ABŞ Ukraynadakı hərbi münaqişə başa çatana qədər Rusiya ilə nə iqtisadi güzəştləri, nə də hər hansı digər ikitərəfli razılaşmaları müzakirə etməyə hazır deyil.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib. Məlumata görə, ABŞ-ın maliyyə naziri Skott Bessent və Rusiyanın maliyyə naziri Anton Siluanov arasında keçirilən ikitərəfli görüşdə tərəflər münasibətlərin perspektivlərini müzakirə ediblər.
Mənbənin bildirdiyinə görə, Anton Siluanov görüş zamanı ölkələr arasında “qarşılıqlı maraq doğuran sahələr” barədə söhbət açmağa çalışsa da, Skott Bessent onun çıxışını dayandıraraq belə deyib:
“Münaqişə başa çatana qədər heç nə mümkün deyil.”»
Bu mövqe Vaşinqtonun son illərdə dəfələrlə səsləndirdiyi siyasətin davamı kimi qiymətləndirilir. ABŞ rəsmiləri bildirirlər ki, Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi, sanksiyaların yumşaldılması və ya yeni iqtisadi razılaşmalar yalnız Ukraynadakı müharibənin başa çatması və davamlı siyasi həll istiqamətində real irəliləyiş əldə olunacağı halda gündəmə gələ bilər.
ABŞ və müttəfiqləri 2022-ci ildən etibarən Rusiyaya qarşı genişmiqyaslı maliyyə, bank, enerji və texnologiya sahələrini əhatə edən sanksiyalar tətbiq ediblər. Vaşinqton bu məhdudiyyətlərin əsas məqsədinin Rusiyanın hərbi imkanlarını zəiflətmək və Moskvanı diplomatik həll yoluna təşviq etmək olduğunu bildirir.
Hazırkı görüşdən yayılan məlumatlar göstərir ki, iki ölkə arasında müəyyən təmaslar davam etsə də, ABŞ administrasiyası Ukraynadakı müharibə davam etdiyi müddətdə iqtisadi münasibətlərdə normallaşma və ya yeni güzəştlər üçün zəmin görmür.
Ağagül Mürsəlov,
KONKRET.az
