Mənzillərin və obyektlərin sahəsini genişləndirmək məqsədilə binaların daşıyıcı konstruksiyalarına müdaxilə edilməsi ciddi təhlükəsizlik problemi yaradır. Xüsusilə istismar müddəti başa çatmış köhnə yaşayış binalarında bu cür dəyişikliklər binanın dayanıqlılığına mənfi təsir göstərir.
Son dövrlər yaşayış binalarında daşıyıcı kolonların kəsilməsi, divarların sökülməsi, şaxtalara müdaxilə və digər özbaşına konstruktiv dəyişikliklər narahatlıq doğurur. Bu müdaxilələr təkcə həmin mənzildə yaşayanlar üçün deyil, bütövlükdə binanın sakinləri üçün təhlükə yarada bilər.
Türkiyədə problemin qarşısını almaq məqsədilə qanunsuz konstruktiv dəyişikliklərə qarşı daha sərt tələbləri nəzərdə tutan qanun layihəsinin hazırlanması Azərbaycanda da analoji addımların atılması məsələsini gündəmə gətirir.
Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Yaşayış binalarında qanunsuz müdaxilələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, ilk növbədə istismar müddəti başa çatmış binalarda texniki monitorinqlərin aparılmasına ehtiyac var.

Ekspertin sözlərinə görə, xüsusilə sovet dövründə inşa edilmiş, əsas prospektlərin və yol kənarlarının yaxınlığında yerləşən beş və doqquzmərtəbəli binalarda vəziyyət daha ciddi narahatlıq doğurur. Belə binaların birinci mərtəbələrindəki mənzillərin əksəriyyətinin ticarət obyektlərinə çevrilməsi zamanı müxtəlif konstruktiv elementlərə müdaxilələr edilib:
“Bu dəyişikliklərin böyük hissəsi özbaşına həyata keçirilir. Hətta zirzəmi səviyyəsində belə konstruktiv müdaxilələrə rast gəlinir. Məsələn, Memar Əcəmi metrosunun yaxınlığındakı binaları göstərmək olar. Digər metro stansiyalarının ətrafında, xüsusilə də əsas prospektlərin kənarında yerləşən yaşayış binalarında da belə hallar mövcuddur”.
E.Azadov qeyd edib ki, problem daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində müşahidə olunur. Onun fikrincə, risk baxımından ilk növbədə köhnə və istismar müddəti başa çatmış yaşayış fonduna diqqət yetirilməlidir.
Ekspert yeni tikililərdə də qanunsuz dəyişikliklərin baş verdiyini istisna etməyib. Onun sözlərinə görə, bu binalarda əsasən kiçikölçülü, bir və ikiotaqlı mənzillərin sahəsinin artırılması məqsədilə müxtəlif dəyişikliklər edilir:
“Yeni binalarda balkonların bağlanması, mətbəxin yerinin dəyişdirilərək dəhlizə və ya balkona keçirilməsi, bəzi arakəsmələrin sökülməsi kimi hallara rast gəlinir. Bəzən texniki daşıyıcı divarlara, mühəndis-kommunikasiya şaxtalarına və binanın ümumi istifadə sahələrinə də müdaxilələr edilir. Lakin hesab edirəm ki, yeni tikililərdə risk köhnə yaşayış binaları ilə müqayisədə o qədər də yüksək deyil”.
Beləliklə, ekspertin fikirlərindən aydın olur ki, problemin həllində əsas diqqət köhnə yaşayış fondunun texniki vəziyyətinin qiymətləndirilməsinə və konstruktiv dəyişikliklərə nəzarətin gücləndirilməsinə yönəldilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
