Amerikalı əfqan fotoqraf Daniel Malikyar Əfqanıstanın ucqar dağ kəndlərindən birində qeyri-adi moda subkulturası aşkar edib. Kəndin gəncləri özlərinə elə bir geyim tərzi yaradıblar ki, bu obrazlar ən məşhur moda jurnallarının redaktorlarının belə diqqətini çəkə bilər.
Onlar gözlərini rəngli sürmə ilə bəzəyir, dırnaqlarına xına çəkir, naxışlarla işlənmiş geyimlər geyinir, baş geyimlərini isə güllər və kəpənək formasında saç sancaqları ilə tamamlayırlar. Ən maraqlısı isə budur ki, bütün bunlar xüsusi tədbirlər və ya foto çəkilişlər üçün deyil. Gənclər gündəlik həyatda da məhz belə geyinirlər.
Bu kəndin gənclərinin internetə çıxışı yoxdur. Deməli, onların dünyaca məşhur moda trendlərindən, sosial şəbəkələrdə yayılan obrazlardan və bizim öyrəşdiyimiz dəb nümunələrindən də xəbərləri yoxdur. Onlar öz üslublarını tamamilə müstəqil şəkildə formalaşdırır, rəngləri, bəzək əşyalarını və geyim detalları ilə eksperimentlər aparırlar. Üstəlik, hər birinin gözəllik və zövq anlayışı özünəməxsusdur.
Daniel Malikyar bu kəndə dəfələrlə qayıdıb, yerli sakinlərlə söhbətləşib və onların fotolarını çəkib. Fotoqraf özünün bu silsilə işlərini gənclərin qeyri-adi geyim tərzinə, fərdi zövqlərinə və xarici görünüşləri ilə heç bir qəlibə sığmadan eksperiment aparmaq azadlığına həsr edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Foto: Daniel Malikyar

