Çaykovskinin heykəli Almaniyadan yoxa çıxdı, Parisdə peyda oldu – Abidənin müəmmalı taleyibackend

Çaykovskinin heykəli Almaniyadan yoxa çıxdı, Parisdə peyda oldu – Abidənin müəmmalı taleyi

Rusiya hakimiyyəti bəstəkar Pyotr Çaykovskinin Almaniyada yerləşən abidəsini ölkədən çıxarıb.

KONKRET.az xəbər verir ki, heykəl hazırda Parisin mərkəzində yerləşir.

Bundan əvvəl Rusiyanın Bonndakı Baş Konsulluğunun ərazisində quraşdırılmış abidə diplomatik nümayəndəliyin bağlanması barədə qərardan sonra Almaniyadan çıxarılıb. Moskva bu addımı Leypsiq hava limanına dron hücumu ilə əlaqədar atıb.

Heykəl müvəqqəti olaraq Parisin Branli sahilində yerləşən Rus Pravoslav Kilsəsinin Müqəddəs Üçlük kafedralının ərazisinə gətirilib.

Həmin ərazidə Rusiyanın Ruhani və Mədəniyyət Pravoslav Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin əməkdaşları ziyarətçilərə abidənin buraya təxminən bir ay əvvəl, yəni sentyabr ayında gətirildiyini bildiriblər. Onların sözlərinə görə, heykəl burada müvəqqəti saxlanıla bilər. Abidənin gələcək taleyi isə hələlik məlum deyil.

Bonn şəhər rəhbərliyi Çaykovskinin abidəsinin mövcudluğundan, ümumiyyətlə, xəbərdar olmadıqlarını bildirib. Məlum olub ki, heykəl Baş Konsulluğun ərazisində müvafiq razılıq alınmadan quraşdırılıb.

“Abidə müvafiq siyahılarda və məlumat bazalarında qeydiyyata alınmayıb. Ola bilsin ki, bunun səbəbi onun ictimaiyyətə açıq olmayan ərazidə yerləşdirilməsi olub”, – şəhər rəsmiləri bildiriblər.

Məsələ ilə bağlı Rusiyanın Berlindəki səfirliyinə və Parisdəki Müqəddəs Üçlük kafedralına müraciət edilsə də, cavab olmayıb. Heykəlin müəllifi, heykəltəraş Aleksandr Taratınovla da əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Branli sahilində yerləşən Rusiya Mədəniyyət Mərkəzi Taratınovun taleyi mübahisələrə səbəb olmuş əsərlərindən birinin nümayiş etdirildiyi məkan kimi də tanınır.

Belə ki, 2025-ci ilin noyabrında həmin mərkəzin ərazisində rus şairi Aleksandr Puşkinin heykəlinin təntənəli açılışı keçirilib. 2009-cu ildən Latviyanın paytaxtı Riqada yerləşən, zahirən oxşar olan digər Puşkin abidəsi isə 2023-cü ilin mayında sökülmüşdü.

Lakin sonradan məlum olub ki, bu iki heykəl eyni deyil. Latviyalı iş adamı Yevgeni Qomberq sosial şəbəkələrdə açıqlama verərək bildirib ki, abidələr arasında kiçik fərqlər var: heykəllərdən birində şair silindr formalı papaqda və əlcəksiz, digərində isə papaqsız və əlcəkli təsvir edilib.

Qomberq Taratınova istinadən qeyd edib ki, heykəltəraş hələ 2008-ci ildə Puşkinin iki oxşar heykəlini hazırlayıb. Onlardan biri uzun müddət Riqada nümayiş etdirilib, digəri isə bütün bu illər ərzində heykəltəraşın Niderlanddakı emalatxanasında saxlanılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*