ABŞ Konqresinin Nümayəndələr Palatası Müdafiə Büdcəsi qanununa Yunan adalarında ABŞ hərbi bazalarının yaradılması imkanını tələb edən düzəlişi qəbul edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, düzəliş müdafiə naziri və dövlət katibini ABŞ-ın Yunanıstanda hərbi mövcudluğunu genişləndirmək üçün mövcud imkanları birgə araşdırmağa, adalara xüsusi diqqət yetirməyə çağırır.
Məlumata görə, Senat qanun layihəsinə səs verib. Hazırda iki qanunverici orqan Prezident Co Baydenə göndəriləcək yekun mətnin formalaşdırılması üçün danışıqlar aparır.
Qeyd olunub ki, Nümayəndələr Palatasının düzəlişinə əsasən, hesabat yekun qanun layihəsinin imzalanmasından sonra iki ay ərzində təqdim edilməlidir.
Belə ki, hesabata ABŞ-ın Yunanıstanda, xüsusən də adalarda əlavə bazaların yaradılması və ya hərbi mövcudluğunun genişləndirilməsi imkanlarının təhlili və digər məlumatlar daxildir.
Yunanıstan və ABŞ arasında hərbi əməkdaşlıq
Yunanıstan və ABŞ 2019-cu ilin oktyabrında 1990-cı ildə bağlanmış qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edib. Sənəddə ABŞ-ın Krit adasındakı Souda körfəzindəki hərbi-dəniz bazasının genişləndirilməsi, Larisa şəhəri yaxınlığındakı hərbi hava qüvvələri bazası, Stefanovikio (Maqnisiya regionu) ordusunun aviasiya bazası və şimal-şərqdəki Aleksandrupolis limanından istifadə edilməsi nəzərdə tutulur. Sənəd həmçinin Yunanıstan ərazisində Afinanın razılığı ilə ABŞ-ın istənilən başqa hərbi obyektdən istifadə imkanını da nəzərdə tutur.
Qeyd edək ki, 14 oktyabr 2021-ci ildə ABŞ və Yunanıstan Vaşinqtonda müdafiə sazişinə düzəlişlər edən ikinci protokol imzaladılar. İmzalanan razılaşmalara əsasən, ABŞ-ın dörd hərbi bazası siyahısına dörd yeni obyekt əlavə edilib. Bunlar Aleksandrupolisdəki Yannuli hərbi düşərgəsi, Krit dəniz bazası, Litoçorodakı (Pieriya bölgəsi) atıcılıq poliqonu və Georqulanın düşərgəsidir (Larissadakı aviabazanın yaxınlığında).
İqbal Rzayev,
KONKRET.az
