Beyin uğrunda müharibə: “TikTok” bizə nəyi unutdurur?backend

Beyin uğrunda müharibə: “TikTok” bizə nəyi unutdurur?

Bəşər tarixi boyunca insanlar torpaq, sərvət, neft, su uğrunda mübarizə aparıblar. XXI əsrdə isə ən böyük savaş görünməyən bir cəbhədə gedir – insan beyni uğrunda. Bu gün milyonlarla insanın diqqəti dünyanın ən bahalı sərvətinə çevrilib. Çünki diqqətini idarə edən, düşüncəni də idarə edir.

KONKRET.az xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcidin sosial şəbəkədə paylaşdığı kiçik bir müşahidə əslində böyük bir ictimai problemin təsviridir. Bir vaxtlar hər ay üç kitab oxuyan 85 yaşlı ananın “TikTok”dan sonra üç aya cəmi bir kitab oxuması təkcə bir ailənin hekayəsi deyil. Bu, müasir cəmiyyətin üzləşdiyi səssiz epidemiyanın əlamətidir.

Məsələ “TikTok”un özü deyil. Problem insan beyninin sürətli, asan və ani həzz verən məzmunlara alışdırılmasıdır. Kitab insanı düşünməyə məcbur edir. Qəzet hadisələri təhlil etməyi öyrədir. Elmi məqalə suallar yaradır. Sosial şəbəkələrin qısa videoları isə əksər hallarda düşünmək deyil, sadəcə baxmaq vərdişi formalaşdırır. İnsan düşünən varlıqdan izləyən varlığa çevrilir.

Ən təhlükəlisi isə odur ki, bu dəyişiklik hiss olunmadan baş verir. İnsan vaxt itirdiyini anlamır. Bir neçə dəqiqəlik baxış saatlara çevrilir. Günün sonunda isə nə yeni bilik qazanılıb, nə də yadda qalan ciddi fikir əldə olunub. Beyin fasiləsiz informasiya qəbul etsə də, əslində intellekt qidalanmır.

Alqoritmlər bizim maraqlarımızı öyrənmir, onları formalaşdırır. Nəyə baxırıqsa, onun daha çoxunu qarşımıza çıxarır. Bir müddət sonra insan artıq seçim etdiyini düşünür. Əslində isə seçimi alqoritm edib. Oxuyacağı kitabı yox, izləyəcəyi videonu alqoritm müəyyənləşdirir. Bu isə seçim azadlığının görünməyən şəkildə məhdudlaşdırılmasıdır.

Təsadüfi deyil ki, bir çox psixoloq və neyroalim qısa videoların diqqət müddətini azaltdığını, uzun mətnləri oxumaq qabiliyyətini zəiflətdiyini bildirirlər. İnsan artıq beş yüz səhifəlik romanı oxumaqda çətinlik çəkir, amma beş yüz videoya baxa bilir. Bu paradoks deyilmi?

Ən acınacaqlısı odur ki, bu proses yalnız gəncləri deyil, yaşlı nəsli də əhatə edir. Bir vaxtlar nəvələrinə nağıl danışan nənələr, qəzet oxuyan babalar indi saatlarla telefon ekranına baxırlar. Eyni evdə yaşayan insanlar bir-biri ilə deyil, alqoritmlərlə ünsiyyət qururlar.

Əlbəttə, texnologiyanı düşmən elan etmək doğru olmaz. Sosial media düzgün istifadə olunduqda maarifləndirə, öyrədə və fayda verə bilər. Problem texnologiyada deyil, onun bizi idarə etməsindədir. Alət sahibi olmaq başqa, alətin əsirinə çevrilmək isə tamamilə başqa məsələdir.

Bu gün kitab oxumaq təkcə bilik əldə etmək deyil, həm də diqqətimizi qorumaqdır. Qəzet oxumaq təkcə xəbər almaq deyil, manipulyasiyaya qarşı immunitet yaratmaqdır. Mütaliə isə artıq hobbi yox, düşünmə qabiliyyətimizi qoruyan bir müdafiə mexanizminə çevrilib.

Rəşad Məcidin qaldırdığı sual buna görə çox vacibdir: bu axına təslim olacağıq, yoxsa müqavimət göstərəcəyik?

Müqavimət isə böyük layihələrdən başlamır. Hər gün yarım saat kitab oxumaqdan, ailə süfrəsində telefonları kənara qoymaqdan, uşaqlara ekran deyil, kitab hədiyyə etməkdən, məktəblərdə mütaliə mədəniyyətini gücləndirməkdən başlayır. Cəmiyyət düşünən insanlarını itirərsə, gələcəyini də itirər.

Unutmayaq ki, kitab insanın zehnini dərinləşdirir, qısa video isə çox vaxt diqqətini parçalayır. Kitab bizə sual verməyi öyrədir, bayağı məzmun isə hazır cavablar təqdim edir. Oxuyan insanı aldatmaq çətindir, düşünməyən insanı isə yönləndirmək asandır.

Ən böyük təhlükə telefonun cibimizdə olması deyil. Ən böyük təhlükə onun yavaş-yavaş beynimizin yerini tutmağa başlamasıdır. Əgər bu gün diqqətimizi qoruya bilməsək, sabah düşünmək qabiliyyətimizi də itirə bilərik. O zaman isə itirdiyimiz təkcə kitab oxumaq vərdişi olmayacaq – azad düşünmək bacarığımız da əlimizdən çıxacaq.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*