“Rusiya məsələsi bizim cəmiyyətin hər zaman gündəmində olsa da, xüsusilə 20 Yanvar öncəsi və sonrası bu mövzu daha çox müzakirə olunur. Bir neçə gündür, siyasilər arasında qızğın müzakirələr gedir. Bu müzakirələri izlədiyimiz vaxtda Rusiya mediasında bir xəbər diqqətimi çəkdi – Çeçenistanda terrorçulara qarşı daha bir əməliyyat keçirilib…”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.
Anar Əsədli son Qarabağ savaşı sırasında Rusiya rəsmilərinin dəfələrlə Azərbaycanın guya Yaxın Şərqdən islamçı terrorçuları gətirdiyini və bunun Rusiyanın Şimali Qafqaz bölgəsinə təhlükə yaratdığını dediklərini xatırladıb: “Ona görə də Rusiya Azərbaycanda lazım gəlsə, əməliyyat keçirmək haqqını özündə saxlayır, filan.
Halbuki son on ildə Azərbaycanda bircə nəfər belə silahlı terrorçu tapılmadığı və tutulmadığı halda, Şimali Qafqazda və Rusiyanın başqa hissələrində dəfələrlə terrorçular tutulub ya da zərərsizləşdirilib. Ən sonuncusu indi də Çeçenistanda keçirilən əməliyyat nəticəsində aşkarlanıb. Sual olunmalıdır ki, kim kimdən ehtiyat etməlidir – Rusiya bizdən, yoxsa biz Rusiyadan?”.
AY Partiya başqanı qeyd edib ki, öz ərazisində əmin-amanlığı təmin edə bilməyən, hər ay bir-iki əməliyyat keçirmək məcburiyyətində qalan bir dövlət yeri gəldi gəlmədi, keçmiş müttəfiq respublikaların daxili işlərinə qarışmaq üçün yaxşı bəhanə uydurub – islamçı terrorçuların yaxın regionlara gətirilməsinə dair uydurma xəbərlər: “Kremlin təlimatlarını yerinə yetirən qondarma ekspertlər də bir ağızdan bunu tirajlayır, Azərbaycan kimi müstəqil dövlətlərin istiqlalına qarşı dil uzadırlar.
Ona görə də Azərbaycanın ekspertləri Rusiyadan gələn təhlükələri görməzlikdən gəlməməli və ciddiyə alaraq daim gündəlikdə saxlamalıdır”.
