“Allahşükür Paşazadə qaşınmayan yerdən qan çıxartdı” – MÜSAHİBƏbackend

"Allahşükür Paşazadə qaşınmayan yerdən qan çıxartdı" - MÜSAHİBƏ

“Allahşükür Paşazadə səhvini ört-basdır etmək istəyərkən, cəmiyyət üçün daha ziyanlı məsələyə toxunub”

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) ömürlük və 12-ci sədri Allahşükür Paşazadənin ölkə gündəmini və ictimaiyyətini çalxalayan bu açıqlaması onu göstərdi ki, şeyx həzrətləri ömrünün ahıl çağında bəlkə də belə səhv etməmişdi. Göründüyü kimi, şeyxulislam hesab edir ki, Azərbaycan şəhidlərinin, qazilərinin, Ordusunun və Ali Baş Komandanının əldə etdiyi qələbəyə görə Azərbaycan vətəndaşları məhz İranın Ali dini liderinə təşəkkür etməlidir.

Lakin belə bir sual yaranır: Qarabağ 30 ilə yaxın Ermənistanın işğalı altında olanda, bu müddət ərzində İranla sərhəd olan işğal edilmiş torpaqlarımızdan elə İran vasitəsi ilə narkotik, silah qaçaqmalçılığı tranziti kimi istifadə olunanda Xamenei həzrətləri harada idi? Axı, biz bu günə qədər də şeyxulislam tərəfindən təşəkkür edilən dövlət və onun rəhbərindən ölkəmizə yönələn zəhər təchizatının, mənəvi və maddi zərərlərin əziyyətini çəkirik. Həmçinin, biz 30 ilə yaxın müddət ərzində İranla Ermənistan arasında xoş və səmimi qardaşlıq münasibətləri sərgiləyən rəsmi görüntülərin də şahidi olmuşuq.

Amma QMİ-nin ömürlük sədri bütün bunlara rəğmən həmin ölkə və rəhbərliyinə təşəkkür etməyi, həm də bütün vətəndaşlar adından özünə borc bilir və bu fətvanı qələbəmizin carçısı hesab edir. Məgər, biz Xameneinin “Qarabağ Azərbaycan torpağıdır” fətvasını nə vaxt eşitdik ki, təşəkkür də etmədik? Əlbəttə, ola bilər ki, Xamenei nə vaxtsa, “Qarabağ İslam torpağıdır” desin, amma bu, “Qarabağ Azərbaycan torpağıdır” anlamına gəlmir. Həm də Xameneinin fətvası o qədər mühüm idisə, o, bu fətvanı niyə 30 il ərzində vermirdi? Niyə Qarabağda dağıdılan dini abidələrə susurdu?

Cənab şeyx həm də son müsahibəsində baş verənlərə aydınlıq gətirmək istəyib, lakin qaş düzəltdiyi yerdə, yenə də vurub göz çıxardıb. Bildirib ki, onun fikrini təhrif edib Türkiyə-İran-Azərbaycan arasında qarşıdurma yaratmaq istəyirlər. Axı, məhz cənab şeyxin açıqlamasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi “Xamenei Ermənistana silah, Azərbaycana da fətva göndərib. Amma fətvası silahına qalib gəlib” deməklə, əslində nifaq toxumlarını kimin səpdiyini büruzə vermişdi. Bu, həm də Türkiyə ilə Azərbaycanı üz-üzə qoymaq cəhdi deyildimi? Amma cənab Paşazadə baş məsləhətçinin dindən anlamadığını bildirərək, açıqlamasının normal olduğunu bildirib və dediklərinə haqq qazandırıb.

Bir sözlə, biz İrandan lehimizə fətva eşidib, görməsək də, Vətən müharibəsi zamanı İrandan Ermənistana davamlı olaraq silah-sursat daşınmasının şahidi olduq. Bu görüntülər yayılıb, səs-küy doğurandan sonra isə İranın rəsmi şəkildə heç bir reaksiyanı müşahidə etmədik. Bu azmş kimi, Vətən müharibəsi bitəndən sonra da İran tırlarının hələ də Ermənistana, ordan da Qarabağın rus sülhməramlılarının nəzarətində olan ərazilərinə müəmmalı yüklər daşımağa davam etdiyinin şahidi olduq. Təəssüf ki, şeyxin İran sevgisi və bu sevgidən doğan çıxışı onu Qafqazın şeyxi, ən əsası isə Azərbaycan vətəndaşı olmaqdan çox, İran İslam Respublikasının Azərbaycandakı dini nümayəndəsi kimi göstərdi.

Lakin 44 günlük müharibədə ağı qaradan seçən Azərbaycan xalqı kimin dost, kimin isə düşmən olduğunu yaxşı başa düşdü və İrana olan-qalan etimadı da yerlə-yeksan oldu. Çünki az da olsa, yerdə qalan təsirini daha çox din-məzhəb vasitəsi ilə ölkəmizdə qoruyub saxlayan cənub qonşumuzun şəhidlərimizin və qazilərimizin qanı üzərindən düşmənə növbəti dəfə qucaq açması, yerdə qalan rəğbəti də qəzəbə çevirdi.

KONKRET.az məsələnin təfərrüatlarına “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas politoloq Sədrəddin Soltanla aydınlıq gətirməyə çalışıb.

Sədrəddin bəy, məlum olduğu kimi, Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin İranın Azərbaycana dəstəyi və Ali dini rəhbərinin fətvasının Azərbaycanın qələbəsində əsas rol oynadığını bildirməsi ciddi müzakirələrə səbəb oldu və ictimaiyyətin etirazları ilə qarşılandı. Maraqlıdır, İranın həm Azərbaycana, həm də Ermənistana bir-birinə əks olan münasibətini bildiyimiz halda, Allahşükür Paşazadənin həmin çıxışı nəyə hesablanmışdı və nə qədər doğru idi?

– Son zamanlar, xüsus ilə də İkinci Qarabağ müharibəsi başa çatandan sonra İran hakimiyyəti Azərbaycanla Ermənistan arasında fərq qoyuduğunu başa düşdüyündən Azərbaycanla yaxınlaşmağa və dost olduğunu göstərməyə çalışır. Ona görə də Azərbaycan tərəfi də istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə bir sıra hallarda İranın xoşməramlı hesab edilən addımını qarşılamaq üçün adekvat addımlar atmağa cəhd edir. Hesab etmək olar ki, Allahşükür Paşazadə də sonradan təkzib etdiyi müəmmalı bəyanatı ilə Azərbaycanla İran arasında münasibətlərin normallaşmasına və dini, ictimai xadim kimi İranın Azərbaycana xoşniyyətli olduğunu göstərməyə çalışıb. Lakin bu zaman Allahşükür Paşazadə çıxışının barıtını çox edib və bu da ona qarşı bir sıra münasibətləri üzə çıxarıb. O ki, qaldı Allahşükür Pazaşadənin bəyanatının doğru və ya yalnış olmasına, Allahşükür Paşazadə heç vaxt İrana münasibətdə kəskin etiraz bəyanatları ilə çıxış etməyib. İstər Azərbaycan torpaqları Ermənistan işğalı altında olanda İranın mövqeyini kəskin tənqid etməyib, istərsə də İran dini liderlərinin Azərbaycan qarşı təhqiredici bəyanatlarına səs çıxarmayıb. Bu da onu deməyə əsas verir ki, Allahşükür Paşazadənin verdiyi bəyanat sadəcə olaraq hər iki tərəfə yarınmaqdan ibarət olub. Burda da din xadimi olmasından istifadə edib.

– Sizcə, Azərbaycanda cəmiyyət arasında Allahşükür Paşazadəyə inam və etimad nə qədər güclüdür ki, o belə bir açıqlama verməyə məcbur olub. Çünki son müsahibəsində də dindarların onu rəhbər, ağsaqqal kimi qəbul etdiklərini vurğulayıb.

– Əslində, Azərbaycanda mömin insanlar Allahşükür Paşazadənin nə idarəsini, nə də özünü etimad və təqlid edilər. Sadəcə olaraq bir sıra rəsmi məqamlarda bu idarə ilə işlərini tənzimləmək istəyəndə onun fəaliyyətindən faydalanırlar. Əgər Allahşükür Paşazadə elə böyük din xadimi olsaydı, o zaman Allahşükür Paşazadə də daxil olmaqla, azərbaycanlı dindarlar niyə başqa ölkələrdəki din xadimlərini özlərinə lider sayırdılar? Deməli, Allahşükür Paşazadə Azərbaycandakı din xadimlərini qane edəcək səviyyədə dini lider deyil və sadəcə olaraq siyasiləşmiş dini xadimidir. Elə bu məsələdə də din xadimindən çox dini diplomat kimi çıxış edib. Axı, Xamenei fətva veribsə belə, Azərbaycan xalqını və rəhbərliyini qələbə münasibəti ilə təbrik etməyib.

Həqiqətən də Xameneinin fətvası bu qədər əhəmiyyətli idisə, biz bu fətvanı 30 il ərzində niyə görmədik və müharibə sentyabr ayında başlasa da, Xamenei susqunluğunu yanlız noyabrda pozdu?!

– Əslində, müasir dövrdə fətva deyilən məsələ daha çox formal xarakter daşıyır. Bir neçə il əvvəl İraqda fəaliyyət göstərən din xadimi Ayətullah Sistani də Amerika və Türkiyə ordusuna qarşı fətva vermişdi ki, yadellilər İraqı tərk eləsin. Azərbaycanda da, İranda da Sistanini təqlid edən çox sayda insanlar var. Hətta Allahşükür Paşazadə də çıxışlarının birində Sistanini təqlid etdiyini bildirmişdi. Buna baxmayaraq, heç kim onun çağırışına əməl edib, yadellilərə qarşı cihad etməmişdi. Yəni, cihad kəlməsi yalnız dini mahiyyət daşıyır. Dünya dövlətləri, yaxud milli azadlıq hərəkatının liderləri müharibəni cihadla, dini savaş adıyla aparmırlar. Məsələn, Fələstin uzun illərdir ki, İsrailə qarşı müharibə aparır, lakin onlar belə, din savaşı adı ilə cihad elan edib Fələstin torpaqlarını İsraildən azad etmək uğrunda mübarizə aparmırlar. Yaxud, Misirdə “Müsəlman qardaşları” təşkilatı kiminsə fətvası və ya cihadı ilə Hüsnü Mübarək diktaturasına qarşı mübarizə aparmırdı və s. Demək, cihad və fətva mövzusu dinlə bağlıdır və bu daha çox mənəvi xarakter daşıyır. Ola bilər ki, müxtəlif terror təşkilatları bu tip məsələlərin arxasında olsunlar, lakin müasir dövrdə ölkələrin bu istiqamətdə olan qanunlarını onların ali baş komandanları verir. Məsələn, Amerika Birləşmiş Ştatları həm də dindarlıq məsələsinə görə, Avropadan daha çox dindar ölkədir və bu ölkədə müharibə ilə bağlı bütün qəraraları Ali Baş Komandan, yəni, ölkə prezidenti verir. Eləcə də Azərbaycanda torpaqların işğaldan azad edilməsi ilə bağlı əmri ölkənin Ali Baş Komandanı Prezident İlham Əliyev verib. Bu yerdə hansısa din xadiminin fətvası heç sonuncu yerdə belə deyil və və heç bir əhəmiyyət daşımır. Ona görə də Ayətullah Xameneinin fətva verməsi ilə bağlı açıqlama çox yersiz mövzu idi. Çünki Azərbaycanda da, dünyada da İran-Ermənistan münasibətlərini çox gözəl bilirlər. Bunun üçün hansısa rəsmi nümayəndənin diplomatik bəyanatlarına əsaslanıb özünü gizlətməyə ehtiyac yoxdur. Odur ki, Xameninin susqunluğunu yalnız noyabr ayında pozması da sadəcə axına qoşulmağın göstəricisi idi.

İran İslam Respublikası istər İslam Əməkdaşlığı Təşkilatının (İƏT) konfranslarında, istərsə də Birləşmiş Millətlər Təşkilatında (BMT) qəbul edilən qərarların çox hissəsində Azərbaycan torpaqlarınn işğal altında olması ilə bağlı qətnamələrə səs verib. Hətta İƏT-in qətnamələrində açıq şəkildə vurğulanırdı ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Amma İranın rəsmi nümayəndələri heç vaxt bunu açıq şəkildə bəyan etməyiblər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bəs, bu ziddiyyət nədən qaynaqlanır?

– Bu, çox önəmli məsələdir. Azərbaycan BMT-in üzvüdür, dünyəvi dövlətdir və dini qanunlarla idarə edilmir. Ona görə də Azərbaycanla bağlı bu tip mənasız və əhəmiyyətsiz hadisəni ortalığa çıxarmağa ehtiyac yoxdur. Çünki bu məsələ həm də İranın Azərbaycana qarşı etdiyi pislikləri yada saldı və İrana qarşı yeni qıcıqlar oyatdı. Ona görə də Xameneinin fətva vermə məsələsi həm Xameneiyə, həm də onu təbliğ edib üzünü yumaq istəyənlərə ziyandan başqa heç nə gətirmədi. Çünki o həmin İrandır ki, müharibənin gedişində prezidenti Azərbaycanı nəzərdə tutaraq elan etmişdi ki, qonşu dölvət tərəfində terrorçular döyüşür və biz bunu yolverilməz hesab edirik. Madam ki, Allahşükür Paşazadə də özünü tərəfsiz ruhani kimi göstərmək istəyir və fakt arzu edirsə, İranın Ermənistanı müdafiə etməsi ilə bağlı təbliğata diqqət ayırsın və o zaman İran rəsmilərinin verdiyi bəyanatlara cavab versin və bildirsin ki, müharibəni aparan Azərbaycan xalqı, Azərbacan Ordusu və onun Ali Baş Komandandanıdır.

Şeyxulislamın qələbədə Türkiyə ilə İranın adını yanaşı çəkməsi və İranı qələbədə pay sahibi kimi göstərməsi də birmənalı qarşılanmayıb. Sizcə, bu məsələdə İranla Türkiyəni müqayisə etmək nə qədər doğrudur?

– Türkiyə və İranı müqayisə edəndə nəzərə almaq lazımdır ki, Türkiyə hakimiyyəti və əhalisinin Azəbaycana olan münasibəti üst-üstə düşür. Yəni Türkiyə əhalisi Azərbaycanı necə sevirsə, Türkiyə hakimiyyəti də o cür sevir. Amma İran əhalisinin Azərbaycan sevgisi ilə İran hakimiyyətinin Azərbaycan sevgisi eyndirimi? Təbii ki, xeyr və bu fərq özünü həmişə göstərib. Təkcə buna görə İranla Türkiyənin Azərbaycana münasibətini eyniləşdirmək və müqayisə etmək olmaz. Türkiyə 30 ilə yaxındır ki, Ermənistanla sərhədlərini bağlayıb və heç bir iqtisadi, siyasi, mədəni əlaqə saxlamır. Amma İran hətta pandemiya və müharibə dövrlərində də Ermənistanla sərhədləri açıq saxlayaraq, dəstəyini nümayiş etdirmişdi. Bu fakt kifayət edir ki, İranla Türkiyəni müqayisə etməyək və edilməsi də ədalətsizlikdir.

İranın istər müharibədən əvvəl, istərsə də müharibədən sonra Azərbaycana münasibətini görmüşük. Qeyd edilənlərlə yanaşı, iranlı jurnalistin Azərbaycan Prezidentinin xarici media nümayəndəri ilə görüşündə təxribatçı sual verərək Ermənistanın mövqeyini dəstəklədiyinin də şahidi olmuşuq. Hətta İran hakimiyyəti son dövrlər bir az da irəli gedərək şəhidlərimizə din vasitəsi ilə sahiblənmək, bu istiqamətdə müxtəlif faktorlardan istifadə etməyə çalışır. Bütün bunlar İranın dini təzyiq və təsirlərini artırmaq istəyindən xəbər verir?

– İran hakimiyyətinin fundamental ideyası var: Ruhulla Xomeyninin İslam İnqilabı doktrinasını müsəlman ölkələrində yaymaq. Yəni, dünya ölkələrində İslam inqilabı təşkil etmək və dünya müsəlman ölkələrində İslamyönümlü hakimiyyətlər qurmaq. Ən azından, İrana oxşar hakimiyyətlər qurmaq. Təxmini, sosialist inqilabların dünyada yayılmasına bənzər bir sistem. Lakin tarix sübut edib ki, bu, mümkün bir şey deyil və dünyada qəbul edilmir. Eyni zamanda, demokratiyanın zor gücüylə, yaxud müxtəlif rəngli iqilablarla yayılmasına cəhd edilməsi də sübut edib ki, bu texnologiyalar da yanlışdır və özü əlavə münaqişələr yaradır. Yəni cəmiyyətin təbii təkamül yoluyla inkişafına üstünlük vermək daha səmərəli yoldur və dünyanın cinayətlərə qarşı birləşməsi, bu istiqamətdə fəaliyyət göstərməsi daha səmərəli olar, nəinki, müxtəlif inqilablar təşkil etməklə.

İranın da Azərbaycana dini amil cəhdləri ilə təsiri həmin o inqilab doktrinasının transformasiyasıdır. İkinci bir tərəfdən, Azərbaycanı zəiflətmək, İrandan asılı vəziyyətə salmağa çalışmaq və Azərbaycana mane olmağa çalışmaqdır. Son zamanlar isə İran artıq bu tip məsələləri anlamağa çalışıb və bilir ki, regional əməkdaşlıq iki ölkə arasındakı qarşdurmadan daha səmərəlidir və indi də buna cəhd edirlər. Bu tip cəhdlərin nəticəsi isə Paşazadənin ifadəsində əksinə olaraq İrana yarınmaq kimi özünü biruzə verib və aləm dəyib bir-birinə. Yəni, Azəbaycanla münasibətləri dini konteksdə qurmaq yersizdir və bu, hər iki tərəfə də ziyan gətirir.

– Qayıdaq Allahşükür Paşazadənin son açıqlamasına. Şeyx son açıqlamasında dediklərini demək olar ki, bir daha təsdiqləyib və təkzibi özünü doğrultmayıb. Bu onun İran sevgsindən, İrana yarınmasından, təlimat almasından, yoxsa başqa məqamlardan irəli gəlir?

– Demək olar ki, Allahşükür Paşazadə son açıqlamsında yenə də özünə probem yaradıb. O, təkzib vermək istəyib ki, onu düz başa düşməyiblər. Amma təkzib verərkən, yenə də insanları təhqir edib və onları ermənilərə işləməkdə ittiham edib. O zaman belə olan halda, həmin insanların da Allahşükür Paşazadəni İrana işləməkdə ittham etməsinə tam haqqı var. Çünki həmin insanların Ermənistana işləməsi ilə bağlı heç bir ifadə yoxdur, lakin Ayətullah Xameneinin üzünü yumaqla Allahşükür Paşazadənin İrana işlədiyini deməyə çoxsaylı əsaslar var. Odur ki, Allahşükür Paşazadə bu bəyanatında da çoxsaylı səhvlər edib və özünü peşəkar dini, siyasi, ictimai xadim saymağa çalışsa da, təəssüf ki, əl-üz yuyanda çox böyük yanlışlıqlara yol verib. Hətta yanlışlıq edərək qarşıdurma yaratmaq istəyib. Azərbaycanda heç kim heç vaxt Azərbaycan- Türkiyə, Azərbaycan-İran münasibətlərini təriqət kontekstindən təhlil etmir və bu, qaşınmayan yerdən qan çıxarmaqdır. Bu, diqqəti başqa səmtə yönəltməkdir. Allahşükür Paşazadə də diqqəti başqa səmtə yönətlmək və Türkiyə-Azərbaycan münasibətlərində bu məsələyə toxunmaqla yanlış addım atıb. Bir sözlə, Allahşükür Paşazadə öz səhvini ört-basdır etmək istəyərkən, qıcıqlandırıcı və cəmiyyət üçün ziyanlı olan məsələyə toxunub və özünə qarşı yeni cəbhə açıb.

Allahşükür Paşazadənin İrana işləyib-işləməmədiyini deyə bilmərik, bunu Azərbaycanın xüsusi xidmət orqanları aradşırıb, təyin edə bilərlər ki, kim hara işləyir. Ancaq onun ifadələrində, açıqlamalarında İran hakimiyyətinə daha çox sevgi bəslədiyi hiss olunurdu. Təbii ki, İran hakimiyyətinin 44 günlük Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə Azərbaycana etmədiklərini etmiş kimi qələmə verməsi də yolverilməzdir.

Mərahim Nəsib,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*