AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı: “Əsas vəzifəmiz gənc tədqiqatçıların dünya elmi səviyyəsinə qalxmasına dəstək verməkdir”backend

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı: "Əsas vəzifəmiz gənc tədqiqatçıların dünya elmi səviyyəsinə qalxmasına dəstək verməkdir"

Yanvarın 22-də tanınmış kimyaçı alim, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlının 70 yaşı tamam olur.

Alimin ən mühüm elmi nailiyyətləri mürəkkəb qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etməsi, onun nəzəri əsaslarını və metodoloji aspektlərini işləyib hazırlaması və geniş şəkildə reallaşdıraraq, funksional xassələrə malik çoxlu sayda yeni fazaların məqsədyönlü axtarışının və istiqamətli sintezinin elmi əsaslarını işləməsi ilə bağlıdır.

Ölkəmizdə topoloji izolyatorlarla bağlı aparılan tədqiqatların əsası da M.Babanlının rəhbərlik etdiyi elmi komanda tərəfindən qoyulmuşdur.

Professor M.Babanlı 4 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 550-dən artıq məqalə və 5 patentin müəllifidir. Elmi məqalələrinin 300-dən çoxu Web of Science bazasında indekslənən yüksək impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir, onlara 5000-ə yaxın istinad olunmuşdur. O, 2016-cı ildə “Clarivate Analytics” beynəlxalq elmi-analitik informasiya şirkəti tərəfindən “Ən çox istinad olunan görkəmli elmi məqalə”yə görə diploma layiq görülmüş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin Alimi” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin mükafatı və diplomu ilə, 2015-ci ildə isə “Fiziki kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə” REA-nın Kurnakov medalı və diplomu ilə təltif edilmişdir.

Müsahibimiz AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı şərəfli həyat yolundan, zəngin elmi yaradıcılığından, elmimizin inkişafında göstərdiyi xidmətlərdən bəhs edib.

– Məhəmməd müəllim, öncə Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayırıq. 70 illik həyatınızın neçə ilini elmi fəaliyyətə həsr etmisiniz?
– 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti – BDU) fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışam. Elmi rəhbərim professor Əlihüseyn Quliyevin rəhbərliyi ilə yarımkeçiricilər kimyası sahəsində ilk tədqiqatlarıma başlamışam. Bu illərdə fəlsəfə doktorluğu dissertasiyasını yerinə yetirmiş və 1977-ci ildə Belarus Dövlət Universitetinin İxtisaslaşdırılmış Şurasında müdafiə etmişəm. Elmi fəaliyyətimin 2014-cü ilə qədərki dövrü BDU ilə bağlı olmuşdur. Bu illər ərzində elmlər doktoru elmi dərəcəsinə, professor elmi adına layiq görülmüşəm. 2014-cü ildə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna elmi işlər üzrə direktor müavini təyin olunmağım ilə elmi fəaliyyətim bu elm məbədiilə bağlanmışdır. Ümumilikdə, 50 ilə yaxındır ki, elmi fəaliyyətlə məşğulam.

– Elmi tədqiqatlarınızın əsas istiqamətlərindən bəhs edərdiniz. Elmdə hansı yeniliklərə imza atmısınız?
– Elmi fəaliyyətə başladığım ilk illərdən qeyri-üzvi kimyanın bir bölməsi olan qeyri-üzvi materialşünaslıq elmi istiqamətinə böyük maraq göstərmişəm.

Elmdə fiziki-kimyəvi analiz adlandırılan elmi yanaşma mövcuddur. Bu sahə kimyəvi termodinamika istiqaməti ilə sıx əlaqəli olsa da, o zaman həm keçmiş SSRİ-də, həm də digər ölkələrdə bu istiqamətlərdə tədqiqatlar bir-birindən təcrid olunmuş halda aparılırdı. Faza tarazlıqları haqqında təlimin əsasını termodinamika təşkil etsə də, bu iki istiqaməti birləşdirən sistemli təcrübi tədqiqatlar aparılmırdı. Bu səbəbdən namizədlik dissertasiyası mövzumu qeyri-üzvi sistemlərin faza tarazlıqlarının və termodinamik xassələrinin kompleks, qarşılıqlı əlaqələndirilmiş tədqiqi istiqamətində seçməyi qərara aldım və bu problemin həlli ilə məşğul olmağa başladım. Elmlər doktorluğu dissertasiyası işimin də əsas mahiyyəti bu məsələlərlə bağlı olmuşdur. 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdim. Bu tədqiqatlar müasir materialşünaslıq problemlərini daha ciddi elmi əsaslar üzərində qurmağa yönəlmişdi. Sonrakı illərdə yetirmələrim bu yanaşmanı inkişaf etdirməyə və geniş şəkildə reallaşdırmağa nail oldular.

Ümumiyyətlə, təcrübi tədqiqatlarla bağlı olan elm sahələrində, o cümlədən, kimyada nailiyyətlər daha çox bir fərdin deyil, tədqiqat qruplarının səmərəli fəaliyyəti ilə bağlıdır. Bu baxımdan bizim yaradıcı kollektivin elmə verdiyi töhfələr qeyri-üzvi materialşünaslığın fundamental məsələlərinin həllinə yönəlmiş yeni yanaşmanın inkişaf etdirilməsi ilə bağlıdır.

– Funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində geniş və sistemli tədqiqatlar aparan, yeni elmi istiqamət və elmi məktəb yaratmış beynəlxalq miqyasda tanınan alimsiniz. Bir sıra elmi-tədqiqat layihələriniz beynəlxalq qrantlara layiq görülüb. İstərdik bu barədə məlumat verəsiniz.
– Beynəlxalq qrant müsabiqələrində iştirakım ötən əsrin sonlarından başlamışdır. İlk elmi layihəm1999-cu ildə Almaniyanın Akademik Mübadilə Proqramının qrantına layiq görülüb. Bu layihə çərçivəsində həmin il 2 ay müddətində Almaniyanın Ştutqart Universitetində və Maks Plank İnstitutunda elmi ezamiyyətdə oldum. Burada bəzi elmi nəticələrimiz barədə məruzə etdim, tədqiqatlar apardım və Qərb ölkələrində fəaliyyət göstərən həmkarlarımızla birgə işlərimizin təməli qoyuldu.

2000-ci illərin əvvəllərində Avropa Birliyinin İNTAS beynəlxalq proqramı üzrə ardıcıl keçirilən müsabiqələrdə iştirak etdim və 2 qrant aldım. Bu proqramın əsas məqsədi keçmiş SSRİ məkanının elmi işçilərinin Avropanın aparıcı müəssisələri ilə əlaqələrinə dəstək vermək idi. Birinci İNTAS layihəsi çərçivəsində bizim tədqiqat qrupu Rusiya, Almaniya və İsveçin aparıcı alimləri ilə birgə tədqiqatlar apardı və biz həmin ölkələrdə elmi ezamiyyətlərdə olduq, elmi mübadilə apardıq. İkincilayihəni Almaniya, Fransa, Rusiya və Belarusdan olan həmkarlarımızla 2001-2002-ci illərdə birgə yerinə yetirdik. Bu layihələr yeni nəsil termoelektrik çeviricilərinin və müxtəlif maddələrin çox az miqdarlarının aşkar və təyin edilməsi üçün sensorların alınmasına və tədqiqinə həsr olunmuşdu. 2007-ci ildə Fransanın Monpelye Universiteti və Ukrayna Milli Elmlər Akademiyasının Materialşünaslıq Problemləri İnstitutu ilə birgə layihəmiz Fransanın maliyyələşdirdiyi EKONET beynəlxalq proqramı üzrə qranta layiq görüldü və 3 il ərzində funksional materialşünaslıq sahəsində birgə tədqiqatlar apardıq.

2010-cu ilin yayında dünyaca məşhur rus əsilli nəzəriyyəçi fizik, alim, İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin professoru YevgeniÇulkovdan, həmin dövrdə təzəcə kəşf olunmuş və materiyanın yeni kvant halını əks etdirən topoloji izolyatorlar sahəsində əməkdaşlıq təklifi aldım. Təbii ki, mən bu təklifi məmnuniyyətlə qəbul etdim və artıq həmin ilin noyabrında İspaniyaya səfər etdim, sintez etdiyimiz bir neçə yeni maddə kristallarını birgə fiziki tədqiqatlar üçün özümlə apardım. Artıq uzun illərdir ki, həmin əməkdaşlıq daim yenilənən birgə elmi proqramlar əsasında uğurla davam etdirilir. Bu tədqiqatların daha effektiv aparılması üçün 2016-cı ildə AMEA Rəyasət heyətinin qərarı ilə bizim İnstitutla Donostia Fizika Mərkəzi arasında müştərək beynəlxalq laboratoriya yaradılmışdır və indiyədək fəaliyyət göstərir.

Sevindirici haldır ki, həmin laboratoriyada təcrübəli alimlərimizlə yanaşı, bir qrup istedadlı gənc tədqiqatçımız da çalışırlar. Hazırda bu istiqamətdə Avropa Birliyinin əksər ölkələrinin, Rusiyanın, Yaponiyanın və Kanadanın aparıcı müəssisələrini əhatə edən böyük bir kollaborasiya fəaliyyət göstərir. Layihə çərçivəsində, son 10 il ərzində əldə olunmuş nəticələr 100-ə yaxın birgə məqalə şəklində yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur. Xüsusi qeyd etmək istəyirəm ki, bu istiqamətdə tədqiqatlarımızın mühüm nəticələrindən biri 2019-cu ildə dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri hesab olunan “Nature” jurnalında dərc olunub. Bundan əlavə “Nature” nəşriyyat kompleksinə daxil olan “Nature Communications”, “Quantum Materials”, “Scientific Reports”, Amerika KimyaCəmiyyətinin “ACS Nano”, “Nano Letters”, Amerika Fizika Cəmiyyətinin “Physical Review”, “Physical Review B” və s. jurnallarında da araşdırmalarımızın nəticələri öz əksini tapıb.

Son üç il ərzində həmçinin Rusiyanın Fundamental Tədqiqatlar Fondu və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə elan etdiyi birinci qrant müsabiqəsində qalib olan layihəmiz üzrə tədqiqatları da davam etdiririk. Moskva Dövlət Universiteti ilə birgə yerinə yetirdiyimiz “Təbii mineralların sintetik analoqları əsasında ekoloji təhlükəsiz funksional materialların alınması” adlı bu layihə üzrə işlərimiz artıq yekunlaşmaq üzrədir.

Yekun olaraq vurğulamaq istərdim ki, elmin indiki inkişaf mərhələsində, hətta dünyanın ən aparıcı elmi mərkəzləri belə tək öz imkanları hesabına yüksək elmi nailiyyətlər əldə edə bilməzlər. Bu baxımdan beynəlxalq qrant layihələrinin həyata keçirilməsi olduqca vacibdir.

– Kimya elminə bəxş etdiyiniz ən dəyərli əsəriniz hansıdır?
– Konkret bir əsərin adını qeyd etmək çətindir. “Web of Science” bazasında dərc olunan çoxsaylı məqalələrimizin bəziləri müasir materialşünaslığın konseptual məsələlərinin araşdırılmasına və ya pioner tədqiqatların nəticələrinə həsr olunmuşdur. Yuxarıda qeyd etdiyim “Nature”, “Quantum Materials” və s. jurnallarda 2019-2021-ci illərdə çap olunmuş seriya məqalələrimizdə dünya təcrübəsində ilk dəfə olaraq antiferromaqnetik topoloji izolyator fazalarının alınması və unikal xassələri haqqında məlumatlar verilmişdir. Bundan başqa, həmkarlarımla birgə yüksək impakt faktorlu jurnallarda dərc olunmuş 3-4 icmal məqaləni də qeyd edə bilərəm. Bu məqalələrdə kimyəvi materialşünaslığın fundamental problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlər şərh olunmuşdur.

– Uzun illərdir ki, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərirsiniz. Son illərdə bu institutda nə kimi nailiyyətlər əldə olunub?
– Bu çox geniş sualdır və ayrıca bir söhbətin mövzusudur. Qısa olaraq bəzi məsələlərə toxunmaq istəyirəm. Əvvəlcə qeyd edim ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AMEA-nın təsis olunduğu dövrdə yaradılmış bir neçə İnstitutdan biridir və artıq uzun illərdir ki, elmimizə böyük töhfələr verir. Mənim burada fəaliyyətə başladığım 2014-cü ildən İnstituta AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev rəhbərlik edir. Bu dövrdə İnstitumuzda 3 elmi istiqamət üzrə tədqiqatlar aparılır. Onlardan biri artıq qeyd etdiyim kimi qeyri-üzvi kimya və materialşünaslıq sahələrini əhatə edir. Son dövrdə bu istiqamətdə qarşıya qoyduğumuz əsas məsələlərdən biri də hidrogen energetikası problemlərinin həllinə öz töhfələrimizi verməkdir. Hazırda bununla bağlı İnstitutumuzda yeni elmi proqram işlənib hazırlanmaqdadır. Burada hidrogenin alınması və saxlanılması-akkumulyasiyası metodlarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılması nəzərdə tutulur.

Digər bir mühüm istiqamət katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, sənaye əhəmiyyətli müxtəlif proseslər üçün yeni effektiv katalitik sistemlərin yaradılması və tətbiqidir. İnstitumuzun Avropanın bir sıra elmi mərkəzləri ilə birgə layihəsi Horizon-2020 beynəlxalq proqramı üzrə müsabiqənin qalibi olmuşdur və alimlərimiz bu istiqamətdə geniş tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticələri həm elmi, həm də böyük tətbiqi əhəmiyyət kəsb edir, və onların Sumqayıt Etilen-Polietilen Zavodunda tətbiq olunacağı gözlənilir.

Başqa bir istiqamət – kimya texnologiyası və kimya proseslərinin modelləşdirilməsi üzrə də institutumuzda əhəmiyyətli nəticələrə imza atılıb.İnstitumuzda aparılan fundamental tədqiqatlarla yanaşı, bəzi tətbiqi işləri də qeyd etmək istəyirəm. Ölkəmizdə olan çoxsaylı hidrotexniki qurğuların korroziya vəziyyətinin monitorinqi və onların korroziyadan mühafizəsi sahəsində ciddi işlər görmüşük. Bu işlərin Respublikamız üçün böyük önəmini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə institumuza bu istiqamətdə tədqiqatları genişləndirmək üçün 500 min manat məbləğində xüsusi vəsait ayrılıb. Bu sahədə ölkəmizin bütün regionlarında monitorinq və tədqiqatlar aparılmaqdadır, həmin tədqiqatların işğaldan azad olunmuş ərazilərimizdə də aparılması nəzərdə tutulur.

Son illərdəki elmi nailiyyətlərimiz institutumuzun elmi göstəricilərinin xeyli yüksəlməsinə gətirib çıxarmışdır. Əgər 2000-ci illərin əvvəllərində alimlərimizin elmi məqalələrinin təxminən 10-20-si “Web of Science” və “Scopus” bazalarında indekslənən jurnallarda işıq üzü görürdüsə, son 5 il ərzində isə bu rəqəm 70-80 məqaləyə qədər yüksəlib.Uğurlarımız çoxdur, ancaq əvvəl qeyd etdiyim kimi bu, ayrıca bir söhbətin mövzusudur.

– Bildiyimiz kimi, kadr hazırlığı sahəsində də böyük xidmətləriniz olub. Rəhbərliyiniz altında 36 fəlsəfə doktoru, 4 elmlər doktoru hazırlanıb. Elmdə uğur qazanmaq üçün gənc tədqiqatçılaratövsiyələriniz nələrdir?
– Uzun illərdir ki, gənc elmi kadrların yetişdirilməsi ilə məşğulam. Yetirmələrim arasında Suriya, Əfqanıstan, Vyetnam, Koreya və İran vətəndaşları da vardır. Mən çox sevinirəm ki, yetirmələrimin əksəriyyəti Respublikamızın aparıcı elm və təhsil müəssisələrində uğurla çalışırlar. Onların xeyli hissəsi kimyəvi materialşünaslıq sahəsində ən ciddi məsələləri həll etməyə qadir olan mütəxəssislər kimi yetişmişdir. Son illərdə iki yetirməm Almaniyanın Akademik mübadilə xidmətinin qrantlarını alaraq, bu ölkənin müxtəlif universitetlərində bir il müddətində elmi tədqiqatlar aparmışlar.

Tövsiyyələrə gəldikdə isə mən hesab edirəm ki, uğurlu elmi fəaliyyət ilə məşğul olmaq və ciddi nailiyyətlər qazanmaq üçün, ilk növbədə, istedad və elmə daxili bir bağlılıq olmalıdır. Yüksək zəhmətsevərlik və məqsədyönlü fəaliyyət bu təbii keyfiyyətlərin inkişafı üçün olduqca mühüm şərtlərdir. Gənclərimizə dünya elminin müasir problemləri ilə yaxından tanış olmağı, çoxlu sayda yüksək səviyyəli elmi əsərləri mütaliə etməyi, onların nəticələrini analiz etməyi tövsiyyə edirəm.

Hər bir insanın ömrünün ilk 30-35 ili daha çox informasiya qəbul edib özününküləşdirə bildiyi dövrdür. Sonrakı yaş dövrlərində insanın tamamilə yeni elmi istiqamətə yönəlib ciddi uğur qazanması çox çətindir. Belə uğurlar da, bir qayda olaraq,gənclik illərində əldə edilmiş bilik və bacarıqlara söykənir.

Bizim əsas vəzifəmiz gənc tədqiqatçılarımızı düzgün istiqamətləndirmək, onların müasir dünya elmi səviyyəsinə qalxmaqlarına dəstək olmaqdır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA,

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*