Almaniyadan Rusiyaya sərt mesaj: “Qırmızı xətt keçilib” – Lavrov-Vadeful görüşünün detallarıbackend

Almaniyadan Rusiyaya sərt mesaj: “Qırmızı xətt keçilib” – Lavrov-Vadeful görüşünün detalları

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda keçirdiyi görüşün detallarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Y.Vadeful “Tagesschau”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lavrovla təxminən 20 dəqiqə davam edən görüş üçüncü ölkələrin vasitəçiliyi ilə baş tutub. Vadeful qeyd edib ki, müxtəlif ölkələrin xarici işlər nazirləri ona Rusiya tərəfinin danışıqlara hazır olduğuna dair siqnallar veriblər.

Almaniyalı nazir bildirib ki, görüş zamanı əsas diqqət Ukraynadakı müharibəyə və onun nəticələrinə yönəlib. Tərəflər Ukrayna və Rusiyadan taxıl ixracı məsələsini də müzakirə ediblər. Vadeful bu məsələnin, xüsusilə Misirdə ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Leypsiq/Halle hava limanında baş verən pilotsuz uçuş aparatı insidenti də müzakirə olunub. Vadeful Lavrova belə hadisələrin Almaniya üçün “qırmızı xətt” olduğunu və bu cür insidentlərin təkrarlanmasına dözməyəcəklərini bildirib.

O, həmçinin Rusiyanı Ukraynada müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. Vadeful Almaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini qeyd edib.

Almaniya XİN başçısı görüşün keçirilməsini doğru qərar hesab etdiyini bildirib. Onun sözlərinə görə, diplomatiyanın əsas vəzifələrindən biri hətta fundamental fikir ayrılıqları olan tərəflərlə belə dialoq qurmaqdır.

“Hazırda Rusiya müharibəni dayandırmağa hazır deyil. Lakin danışıqlar zəruridir. Diplomatiyanın vəzifəsi də məhz bundan ibarətdir”, – deyə Vadeful bildirib.

Qeyd edək ki, Vadeful və Lavrovun görüşü Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Almaniya və Rusiyanın xarici işlər nazirləri arasında ilk ikitərəfli görüş olub. Danışıqlar BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasları çərçivəsində keçirilib.

Rusiya tərəfi görüşün Almaniyanın təşəbbüsü ilə baş tutduğunu açıqlayıb. Lavrov isə sonradan danışıqlarda ciddi irəliləyiş olmadığını bildirib.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*