Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı qeyri-müəyyən mövqeyi yaxın aylarda yeni mərhələyə keçə bilər. Noyabrda Moskvada keçiriləcək təşkilatın Təhlükəsizlik Şurasının iclasında İrəvanın səsvermə hüququnun dayandırılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev məlumat verib.
Onun sözlərinə görə, Ermənistan iki ildən artıqdır təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqi gündəmə gələ bilər. Həmin maddəyə əsasən, üzvlük haqlarını uzun müddət ödəməyən dövlətin təşkilatın rəhbər strukturlarında səsvermə və kvota üzrə nümayəndə irəli sürmək hüququ məhdudlaşdırıla bilər.
Vasilyev bildirib ki, faktiki olaraq bu vəziyyət artıq mövcuddur. Belə ki, Ermənistan iki ildən çoxdur KTMT Katibliyinə kvota üzrə nümayəndə təqdim etmir, Birləşmiş Qərargahdakı təmsilçilərini geri çağırıb və təşkilata üzvlük haqları ödəmir.
Bununla yanaşı, Ermənistan hakimiyyəti indiki kursunu dəyişmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir. Baş nazir Nikol Paşinyan daha əvvəl ölkəsinin zərurət yaranacağı halda KTMT-ni tərk edə biləcəyini bildirib. Onun rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının proqramında da təşkilatdakı fəaliyyətin bərpası nəzərdə tutulmur.
Ermənistanın KTMT-dən uzaqlaşması təkcə təşkilat daxilində yaranmış fikir ayrılıqları ilə deyil, həm də ölkənin Avropa İttifaqına inteqrasiya kursu ilə əlaqələndirilir. 2024-cü ildə Ermənistan KTMT-də iştirakını “dondurduğunu” elan edib, daha sonra isə Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində addımlar atıb. Bu çərçivədə İrəvana Avropa Sülh Fondu vasitəsilə maliyyə dəstəyi ayrılıb və Ermənistan növbəti yardım paketinin verilməsi üçün də müraciət edib.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq da İrəvanın seçimlərinə ciddi təsir göstərir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda təhlükəsizlik arxitekturası getdikcə hərbi qarşıdurmadan daha çox iqtisadi inteqrasiya, nəqliyyat əlaqələri və diplomatik dialoq üzərində qurulur.
Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanat imzalaması, xarici işlər nazirlərinin isə sülh sazişini paraflaması yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, regionda sülh artıq reallığa çevrilib və bunun praktiki nəticələri hiss olunur. Onun sözlərinə görə, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırıb, həmçinin Ermənistana benzin və dizel yanacağı tədarükünə başlayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, ötən il ərzində Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə təxminən 60 min ton yük daşınıb, həmçinin Ermənistana 20 min tona yaxın neft məhsulu satılıb. Onun sözlərinə görə, gələcəkdə qarşılıqlı ticarətdə məhsul çeşidinin genişlənməsi də istisna edilmir.
Deməli, regionda iqtisadi inteqrasiya və diplomatik əməkdaşlığın güclənməsi fonunda hərbi-siyasi blokların əhəmiyyəti Ermənistan üçün əvvəlki qədər vacib deyil. Bu səbəbdən də KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması İrəvan üçün həlledici amil sayılmaya bilər.
Belə ki, Ermənistanın KTMT-də formal üzvlüyü artıq onun faktiki xarici siyasət kursu ilə ziddiyyət təşkil edir. Avropa İttifaqı ilə əməkdaşlığın və regional inteqrasiya proseslərinin dərinləşməsi fonunda İrəvanın təşkilatdan tam çıxmasının yalnız zaman məsələsinə çevrildiyi qənaəti irəli sürülür.
Natiq Səlim,
KONKRET.az
