lakin meyitin üzərindəki paltarların və qiymətli əşyaların oğurlanması ayrıca cinayət hesab oluna bilərdi.
Çıxarılan meyitlər müxtəlif vasitələrlə, o cümlədən dəmir yolu ilə başqa şəhərlərdəki tibb məktəblərinə göndərilirdi. Daşınma zamanı yüklərin əsl məzmununu gizlətmək üçün müxtəlif üsullardan istifadə olunurdu.
Bu qanunsuz ticarətin ən ağır tərəflərindən biri isə onun sosial bərabərsizliklə bağlı olması idi. Yoxsulların, miqrantların və qaradərili amerikalıların qəbirləri daha az qorunduğundan, onlar qəbir oğrularının əsas hədəfləri arasında idilər.
Qəbir oğurluğu xalqı ayağa qaldırdı
Meyitlərin oğurlanması cəmiyyətdə böyük narazılıq doğururdu. İnsanlar yaxınlarının məzarlarının açılmasından və cəsədlərinin tibb məktəblərinə aparılmasından qorxurdular.
1788-ci ildə Nyu-Yorkda baş verən və tarixə “Həkimlər iğtişaşı” (Doctors’ Riot) adı ilə düşən hadisələr bu gərginliyin ən məşhur nümunələrindən biridir. Tələbələrin anatomik tədqiqatlar üçün insan cəsədlərindən istifadə etməsi barədə xəbərlər yayıldıqdan sonra qəzəblənmiş sakinlər xəstəxanaya hücum etdilər. İğtişaşlar ciddi qarşıdurmaya çevrildi.
Təxminən bir əsr sonra, 1878-ci ildə daha bir qalmaqal ABŞ ictimaiyyətini sarsıtdı. Prezident Bencamin Harrisonun atası Con Skott Harrisonun cəsədi qəbirdən çıxarıldıqdan sonra Ohayodakı tibb kollecinə aparılmışdı. Hadisənin üzə çıxması qəbir oğurluğu probleminə diqqəti yenidən artırdı.
Qanun dəyişdi, qanunsuz ticarət zəiflədi
Qəbir oğurluğu ilə mübarizədə mühüm addımlardan biri 1831-ci ildə Massaçusetsdə anatomiya haqqında qanunun qəbul edilməsi oldu. Bu qanun tibb məktəblərinin anatomik tədris üçün cəsədlərə qanuni çıxış imkanlarını genişləndirən erkən qanunvericilik nümunələrindən sayılır.
- Sonrakı illərdə digər ştatlarda da oxşar qanunlar qəbul edildi. Müəyyən şərtlərlə sahibsiz qalan və qanuni qaydada təhvil verilə bilən cəsədlərin tibb təhsili üçün istifadəsinə imkan yaradıldı.
Qanuni təchizat sistemi genişləndikcə tibb məktəblərinin qəbir oğrularından asılılığı azaldı. Beləliklə, «dirilidicilər»in fəaliyyəti tədricən zəiflədi.
XIX əsr Amerikası üçün bu hekayə yalnız qəbir oğurluğu haqqında deyil. Bu, elmin inkişafı ilə hüquqi və etik normalar arasındakı ziddiyyətin, yoxsulların müdafiəsizliyinin və insan bədəninə münasibətin tarixidir.
Tibb elminin tərəqqisi insan həyatını xilas etmək üçün yeni imkanlar yaratdı. Lakin bu tərəqqinin zəruri vasitələri qanuni və etik yollarla təmin edilmədikdə, elmin özü Də qorxu və istismarla müşayiət oluna bilərdi.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
