Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edibbackend

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb.

KONKRET.az xəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesində baş verib.

“Çempionat” nəşrinin məlumatına görə, Merab Dvalişvili Birləşmiş Ərəb Əmirliklərinə Real American Freestyle güləş turnirində iştirak etmək üçün gəlib.

Gürcüstanlı döyüşçü hadisə ilə bağlı özünün “Instagram” hesabında açıqlama yayıb. Onun sözlərinə görə, Usman Nurmaqomedov dostları ilə birlikdə arxadan yaxınlaşaraq ona və yanında olan dostuna hücum edib.

Dvalişvili bildirib ki, mühafizəçilər onu saxlamağa çalışsalar da, qarşı tərəf onun və dostunun yerə yıxılmasından sonra da zərbələr endirməyə davam edib.

“Mühafizəçilər məni saxlayırdı, onlar isə biz artıq məğlub olub yerə yıxıldıqdan sonra da bizi təpikləməyə davam edirdilər”, – deyə gürcüstanlı idmançı bildirib.

Məlumata görə, insidentdə iştirak edən şəxslərin hamısı saxlanılıb, polis Usman Nurmaqomedovu dindirib.

“Çempionat” nəşrinin yazdığına görə, əgər onun təqsiri sübuta yetirilərsə, BƏƏ qanunvericiliyinə əsasən, Nurmaqomedovu bir ilədək həbs cəzası və ya təxminən 2700 dollar məbləğində cərimə gözləyə bilər.

Qeyd edək ki, Usman Nurmaqomedov Professional Fighters League (PFL) təşkilatının yüngül çəki dərəcəsində (70 kq-dək) hazırkı çempionudur.

“Fontanka” nəşrinin məlumatına görə, Merab Dvalişvili ilə Nurmaqomedovlar ailəsi arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır.

Belə ki, 2025-ci ilin yanvarında Merab Dvalişvili Usmanın doğma qardaşı Umar Nurmaqomedovla döyüşüb. Həmin qarşılaşmada gürcüstanlı idmançı qələbə qazanaraq UFC çempionluq titulunu qoruyub.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*