Rusiya hakimiyyəti Almaniya hava limanında xarici xüsusi xidmət orqanlarının nümayəndəsi ilə aparılan söhbəti xarici kəşfiyyatla əməkdaşlıq kimi qiymətləndirə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Dmitri Zair-Bek xəbərdarlıq edib.
Onun sözlərinə görə, Rusiya vətəndaşları xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə ünsiyyət zamanı ciddi ehtiyatlı olmalıdırlar. Çünki Rusiya qanunvericiliyi xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məsuliyyət nəzərdə tutur və bu anlayışı olduqca geniş şərh edir.
“Əgər xarici xüsusi xidmət orqanının nümayəndəsi sizinlə söhbət edirsə və siz Rusiya vətəndaşısınızsa, nəzərə almalısınız ki, Rusiya qanunvericiliyi xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məsuliyyət müəyyənləşdirir. Üstəlik, bu əməkdaşlıq anlayışı çox geniş şəkildə yozulur”, – deyə Zair-Bek bildirib.
O, belə təmasların məxfiliyinə də güvənməməyi tövsiyə edib. Hüquq müdafiəçisinin fikrincə, bu cür əməkdaşlıq zamanı məlumatların gizli qalacağına təminat yoxdur və müəyyən hallarda həmin məlumatlar şəxsin heç vaxt xəbər tutmasını istəmədiyi dairələrə də çata bilər.
Hava limanında xüsusi xidmət orqanlarının nümayəndəsi ilə aparılan söhbətin xarici kəşfiyyatla əməkdaşlıq hesab edilib-edilməyəcəyi barədə sualını cavablandıran Zair-Bek bunun Rusiya hakimiyyəti tərəfindən məhz belə qiymətləndirilməsi ehtimalını yüksək hesab etdiyini bildirib.
O, xüsusilə də şəxsin məxfi əməkdaşlığa razılıq verdiyini təsdiqləyən sənəd imzaladığı halda riskin daha da artdığını vurğulayıb.
Ağagül Mürsəlov,
KONKRET.az
